Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:51

Nərmin Kamal. Qaz sobası...

















Qaz sobası


Elə yerlər, elə nöqtələr var ki evlərimizdə,
toxunmuruq onlara illərlə,
açmırıq o yerləri,
qoymuruq ayaq o nöqtələrə.
məsələn,
bizdə dördgöz qaz sobası var
varmı bundan sizdə?..

bir dəfə
mətbəxi təmizləyəndə
nəyə görə, bilmirəm,
üstünü qaldırıb qoydum kənara
baxdım içinə sobanın,
gördüm qaranlıq,
paslı dəmirlər,
dərinə doğru hörümçək torları
və qara naqilləər…
necə olub bu vaxtacan
olmayıb xəbərim
üstündə sarı yumurtalar,
narıncı köklər, qırmızı ətlər,
ağ göbələklər qızartdığım yerin,
əlimin düz altında belə qorxunc, belə dərin,
belə torlu, naqilli
qaranlıq aləm olmasından!?
indi bu qapağı necə bağlayıb,
necə bərkidim yerinə;
birdən yenə görər gözüm oranı,
birdən o qaranlıq dünyadan,
naqillərin yoğun boyunlarından
demirəm bədheybət,
demirəm yekə çoxayaqlı hörümçək,
axır, nəsə bir şey çıxar yuxarı
mətbəxin qapısını möhkəm bağlayıb qaçmaqdan
küçəyə yüyürməkdən
sobanın o qorxunc içindən
uzaq durmaqdan başqa yolu
varmı,
varmı bunun?!
yox, yoxdusa bizdəki dördgöz qaz sobasından sizdə,
bilmədinizsə nəyi deyirdim, hansı qapağı,
eybi yoxdur,
dostunuzun başını və ürəyini nəzərdə tutun eləysə
qaz sobası sözlərinin yerində.

18 oktyabr, 2010


Kolbasa-çörək

Sərin bir payız günündə
oturduq maşına Tiflisə doğru
oturmazdan əvvəl
iki dilim kolbasa kəsdim
əsl Krasnodar kolbasası,
dörd dilim çörək,
qoydum bunları iç-içə
yolda yeməyə

bir anda
nələr etdi kolbasa-çörəyin qoxusu!
məktəb havası yaydı havaya;
təzə kitabların
təzə rəsm albomlarının
yağlı yazan qələmlərdən düşən mərəkkəb ləkəsinin,
idman zallarının,
tənəffüslərdə yediyimiz kolbasa-çörəklərin qoxusu…
“Bilirsənmi” dedim,
“kolbasa ayrı şeydi, kolbasa-çörək ayrı.”
Dostum
“tez ol, tez ol” – dedi “tələsirik,
bunları danışarıq maşında…”
maşında danışmadıq,
kolbasa-çörək qoxusu yox idi orda
acmadıq və açmadıq paketi
axırda, –
Tiflisə az qalmış
saxladıq sakit bir meşənin yanında
mən kolbasa-çörəyi çıxardım
dostum çay termosunu
yenidən məktəb iyi doldu havaya
yenidən təzə kitabların
təzə rəsm albomlarının
yağlı yazan qələmlərdən düşən mərəkkəb ləkəsinin,
idman zallarının,
tənəffüslərdə yediyimiz kolbasa-çörəklərin qoxusu…
meşə məktəb oldu,
ağaclar kağız oldu emal etmədən…
mən “doğrudan da
kolbasa-çörək ayrı şeydi, kolbasa ayrı, bilirsənmi,” – deyəndə
dostum “bilirəm, bilirəm” – dedi,
“tez yeyib gedək, ayılar gəlmədən.”
Necə də unutmuşam
yalnız Tiflisdə yadıma düşdü;
o İranda böyümüşdü,
oxumuşdu müsəlman məktəbində,
dərs boyu çantanı açıb hər qələm,
hər xətkeş çıxardığında
yayılmamışdı sinif otağına kolbasa-çörək qoxusu
bu ətri gizləməkçün
tez bağlamamışdı çantasını
sevinməmişdi zəng vurulanda
yeməkçün kolbasa-çörək böyük tənəffüslərdə…
indi mənə “bilirəm, bilirəm” desə də.

18 oktyabr, 2010

www.adyazar.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG