Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:36

Bakıda skeytbordinq- idman ya əyləncə növü


Bakıda skeyterlərin günü qovhaqovla keçir. Fərqli geyim tərziylə ətrafın diqqətini özlərinə cəlb edən bu təkərli taxta (skateboard) sürənlərin qənimi polis və park mühafizəçiləridir:

«Başqa yer tapmamısız? Gedin bulvarda sürün. Bulvara gedirsən, ordan da başqa yerə qovurlar. Elə olub ki, polis bölmələrinə düşmüşük».

«Baksovetdə sürürdüm. Bölməyə apardılar. Bir neçə saat saxladılar, buraxdılar. İzahat yazdırdılar, orda yazmışdılar ki, mən vətəndaşları narahat edirəm, ictimai asayişi pozuram».

SUB-MƏDƏNİYYƏTDƏN İDMAN NÖVÜNƏ

Skeytbordinq müxtəlif manevrlərlə təkərli taxta sürməkdir. Bu, əvvəllər sub-mədəniyyət hesab edilirdi, indi isə idmanın bir növü.

Dünyada skeytborderlərin sayı 20 milyondan çoxdur. Azərbaycanda isə bu sahəyə ciddi baxmırlar. Bunu söhbətləşdiyim skeytborderlər- Denis, Keşa və Funi deyir. Bu, onların bir-birini çağırdıqları adlardır. Denis 9, digər ikisi isə 6 ildir skeyt sürürlər.

-Əvvəllər sadəcə sürürdük, bilmirdik ki, bu professional işdir. Zaman keçdikcə gördük ki, bu işin peşəkarları var. Amerikada, Avropada.
-Skeytlərimi gizlədirdim əvvəllər. Atam küçədə məni skeytlə tutdu bir dəfə. Evə qədər qovdu məni. Amma xeyri yoxdur, yenə də sürürdüm. Sadəcə mənim buna ciddi münasibətim var. Özüm üçün sürürəm, xoşuma gəlir bu.
-Başlayanda çətin idi. Nə ayaqqabımız yox idi, nə də normal lövhəmiz. Zamanla həll olunur bu. Parkımız da yoxdur, adi yerlərdə sürməli oluruq.

BAKIDA SKEYT-PARK NİYƏ YOXDUR?


Bakı skeytborderlərinin yaralı yeri skeyt-parkın olmamağıdır. 17 yaşlı Funi deyir ki, skeytbordinqə «pul gətirən» sahə kimi baxmırlar, ona görə də bu sahə digər idman növlərinin kölgəsində qalıb:

«Hansısa parklarda sürürük. Ya bizi qovurlar. Ya da o yerə giriş bahadır, sürmək üçün pul vermək lazımdır və s. Yayda bir park var idi. Onu da bağladırlar. Buna ciddi yanaşmırlar axı. Baxırdılar ki, bundan gəlir yoxdur, ona görə bağladılar».

«Sadəcə buna idman kimi yanaşmırlar, elə bilirlər ki, ancaq əyləncədir».

23 yaşlı Denisin dediyinə görə, skeytbordinqdə hər şey meydanından başlayır: burda məşq edirsən, təcrübəli olursan və yarışmalara qoşulursan. Azərbaycanlı skeytborderlər hələ ki bundan məhrumdur:

15 MİN DOLLAR- DÜNYA YARIŞMASINA GEDƏN YOL

«Əgər sənə təkcə küçədə skeyt sürən şəxs kimi baxmırlarsa, meydanda sürürsənsə, ciddiyə alırlar. X-Games adlı dünya yarışması var. Adətən Avropada keçirilir. Biz orda iştirak edə bilmirik».

Keşa:


«Sponsorluq edənimiz yoxdur. Bu sahədə inkişaf etmək üçün bizə kömək edən sponsor lazımdır. Lövhələr almağa pulumuz çatmır, sürəndə tez-tez ayaqqabılarımız cırılır».

Funi:

«Amma biz bununla barışmışıq. Əsas odur ki, bizim səfərimizi maliyyələşdirsinlər. Öz cibimizdən bunu verə bilmirik. Moskvaya öz hesabına yarışa gedən uşaqlar danışırdılar ki, elə oldu ki, gecəni küçədə yatmalı oldular, çünki qalmağa yerləri yox idi».

Denisin hesablamalarına görə, bütün avadanlıqları ilə birlikdə skeyt-park açmağa 15 min dollar civarında maliyyə lazımdır. O deyir ki, buranı «həm ziyarət, həm də ticarət» məkanına çevirməklə skeytbordinqin inkişafına nail olmaq olar.

Avropada ən böyük skeyt parkı Rusiyadadır. Adı da Adrenalin. Çində isə skeyterlər üçün dünyanın ən böyük meydanı var. Sahəsi də 1 hektar.
XS
SM
MD
LG