Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:06

«Elmarın qətlinin üstü açılan olsa, altı ilə açılardı»


Artıq beş ildir Milli Təhlükəsizlik Nazirliyi ilə aramızda bu dialoq az qala olduğu kimi təkrarlanır.

«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətliylə bağlı yenilik varmı?» soruşuruq.

Hər dəfə də MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Bababyevdən eyni cavabı alırıq:
«Elmar Hüseynovun qətlinin üstünün açılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

Arif Babayev bu dəfə də eyni cavabı verdi. Bir daha təkrar etdi ki, «qətli törətməkdə ittiham olunan Gürcüstan vətəndaşları Tahir Xubanovla Teymuraz Əliyevin Azərbaycana verilməsi üçün dəfələrlə Gürcüstana müraciət olunub. Amma Gürcüstan bundan imtina edib. İstintaq qrupusa nə lazımdırsa edir».

- Sizə iradlar var ki, artıq 5 ildir eyni sözü deyirsiz. Bu günlərdə qətllə bağlı yeni məlumat ola bilərmi?
- Mən bunu şərh etməliyəm? İntensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

«XEYRİ VAR DANIŞMAĞIN?»

Mərhum jurnalistin bacısı Esmira Hüseynova isə deyir ki, çoxdandı ki, istintaqla maraqlanmırlar:
- Mən vallah bu barədə danışmaq istəməzdim. Bu hökumətin işidir. Özləri bilərlər. Hələ ki, heç bir açıqlama vermirlər. Biz nə bilək.
- Bəs ailənizdən kimsə istintaqın gedişiylə maraqlanırmı? Atanız müraciət edirmi, özü MTN-ə gedirmi?
- Yox, o elə qəbiristanlığa gedir. Hər cümə axşamı. Vəssalam.
- Qardaşınız və ya siz?
- Xeyri nədir? Açılan olsa, altı ilə açılardı da.
- Əlinizi üzmüsüz?
- Bəli.
- Niyə?
- Siz başqa cür fikirləşirsiz?... (Qısa pauza) Bizə heç bir məlumat verilmir. Nə zəng edirlər, nə xəbər verirlər. Getməyin nə mənası...

Esmira Hüseynova atası ilə danışmağımızı istəmir. Deyir ki, qardaşının ölümü onu sındırıb. 80 yaşlı qocanın ürəyi daha tab gətirmir.

«İLK ANDAN QƏTLİN ÜSTÜNÜN AÇILACAĞINA ŞÜBHƏ VARDI»

«Mediaforum» saytının redaktoru, Elmar Hüseynovla bağlı silsilə yazılar müəllifi Azər Qaraçənli deyir ki, az qala ilk andan qətlin üstünün açılacağına şübhə vardı.

«Elmar Hüseynov öldürüldüyü gündən onun qətlinin üstünün açılacağına şübhə, ümumiyyətlə hüquq-mühafizə orqanlarına etimadsızlıq hiss olunurdu. Bunu Elmarın meyiti hələ evindən götürülməmiş müşahidə etmişdim. Elmarın həyat yoldaşı hadisə yerinə daha çox şahidin toplanmasını istəyirdi. Onun həyat yoldaşı meyiti hətta ekspertizaya verməyə tərəddüd edirdi. Bunun kökündə rəsmi qurumlara vətəndaşın etimadsızlığı dururdu».

«NİYƏ DÖVLƏT ELMARA HEYKƏL QOYMUR»


Azər Qaraçənlinin sözlərinə görə, məsələ tək onda deyil ki, altı ildir qətlin üstü açılmır.
«Məsələn, Elmarın xatirəsinin anılmasını götürək. Niyə rəsmi qurumlar, dövlət adamları Elmarın anım tədbirlərində iştirak etmirlər? Nədir onları Elmarla bağlı tədbirlərdə iştirakdan çəkindirən? Niyə Elmara abidə qoyulması ilə bağlı müraciətə cavab verilmir? Niyə Elmara Bakıda büst, xatirə lövhəsi qoyulması üçün dövlətin özü təşəbbüs göstərmir? Bu kompleks məsələlər, Azərbaycanın rəsmi qurumlarının fəaliyyətsizliyi istintaq orqanına etimadsızlıq yaradır».

«ELMARA NƏYƏ GÖRƏ HEYKƏL QOYULMALIDIR?»

Deputat, rəsmi «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov əmindir ki, Elmar Hüseynovun qətlinin üstü açılacaq. «Mümkün deyil, açılmaya bilməz» deyir. O ki qaldı, jurnalistə rəsmi qurumların etinasızlığı haqda deyilənlərə:

«Elmara Allah rəhmət eləsin. Adi jurnalistlərdən biri olub. Bizim Milli Qəhrəman adı almış çoxsaylı jurnalistlərimiz var: Çingiz Mustafayev, Kazımağa Kərimov, Salatın Əsgərova, Alı Mustafayev. Zaman-zaman onların qəbri də ziyarət olunur. Elmara heykəl nəyə görə qoyulmalıdır? Elmar neyləyib, Azərbaycan xalqı qarşısında hansı xidmətləri göstərib? Yazını hamı yazır. Söhbət tənqidi yazıdan gedirsə, «Azadlıq»da, «Yeni Müsavat»da ondan da kəskin yazanlar var. İndi onlar öləndə heykəlmi qoyulmalıdır? Elmarı şişirtmək, ondan fövqəladə, qəhrəman jurnalist eləmək, mif düzəltmək düz deyil».

Elmar Hüseynov 2005-ci ildə yaşadığı mənzilin qapısında odlu silahla öldürülüb.
Prezident qətlin üstünün aşılması ilə bağlı göstəriş verib.

İstintaq qətli Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovun törətdiklərini bildirib. Gürcüstan tərəfsə onları Azərbaycana təhvil verməkdən imtina edib, səbəb kimi də yetərincə dəlilin olmamasını göstərib.

Onun ölümündən sonra həyat yoldaşı Ruşaniyə Hüseynova və oğlu xaricdə sığınacaq alıb. AzadlıqRadiosunun Rüşaniyə Hüseynovadan müsahibə götürmək cəhtləri baş tutmayıb.
XS
SM
MD
LG