Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:07

Alma yeyən skelet quşlar...


Kənd sakini Çingiz Orucəliyev
ALMA ALMAYA BƏNZƏMİRMİŞ

İlin-günün bu vədəsində Qubada, ağac başında ağ alma görə bilməyəcəyimiz yəqin idi. Amma kol dibinə bir zibil kimi atılmış, üstünü qar basmış alma tayları görəcəyimizi də güman eləməzdik.

Alma almaya bənzər deyiblər. Amma Qubanın İqriq kəndinin sakinləri belə düşünmür. Deyirlər ki, alma var, pula gedir, alma var zibilə dönər. Niyəsini sonra xırdaladılar. Kənd sakini Çingiz Orucəliyev danışır ki, torpaq islahatı zamanı alma bağları kənd sakinləri arasında paylanıb. Hər kəs üçün 18 sot alma bağı, 4 sot da torpaq düşüb. Onlar da illərdi-əkib becərirlər. Becərdikləri almanı əvvəllər daha çox Rusiyaya göndəriblər. Amma indi deyirlər ki, qonşu ölkəyə alma aparıb satmaq əvvəlki kimi gəlir gətirmir:

- Alma aparırıq, «Kamaz»ın pulu, yeşiyin pulu, gediş haqqı... məcbur olub əliboş qayıdırsan.

- Mənim iki oğlum Rostova apardı, getdilər, gəldilər, ziyan elədilər. Elə burda satdığımız qiymətə satdıq, getməyin nə mənası.

Vaxtilə aqronom işləmiş Çingiz Orucəliyev deyir ki, mövsüm vaxtı birinci, ikinci sort almanın bir yeşiyini 10-12 manatdan sata bilirlər. Amma heç də becərdikləri bütün məhsula müştəri tapılmır:

- Belədi ki, birinci, ikinci sortu satırıq, zəiflərini də sata bilmirik, atırıq zibilə.

- Aşağı sort almaların şirəsini çıxartmaq olmazmı?

- Niyə olmur ki? Vaxtilə zavod olub, şirəsini, püresini eləyirdilər, təhvil verirdik. İndi də istəyirlər, amma yeşiyi 50 qəpikdən. Fəhlə elə özü yeşiyini 50 qəpiyə yığır. Xeyir eləmir deyə, elə biz də tökürük zibilliyə.

TƏLƏ ÜÇÜN YEM–ALMA

14 yaşlı Nail qaratoyuq tutmaq üçün tələ qurub
Zibil kimi atılmış almanı görmək istədim. Kənd mağazasının qarşısına yığışmış sakinlər dedilər ki, hansı qapını açsam, belə bir alma qalağı görə bilərəm. Yadıma «Alma almaya bənzər» filmində məşhur bir deyim düşür. «Bu elə bir səhralıqdır ki, üfüqdə heç bir keçici bayraq görünmür» Çingiz dayı qabağa düşüb məni yaxınlıqdakı həyətə apardı. Qapıdan girən kimi çəpər dibinə tökülmüş, əriməkdə olan, qara batıb qalmış almaları gözüm aldı. Yeri gəlmişkən, elə Bakı bazarlarında bəzən 3 kilosu 1 manata satılan almalar da elə bu görkəmdə olur. Alma qalağından bir neçə metr aralı kolluğun dibində isə bir oğlan uşağı sanki pusquda dayanmışdı. Onunla alma zibilliyi arasında uzun bir ip də vardı.

Çingiz dayı təəccübümü görüb anladır ki, 14 yaşlı Nail qaratoyuq tutmaq üçün tələ qurub. Quş alma yeməyə gəlir, alma qalağının üstünə yerləşdirilmiş taxtanın ipini çəkəndə isə, quş tələyə düşür. Amma hələ Nail «siftə» eləməmişdi. Deyir, işi olduğundan tələsini gec qurub:

- Gündə üçünü-dördünü tuturam.

- Evin ət ərzağını ödəyirsən də... Bəs satmırsan?

- Yox, satmalı heç nəyi yoxdur axı. Skeletdir.

Onunla söhbətdə ikən qonşu oğlanlar da bizə qoşulur. Sən demə, alma zibilliyi bu kənddə oğlan uşaqları üçün tələ yemi imiş. Çingiz dayı deyir ki, adətən, məhsulun 40-50 faizi beləcə itkiyə gedir. Sakinlər bunun əsas səbəbini keyfiyyətsiz kimyəvi dərmanda görürlər.

«DƏRMANLARIN KEYFİYYƏTİ YOXDUR»


- 15-20 dəfə dərmanlayırsan, amma xeyri olmur. Dərmanların keyfiyyəti yoxdur.

Qubanın aran kəndlərinin əsas məşğuliyyəti meyvəçilik, almaçılıqdır. Amma iqriqlilər deyirlər ki, o biri kəndlərdə də vəziyyət oxşardır. Onu da söyləyirlər ki, alma təsərrüfatçılığı təkcə qulluğa baxmır, bunun quraqlığı, dolusu, yağışı var.

«Bir ağac 10 ilə məhsul verir»
«Ötən il elə də meyvə olmadı» - ömrünü alma bağlarında keçirən Daşdəmir Xəlilov deyir. «Bir ağac 10 ilə məhsul verir». «Məhsul olmayanda, yenə dada mal-qara çatar» düşündüm. Amma Daşdəmir Xəlilov deyir ki, əvvəllər hər kəsin həyətində bir inəyi olardı, indi örüş yerləri yoxdur deyə, onlar da şəhərlilər kimi qatığı-südü dükandan-bazardan alırlar.

KƏNDDƏ ŞƏHƏRLİ KİMİ…

«Axı torpaq sahəniz var, niyə yonca əkmirsiz?»- deyəsən sualım sadəlövh səslənir. Çünki hamı az qala bir ağızdan danışır ki, torpağı əkib-becərmək də vəsait istəyir.

- Əkinin sahəsinin sürülməsi 40 manatdır, 40 manat onun əkilməsi... Sulamasını lap özümüz edək, sonra bunun gübrəsi var, yığılmağı var. Sərf eləmir.

- Televizorda deyirlər ki, «Aqrolizinq» 12 manata çiləyir, bizdə 20 manat. Şumlama hektarın 40 manatadır, televizorda göstərir 12-14 manatadır. Bizdə «Aqrolizinq»in qiymətləri ilə televizorda deyilən qiymətlər üst-üstə düşmür.

«LİSENZİYASIZ DƏRMAN ALMAYIN»

İqriq kənd bələdiyyəsinin sədri Nəcəfqulu Əzizov kəndlilərin kimyəvi dərmanla bağlı şikayətlərindən xəbərdardır. Deyir ki, bu yaxınlarda elə bu məsələ ilə bağlı iclas keçiriblər.

- Bizdə bir vətəndaş, deputatımız Vahid Əhmədova şikayət eləmişdi. O da Baş nazirə kimi yazmışdı, onlar da bura nümayəndə göndərmişdilər. Laboratoriya müdiri də gəlmişdi. Camaatla görüşdülər, dedilər ki, lisenziyasız dərman almayın.

Nəcəfqulu Əzizov aqrolizinq xidmətlərinin qiymətlərində şişirtmə halı olması ilə bağlı deyilənlərlə razılaşmır. Deyir, bəlkə də ötən illər belə hallar ola bilərdi. Amma respublika səviyyəsində başlanan antikorrupsiya tədbirləri bu cür neqativ halların qabağını alacaq.

Bütün bunlarla belə bu kənddə hələ də cavan bağlar salırlar, təsərrüfatı genişləndirirlər. Bilə-bilə ki, məhsuldarlığın faydası az ola bilər, yenə də ümidlərini kəsmirlər. Sonuncu ölən ümiddir. Bunu elə bil iqriqlilər üçün deyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG