Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

ELÇİN. Yaxşılıq etmək istəyən qara qarğanın nağılı


“Nağıllar” silsiləsindən

Qara Qarğa bu dünyada düz 220 il yaşamışdı və bilirdi ki, daha bu dünyadakı ömrünün axırına az qalıb, ona görə də ömründə heç olmasa bir dəfə yaxşılıq etmək istəyirdi, ancaq bilmirdi ki, necə etsin.

lll

Qara Qarğa poliqlot idi, təkcə quşların yox, heyvanların, ağacların da, cürbəcür güllərin, hətta insanların da dilini bilirdi.

Uçub ağacların budağına qonurdu, ağaclara:

– Mən sizə yaxşılıq etmək istəyirəm!- deyirdi.

Ancaq ağaclar rişxəndlə:

– Qara Qarğadan xeyir?- deyib, ona məhəl qoymurdu.

Qara Qarğa fürsət tapdıqca, cürbəcür quşlara deyirdi:

– Mən sizə yaxşılıq etmək istəyirəm!

Ancaq o cürbəcür quşlar da o saat ondan uzaqlaşırdılar: “Qara Qarğadan xeyir gələr?”

Qara Qarğa cürbəcür heyvanlara deyirdi:

– Mən sizə yaxşılıq etmək istəyirəm!

Ancaq heyvanlar onun “Qar!.. Qar!..” ləhcəsi ilə heyvanların dilində danışmağına gülüb, çıxıb gedirdilər.

Qara Qarğa insanlardan qorxurdu və təkcə insanlara deyə bilmirdi ki, mən sizə yaxşılıq etmək istəyirəm.

lll

Bir insan kiçik dibçəkdə bir ev bənövşəsinin toxumunu əkdi və o kiçik dibçəyi yaşadığı ikimərtəbəli binanın açıq eyvanında, pəncərə sürahısının üstünə qoydu.

İnsan hər gün səhər tezdən o kiçik dibçəyə su tökürdü.

Və o toxum cücərdi, Ev Bənövşəsi boy atmağa başladı və hər gün boy atıb böyüdükcə, yavaş-yavaş ləçəkləri açıldıqca, başını qaldırıb, heyrət içində dünyanın o eyvandan görünən mənzərəsinə baxırdı, hər dəfə də o mənzərədə təzə-təzə rənglər, təzə-təzə görüntülər kəşf edirdi.

İkimərtəbəli binanın eyvanından görünən mənzərə günün müxtəlif vaxtlarında müxtəlif cür olurdu – günəş yerini dəyişdikcə, o mənzərənin rəngləri də dəyişirdi və elə ki, axşam düşürdü, Ev Bənövşəsi yuxuya getməzdən əvvəl xəyalında sabah sübh tezdənin sevincini yaşayırdı: yeni nə görəcək? təzə hansı rənglər olacaq?

lll

Ev Bənövşəsinin ömrü ancaq bir yay fəsli olurdu, buna görə də xəzan mənzərəsindən, çılpaq ağaclardan, qarlı mənzərələrdən xəbəri yox idi, ancaq təkcə elə bir yay mənzərəsinin rəngləri, görüntüləri bəs idi ki, Ev Bənövşəsinin yaşıl və incə saplağını sevinclə doldursun.

Ev Bənövşəsi o eyvandakı sürahının üstündə təkcə çiçək idi, yaxınlıqda başqa heç bir gül yox idi ki, onunla danışsın, dostluq etsin və Ev Bənövşəsinin bu dünyada yeganə dostu eyvandan görünən o mənzərə idi.

lll

Günlər beləcə keçirdi və bir səhər Ev Bənövşəsi yenə eyvandan görünən o gözəl mənzərəyə baxanda, birdən-birə fikirləşdi ki, görəsən yalnız bu eyvandan görünən mənzərə belədir, yoxsa başqa tərəflərdən görünən mənzərələr də belə gözəldir? bəlkə o mənzərələr başqa cürdür? bəlkə o mənzərələr bundan da gözəldir? bəlkə başqa mənzərərlərdə elə şeylər var ki, Ev Bənövşəsi bütün uzun ömrü boyu – yayın sonuna kimi onlardan heç xəbəri də olmayacaq?

Beləcə, Ev Bənövşəsinin incə, yaşıl saplağında bir istək yarandı; istək yarandı ki, təkcə bu eyvandan yox, hər tərəfdən dünyanın mənzərəsinə baxsın. Ancaq bu necə ola bilərdi? Bu, mümkün deyildi...

lll

Bir gün səhər Qara Qarğa uça-uça gəlib, kiçik dibçəyin yanında sürahıya qondu və Ev Bənövşəsi qorxdu, çünki o ancaq uçub ağaclara qonan sərçələri, qaranquşları, qaratoyuqları görmüşdü, birinci dəfə idi ki, belə böyük və eybəcər bir quş beləcə onun yanına qonmuşdu, amma birdən bu böyük quş Ev Bənövşəsinin doğma dilində:

– Mən sənə yaxşılıq etmək istəyirəm.- dedi.

Ev Bənövşəsi sevindi və:

– Doğrudan?- soruşdu.

Qara Qarğanın ürəyində bir ümid yarandı və bu ümiddə həm sevinc var idi (çünki birinci dəfə idi ki, onun yaxşılıq etmək istəyi ilə maraqlanırdılar), həm də nigarançılıq (çünki qorxurdu ki, birdən yenə onu ələ salarlar).

Və Qara Qarğa dediyi sözə sidq-ürəkdən gələn bir sadiqliklə:

– Əlbəttə!- dedi.- Əlbəttə, doğrudan!

Ev Bənövşəsi eləcə sevincək:

– Sən məni qaldırıb, bu evin damına qoya bilərsən?- soruşdu və onun da incə, yaşıl saplağına bir nigarançılıq yayıldı, çünki birdən Qara Qarğa bunu bacarmazdı...

lll

Qara Qarğa dünyanın hər üzünü görmüşdü, ona görə də heç nəyə təəccüblənmirdi, amma Ev Bənövşəsinin bu sözlərinə əvvəlcə təəccübləndi, sonra isə ağıllı olduğu üçün, hər şeyi başa düşdü: Ev Bənövşəsi bu sürahının üstündə darıxırdı.

Qara Qarğa iki ayağı üstə hoppana-hoppana kiçik dibçəyin o tərəfinə-bu tərəfinə baxdı, götür-qoy elədi və dedi:

– Yaxşı...

Qara Qarğanın ev bənövşələrinin dilində dediyi bu “yaxşı” kəlməsi həmin məqamda Ev Bənövşəsinin həyatda eşitdiyi ən doğma, ən əziz bir söz idi...

Sonra Qara Qarğa uzun illərdən bəri bərkiyib qartlamış güclü dimdiyi ilə kiçik dibçəyin qırağından yapışdı və ehmallıca qanad çalıb, havaya qalxdı, bir göz qırpımında o kiçik dibçəyi o ikimərtəbəli binanın damına, qırmızı kirəmidin üstünə qoydu.

lll

Bir göz qırpımlıq o uçuş dünyada yəqin ki, heç bir gülün-çiçəyin yox, o Ev bənövşəsinin qismətinə düşdü və Ev Bənövşəsinin heç vaxt xəyalına belə gətirə bilməyəcəyi bu uçuş xoşbəxtliyi dibçəyin içindəki köklərindən tutmuş kiçicik ləçəklərinə qədər onun bütün varlığını vəcdə gətirdi. Ev Bənövşəsi varlığını bürümüş bu vəcdə görə Qara Qarğanı öpmək istədi, ancaq güllər heç vaxt özləri öz istədikilərinə yaxınlaşa bilmədikləri üçün, öpməyi də bacarmırdılar və Ev Bənövşəsi yalnız onu edə bildi ki, incə, yaşıl saplağının var gücü ilə ətrafına çox zərif və gözəl qoxu yaydı.

Həmişə zibillikdə eşələnən Qara Qarğa bu zərif qoxunu hiss etdi və onun ürəyi fərəhlə doldu ki, bu zərif qoxu onun, yəni Qara Qarğanın şərəfinədir.

lll

O uçuşdan sonra Ev Bönövşəsinin qarşısında onu elə o uçuş qədər vəcdə gətirən geniş bir mənzərə açılmışdı və həyatının heç vaxt ağlına gətirə bilməyəcəyi bu gözəl anları az qalırdı Ev Bönövşəsini bihuş etsin: gör, dünyada nə qədər genişlik var idi! gör, dünya nə qədər böyük imiş! dünyada nə qədər rənglər var imiş!

Ev Bənövşəsi eyvandakı sürahıdan dənizin ancaq bir qırağını görürdü, amma indi yavaş-yavaş qalxan günəşin işığında par-par parıldayan gömgöy dəniz uzaqlarda göylə birləşirdi və o uzaq üfüq xətti elə zərif idi ki, elə bil, göylə dəniz bitişik idi, bir-birinin davamı idi.

Bu qırmızı kirəmidli dam da, elə bil, günün altında işıldaya-işıldaya gülürdü və Ev

Bənəvşəsinə elə gəlirdi, elə bil, bu qırmızı kirəmidlər də həmin səhər onunla bilikdə sevinə-sevinə dənizə baxırdı.

lll

Qara Qarğa Ev Bənövşəsinin incə, yaşıl saplağındakı, ləçəklərindəki bu sevinci, bu həyəcanı hiss edirdi və elədiyi yaxşılıq onun içini bütün ömrü boyu heç vaxt duymadığı bir hisslə – fəxarətlə – doldurmuşdu, Qara Qarğa heç vaxt heç nə ilə fəxr etməmişdi, amma indi birdən-birə bu hissin – fəxr etməyin – nə olduğunu başa düşmüşdü.

Qara Qarğa yaxşılığı ilə fəxr edirdi və iki ayağı ilə hoppana-hoppana kiçik dibçəyin o tərəfinə-bu tərəfinə keçirdi.

Sonra Qara Qarğa dimdiyi ilə kiçik dibçəyin qırağından tutub, onu arxa tərəfə çevirdi.

Və bu dəfə Ev Bənövşəsi tamam başqa bir mənzərə gördü – eləcə gözəl, eləcə rəngarəng, eləcə geniş, ancaq burada daha dəniz yox idi, uzaqlarda yamyaşıl dağlar görünürdü və o yamyaşıl dağların başı ağappaq qar idi.

lll

İnsan Ev Bənövşəsini gündə iki dəfə sulayırdı – səhər, axşam və bu səhər də balaca susəpəni doldurub eyvana çıxdı ki, Ev Bənövşəsini sulasın, amma dibçək sürahıda yox idi.

İnsan buna çox təəccüb etdi, eyvanın hər tərəfinə baxdı, həyətə boylandı – niyə? – külək əsməmişdi, qasırğa olamışdı ki, dibçəyi sürahının üstündən qamarlayıb, həyətə atsın... Axşam Ev Bənövşəsi sürahıda idi, indi isə yox idi.

İnsan sövq-təbii ilə həyətə düşüb, eyvanın altını, bütün ətrafı gəzdi və özü də özünə rişxənd elədi ki, buraları niyə gəzirsən? Ev Bənövşəsi həyətə necə düşə bilər? Sonra eləcə özü-özünə rişxənd edə-edə bu dəfə də dama çıxdı və heyrət içində donub qaldı: kiçik dibçək damda, qırmızı kirəmidin üstündə idi.

lll

Ev Bənövşəsinin yanında bir eybəcər və çirkli qarğa iki ayağı üstə o tərəf-bu tərəfə hoppanırdı və o qarğa İnsanı görəndə yerində donaraq, qapqara gözlərini İnsana zillədi. İnsan quş dilində ancaq “kiş” sözünü bilirdi və bu dəfə də əlini yuxarı qaldırıb:

– Kiş!.. Kiş!..- qışqıraraq, o çirkli qarğanı qovdu.

Qara Qarğa qırmızı kirəmidlərin üstündən uçub, o ikimərtəbəli binanın qabağındakı tut ağacına qondu.

lll

Əlbəttə, İnsanın ağlına gələ bilməzdi ki, bu kiçik dibçəyi bura Qara Qarğa qaldırıb və o fikirləşdi ki, yəqin dəcəl uşaqlar bir-biri ilə mərc eləyib, ya necə olubsa – uşaqların işindən kim baş açar? – biri eyvana dırmaşıb, bu dibçəyi də götürüb, gətirib, bura qoyub.

lll

Ev Bənövşəsi İnsanı görəndə sevindi, elə bildi ki, bu gözəl mənzərəyə baxa-baxa sərin su içəcək, amma İnsan hirslə Qara Qarğaya “Kiş!” deyəndə Ev Bənövşəsinin incə, yaşıl saplağıdan bir qorxu hissi keçdi.

Sonra İnsan o kiçik dibçəyi götürüb, eyvana endi, iri bir dibçəyin içini torpaqla doldurdu və Ev Bənövşəsini o kiçik dibçəkdən çıxarıb, iri dibçəkdə basdırdı – indi heç kim bu ağır dibçəyi dama qaldıra bilməyəcəkdi.

Qara Qarğa tut ağacından qara gözlərini zilləyib, ürəyi ağrıya-ağrıya eyvana baxırdı...
İnsan işini görüb qurtardı və eyvandan getdi.

Ev Bənövşəsi balaca, doğma, isti yuvasını – kiçik dibçəyi çox sevirdi, bu böyük, soyuq yuva – yekə dibçək isə tamam yad idi və yəqin ki, Ev Bənövşəsinin ömrünün sonuna qədər də beləcə yad qalacaqdı və Ev Bənövşəsi ləçəklərini sallayıb incə, yaşıl saplağının içində ağladı.

lll

Qara Qarğa uçub, gəlib, yenə də Ev Bənövşəsinin yanında sürahıya qondu.

Ev Bənövşəsi Qara qarğanı görən kimi, içini çəkə-çəkə incik-incik:

– Mən səndən küsmüşəm.- dedi.- Sənə görə yuvamı itirdim...

Bu sözləri eşidəndə birdən-birə Qara Qarğanın ürəyinə sonsuz bir qüssə doldu.

Və Qara Qarğa ürəyindəki o qüssə ilə birlikdə uçub getdi.

4 iyul 2009.
Zuğulba


Mənbə: "525-ci qəzet"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG