Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38
«Ombudsman Aparatı işgəncə və qeyri-insani rəftarla bağlı 2010-cu ildə DİN-ə 34 müraciət göndərib. Həmin faktlar Nazirlikdə aparılmış xidməti təhqiqatla təsdiqlənməyib».

Azərbaycan İnsan Hüquqları müvəkkili-ombudsmanın 2010-cu il üçün hazırladığı hesabatda belə deyilir.

«MƏNİ DƏ İRANDAKI KİMİ EDAM ETSİNLƏR»

Dəfələrlə hüquqları pozulduğunu və şəxsən Naxçıvan Muxtar Respublikası daxili işlər naziri tərəfindən işgəncəyə məruz qaldığını iddia edən Nadir Məmmədov isə dövləti özünün və ailəsinin hüquqlarını təmin etməməkdə, əlaqədar strukturları isə qeyri insani rəftara qarşı fəaliyyətsizlikdə suçlayır:

«Mənə işgəncə verilməsi ilə bağlı Ombudsmana, DİN-ə, Prezident Aparatına, Heydər Əliyev Fonduna, bir sözlə hər yerə müraciət etmişəm. Naxçıvana getməyə qoymurlar. Ailəm, uşağım qalıb orada. Heç olmasa dövlət təminat versin, gedim onları yığım gətirim Bakıya, burada kirayə ev tutum yaşayım. Hər yerə müraciət etmişəm, hələ heç bir cavab yoxdur ki, ölməliyəm ya qalmalıyam. Vətəndaşın barmağını sıxmaq, qırmaq hansı qanunda yazılıb? Bu işgəncə sarıdan İranı keçdi ki. Onda elə İrandakı kimi məni də burada Azərbaycan xalqının qarşısında edam etsinlər».

Nadir Məmmədov
«MÜRACİƏTLƏR OBYEKTİV ARAŞDIRILIR»


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, nazirliyə hər bir vətəndaş tərəfindən daxil olan müraciətlər ciddi araşdırılır və bunun üçün müəyyən edilmiş vaxt çərçivəsində ona cavab verilir. Həmçinin Nadir Məmmədov da əgər müraciət edibsə, araşdırma aparılıb qanunvericiliyə uyğun şəkildə ona cavab veriləcək. Onun dediyinə görə, ümumiyyətlə DİN-ə daxil olan hər bir müraciət rəhbərlik tərəfindən ciddi nəzarətə götürülür və obyektiv şəkildə araşdırılması təmin edilir:

«Bütün hallarda Ombudsman Aparatından daxil olan işgəncə və qeyri-insani rəftarla bağlı 34 müraciətin hamısında da bu şərtlər gözlənilib. Bunun əksini iddia etmək qeyri- ciddi münasibət olardı».

HESABATDA DAHA NƏLƏR VAR?

Ombudsmanın 2010-cu il hesabatında o da qeyd olunur ki, hesabat dövründə müvəkkilliyin Daxili İşlər Nazirliyinə müraciətlərinə əsasən aparılmış yoxlamalar nəticəsində 14 fakt üzrə polis əməkdaşları tərəfindən qanunvericiliyin pozulması müəyyən edilib.

Nazirin əmri ilə 41 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 2 əməkdaş daxili işlər orqanlarından qovulub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib. İntizam məsuliyyətinə cəlb edilənlərin 7-si rəhbər vəzifəli şəxslər olub.

Həmçinin bildirilir ki, vətəndaşları polisə əsassız gətirdiklərinə, onlara qarşı kobudluğa yol verdiklərinə görə 30 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Onlardan 2 nəfəri daxili işlər orqanlarından xaric olunub, 4-ü tutduğu vəzifədən çıxarılıb, 2-nə xəbərdarlıq edilib, 22 nəfərə töhmət verilib.

AZƏRBAYCANDA KANADA POLİSİ

Mahmud Hacıyev
Keçmiş polis işçisi Mahmud Hacıyev isə deyir ki, bu hesabatda ombudsmanın fəaliyyəti hiss olunmur. Onun fikrincə, hesabatdakı rəqəmlər belə düşünməyə əsas verir ki, sənədin bu hissəsi əslində Ombudsman Aparatında tərtib olunmayıb, sadəcə DİN-dən götürülmüş rəqəmlər üzərində qurulub.

«Ombudsman Aparatı sənədləri-ərizə, müraciət və sairəni göndərir DİN-ə. Belə işlərə orada daxili təhqiqatlar idarəsi baxır. Bu artıq onların həmin o xidməti təhqiqatı obyektiv aparmamasının nəticəsidir. Biz Azərbaycanda yaşayırıq və burada polisin fəaliyyəti göz qabağındadır. Qeyri insani rəftarla bağlı 34 faktın heç biri təsdiq olunmursa, daha bu nə oldu? Belə çıxır ki, bizim polis Kanada polisidir də».

Mahmud Hacıyevə görə, hesabatda xüsusilə işgəncə və qeyri- insani rəftarla bağlı faktların təsdiqini tapmaması, eləcə də əsassız polisə aparmalar və kobudluğa görə cəzalanmanın ciddiliyinə və sayına diqqət yetirmək kifayətdir ki, onun gerçəkliyi əks etdirmədiyi aydınlaşsın. Onun fikrincə, bunlar il boyu KİV-də gedən məlumatların, hətta telekanallarda göstərilən analoji halların çox cüzi hissəsini belə əhatə etməyən rəqəmlərdir.

Ombudsman hesabatının yaxın günlərdə parlamentdə müzakirə olunacağı gözlənilir. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, eləcə də İnsan Hüquqları komitələrinin üzvü olan bəzi deputatlar hələlik layihə ilə tanış olmadıqları üçün məsələyə münasibət bildirməkdən çəkindilər.

Ombudsman Aparatından da əlavə şərh almaq mümkün olmadı.

Şərhləri göstər

XS
SM
MD
LG