Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48

Jurnalistlər niyə öldürülür?


Azerbaijan – Journalists and politicians visit the grave of Elmar Huseynov, killed in 2005 in Baku, 02Mar2011

Azerbaijan – Journalists and politicians visit the grave of Elmar Huseynov, killed in 2005 in Baku, 02Mar2011

«Elmar Hüseynovun qətlinin sifarişçilərini onun məqalələrinin sətirləri arasında axtarmaq lazımdır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının Elmar Hüseynovun qətl günündə təşkil etdiyi «Jurnalistlər niyə öldürülür?» mövzusunda açdığı müzakirəyə qoşulan vəkil Namizəd Səfərov səsləndirdi.

GÜLÜNCDÜR...

Verilişin digər qonağı- jurnalist Çingiz Sultansoy Elmarın qətlindən sonra müxtəlif versiyaların ortaya atıldığını söylədi. «Onlardan biri də onun müxalifəti də tənqid etməsiylə bağlı idi. Mən belə versiyanı gülünc hesab edirəm. O, müxalifəti ancaq süstlüyünə və hakimiyyətə gəlməməkdə ittiham edirdi. O hesab edirdi ki, ölkədə mövcud vəziyyətə dəyişikliklər etmək lazımdır. Bu da ancaq hakimiyyətin dəyişməsi ilə baş verə bilər».

TƏNQİD HƏDƏFİ HAKİMİYYƏT İDİ

Çingiz bəyin fikrincə, Elmarın tənqid hədəfi hakimiyyət idi və bu da təbiidir. «Əslində, tənqidi jurnalistikanın hədəfi kim olur? Vəzifəli şəxslər. Çünki qərarlar qəbul edirlər və bu qərarlar xalqın güzəranına təsir edir. O üzdən tənqid hədəfi onlardır. Müxalifətdə isə bu mənada tənqid etməli nə var ki? Odur ki, onun susdurulması yalnız tənqid hədəfi olmuş adamlardan gələ bilər. Hansıdır—bunu istintaq müəyyənləşdirir».

HAKİMİYYƏT İZİ İTİRİR


Namizəd bəy də bu fikirdədir ki, Elmar öz yazılarında tənqid hədəflərini adıyla çağırırdı və ölkədə söz-mətbuat azadlığına qarşı təzyiqlərin kimlər tərəfindən gəldiyini qeyd edirdi: «Odur ki, hakimiyyət izi itirmək üçün başqa istiqamətlərə yönəldir və Elmarın müxalifəti də tənqid etdiyini qabardırdı. Ancaq bütün bunlar doğrudan da, gülüncdür və müxalifətin onun həyatına qəsd etməsi üçün əsas yox idi».

ELMAR AĞILLI, CƏSARƏTLİ, LİDER OLACAQ ŞƏXS İDİ...


Çingiz Sultansoy Elmar Hüseynovu lider xüsusiyyətləri olan, ağıllı, cəsarətli, himmətli, hərəkət etməkdən qorxmayan, ortaya haqq söz qoymaqdan çəkinməyən bir şəxs kimi xarakterizə etdi. «Gözəl təşkilatçı, gözəl insan və yaxşı dost idi. Elmarın toyunda iştirak etmişdim. Aradan iki il sonra kiçik qızımın toyuna hazırlaşırdım. O qədər məşğul olduğuna baxmayaraq, Elmar yanıma gəldi və toyun təşkili ilə bağlı mənə dəyərli məsləhətlər verdi».

ONUN JURNALI ƏL-ƏL GƏZİRDİ

Namizəd bəy Elmarın buraxdığı «Monitor» jurnalının əl-əl gəzdiyini xatırladı: «Nə qədər əziyyət bahasına başa gəlirdi. Hamı onu tapıb oxumağa cəhd edirdi. Şəxsən məndən xahiş edirdilər ki, jurnal səndə varsa, ver oxuyaq. Odur ki, biz bu gün tələb etməliyik ki, onu qətlə yetirənlər tapılsın, qətlin sifarişçiləri məhkəmə qarşısında dursun. Elmarın ruhu qarşısında ən böyük xidmətimiz bu olmalıdır».

CİNAYƏT İŞİ NECƏ APARILIB?


Namizəd Səfərov dinləyicilərin nəzərinə çatdırdı ki, indiyədək Elmar Hüseynovun qətli ilə bağlı bir cinayət işi aparılıb, istintaqı başa çatdırılıb, məhkəməyə verilib. «Həmin cinayət işi üzrə bir nəfər azadlıqdan məhrum edilib. O şəxs guya ki, Elmarın qətlini həyata keçirmiş şəxslərə mobil telefon əldə etməkdə kömək edib. Həmin cinayət işi üzrə iki nəfərin adını cəmiyyətə çatdırırlar—Tahir Xubanov və Teymuraz Əliyev. Amma həmin cinayət işində 4 Gürcüstan vətəndaşının adı keçir. Məni təəccübləndirən odur ki, qətldən keçən 6 il ərzində hüquq-mühafizə orqanları həmin şəxslərin tutularaq məsuliyyətə cəlb olunmalarını, ən azı dindirilmələrini belə təmin etməyib».

MÜSTƏNTİQƏ SUAL:


Namizəd bəy o vaxt bu işi aparan müstəntiqə bir sual ünvanladığını diqqətə çatdırdı. «Dedim ki, o şəxslərin hər şeyləri bəllidir, nə üçün onları Gürcüstan dövlətindən rəsmi qaydada tələb etmirsiniz? Tələb etmək bir yana, onları Marneulidə Azərbaycanlıların kompakt yaşadığı yerdə dindirmək də olar. Bu cinayəti törətmişlərsə, onları bura gətirmək su içimi bir işdir».
Namizəd bəy müstəntiqin ona verdiyi cavabı da səsləndirdi: «O dedi ki, bəyəm biz onları Gürcüstan dövlətindən istəsək, bizə verərlər? Demək, heç istəməyiblər də...».

ONLAR MUZDLU QATİLLƏRDİR


Vəkil bu yaxınlarda jurnalistlərin Bakıda qonaq olan bir Gürcüstan rəsmisinə bununla bağlı sual ünvanladığını da xatırlatdı. «O dedi ki, bizdə həmin şəxslərin istənilməsi ilə əlaqədar məlumat yoxdur».

Namizəd bəy onu da vurğuladı ki, həmin şəxslərin Elmar Hüseynovu öldürmək üçün heç bir səbəbləri yox idi. «Onlar muzdlu qatillərdir. Sifarişi yerinə yetiriblər. Gətirilsələr, sifarişçinin adını deyəcəklər. Azərbaycan dövləti bunda maraqlı deyil. O üzdən də , onları tutub gətirmirlər, cəmiyyəti aldadırlar».

LƏKƏ


Çingiz Sultansoy cinayətin üstünün açılmamasının müəyyən şübhələr doğurduğunu dedi. «Bu, çox böyük ləkədir. Cinayətin üstünü hakimiyyət açmalıdır, müxalifət yox. Vətəndaş cəmiyyəti, jurnalistlər, vəkillər açmamalıdır ki? Səlahiyyət hakimiyyətdədir. Bəs hakimiyyət neyləyib? Tutaq ki, Gürcüstan vermir, buradan xüsusi işlər üzrə müstəntiqi ora ezam etmək nə böyük işdir?».

İNTERPOLDA AXTARIŞ VERİLİB?

Çingiz bəy bu məsələ ilə bağlı İnterpolda axtarış verilib-verilməməsi ilə maraqlandı. Namizəd bəy axtarışın verilmədiyini söylədi: «Fakt odur ki, interneti açmalıyıq və görməliyik ki, onlar axtarışdadır. Axtarışdan sonra Gürcüstan hökuməti qarşısında rəsmi qaydada məsələ qaldırılmalıdır ki, həmin şəxslər bizə verilsin. Baş prokuror deyir ki, bu məsələnin üstü açılıb. Qaranlıq heç nə yoxdur. Əslində isə, hər şey qaranlıqdır”.
Vəkil sual edir: “Həmin şəxslər məlumdursa, nə üçün onları həbs edib məsuliyyətə almırsınız?».

-Tiflisdə Tahir Xubanovun və Teymuraz Əliyevin izinə düşən jurnalistlərdən biri olan Çingiz Sultansoy özünü Teymuraz adlandıran şəxsdən nələr danşdı? Əhvalat necə baş vermişdi?
-Qonaqlarımız Elmar Hüseynovun son mənzilə yola salınmasından nə dedi?
-Bir dinləyicimizin canlı efirə göndərdiyi şeir nəyə həsr olunmuşdu?
-Verilişə gələn SMS-lər necə cavablandı?

«Can Bakı»nı elə bu səhifədən dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG