Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34
«İNDİYƏCƏN OLANLARA GÖRƏ BİZİ BAĞIŞLA»

Martın 2-də mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 6-cı ili tamam olub. Əvvəlki illərdə olduğu kimi bu dəfə də Azərbaycanda fəaliyyət göstərən KİV, siyasi partiya və QHT təmsilçiləri, eləcə də diplomatik korpusun nümayəndələri Elmar Hüseynovun xatirəsini onun məzarı başında yad ediblər. Çıxışlar ümumən ötən ilkilərdən ciddi fərqlənməsə də fərqli fikir deyənlər də oldu. Bu dəfə jurnalistin qatillərinin cəzalandırılmamasına görə təkcə hakimiyyət yox, həm də müxalifət günahkar sayıldı.

Jurnalist Xaliq Bahadır bu işdə iqtidarla yanaşı müxalifətin də suçlu olduğunu bildirdi.

«Elmarın 2 düşməni var. Biri İlham Əliyev hakimiyyətidir, ikincisi Azərbaycan müxalifəti. Mən də o müxalifətin önündə gedənlərdən biriyəm. Düşünürəm ki, biz ən azı strateji birlik yaratmalıyıq. Millətin canını bu rejimdən qurtarmalıyıq. Azərbaycanı demokratiya yoluna çıxartmalıyıq. Ondan sonra hamılıqla gəlib Elmara deməliyik ki, qisasını alıb gəlmişik. İndiyəcən olanları bizə bağışla».

«ELMARIN ÖMRÜ KƏSİLDİ Kİ»

Elmar Hüseynov 2005-ci ildə axşam evə qayıdarkən yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Ona 7 güllə vurulub. 6 ildir ki, hüquq- mühafizə orqanları bu hadisə ilə bağlı sorğulara demək olar ki, eyni cavabı verirlər: «İş gedir, yenilik olan kimi, əlavə məlumat veriləcək»

Bəzi media, vətəndaş cəmiyyəti institutları və siyasi partiya təmsilçiləri isə məsələyə bu cür yanaşmanı məqbul saymır, mövcud hakimiyyətin qətlin üstünü qəsdən açmadığını iddia edirlər.

AXCP sədri Əli Kərimli:

«Elmarın cavan ömrü yarımçıq kəsildi ki, rejimin ömrü uzadılsın. Düzdü buna müəyyən qədər nail oldular, amma müqabilində ümummilli lənət qazandılar. Elmarı öldürdülər ki, ondan sonra yazarların, siyasətçilərin, ictimai xadimlərin qəlbində senzura yaransın, özlərinə nəzarət etsinlər. Elmar kimi, yazmasınlar, danışmasınlar. Amma şükürlər ki, mümkün olmadı».

ELMARIN ARZULADIĞI DƏYİŞİKLİKLƏR ƏRƏFƏSİNDƏ

Müsavat başqanı İsa Qəmbər isə həm də dünyada gedən prosesləri misal göstərib Azərbaycanın Elmarın arzuladığı dəyişikliklər ərəfəsində olduğunu bildirdi.

Onu da deyim məzar başında ümumi mənzərə təxminən ötənilki idi. Elmarın atası Sabir Hüseynov oğlunun baş daşının da sakitcə dayanmışdı. Qarşı tərəfdə media kapitanları, partiya liderləri, QHT rəhbərləri, hüquq müdafiəçiləri sıralanmışdı. Ortalıqda isə jurnalistlər öz işlərini görürdülər. Diqqəti çəkən əsas məqam isə 2-ci Fəxri Xiyabanın Elmarın məzarı yerləşən hissəsinə toplaşanların ötənilkindən bir qədər çox olması idi. Amma hadisənin mahiyyəti, miqyası ilə müqayisədə bunu da yetərli saymayanlar var.

2 MART BÖHRANI

Media üzrə ekspert Zeynal Məmmədlini təəssüfləndirən də odur ki, Elmarın qətli hələ də sadəcə jurnalistlərin, söz və mətbuat azadlığı hüququnu gerçəkləşdirmək istəyənlərin problemi kimi dərk edilir.

Onun fikrincə, söz və mətbuat azadlığı kimi böyük bir missiyanın gerçəkləşməsi əvəzinə bu məsələnin aktuallığı sadəcə hər il martın 2-də acizanə şəkildə xatırlanırsa, bu artıq böhrandır. Və bu problemi deyinməklə yox birlikdə həll etmək lazımdır.

«Azərbaycanın adi vətəndaşına da çatmalı idi ki, bax bu ölümün ona dəxli var. Bu, onun bilmək haqqına, bu, onun yaşamaq haqqına, bu, onun təbii hüquqlarına edilən qəsddir. Bu məsələ, o cümlədən söz və ifadə azadlığının ruhu cəmiyyətimizə -post- totalitar, post- avtoritar cəmiyyətə aşılanmadıqca biz 6-7-8 il də bu şəkildə yaşaya bilərik. Amma onu anladıqda bax bu durğunluğa son qoyulacaq».

Zeynal Məmmədli hesab edir ki, təkcə Elmar Hüseynovun həmkarları yox, bütövlükdə cəmiyyətin fəal hissəsi-yəni demokratiyanı gətirmək istəyənlər, ləyaqətini qorumaq istəyən hər kəs bunu topluma anlatmağa çalışmalıdır.

XATİRƏ ŞAMLARININ YANMA VAXTI

Hüquq müdafiəçisi Leyla Yunus təklif edir ki, Elmar Hüseynovun son yazıları mətbuatda yenidən dərc olunsun. Belə olsa oxumayanlar da oxuyub təxminən də olsa onun nə səbəbə qətlə yetirildiyini anlayarlar.

Hələlik isə 6 ildir ki, bu ənənəvi toplantıdan az sonra gerçəkləşən yalnız bir təklif olur. O da Elmar qətlə yetirilən an. Hər il martın 2-si axşam saat 8-30-da həmfikirləri bir vaxtlar Elmarın yaşamış olduğu və elə qısa ömrünü də girəcəyində başa vurduğu binanın qarşısında xatirə şamları yandırırlar.

Şərhləri göstər

XS
SM
MD
LG