Keçid linkləri

Təcili xəbərlər

Həyatın mənası olmalıdırmı?


Elmar Hüseynov
Bir anlığa ekzistensialistlərin, idealistlərin, materialistlərin, subyektivistlərin bununla bağlı dediklərini bircə tərəfə qoyub bir insan haqqında söhbət açacam. Sabah onun qətlinin 6-cı ili tamam olacaq. Bəli, söhbətim jurnalist Elmar Hüseynov haqdadır. Demək olar ki, hər il bu vaxtlar onun haqqında yazıram. Amma bu vaxta qədər onun haqqında, ən azı mənə elə gəlir ki, dəyərli, tutarlı bir söz deməmişəm, daha doğrusu, çalışmışam, amma deyə bilməmişəm. O, özü də təmtəraqlı epitetlərdən qaçardı, bunu nə özünə, nə də başqalarına rəva bilməzdi. Çox, olduqca çox, sadə idi, daim qara gödəkcədə, bir az da nimdaş cins şalvarda olardı. Əksər hallarda gödəkcəsinin yaxası açıq olur və şişman qarnı da (öz aramızda biz həmişə onun köklüyünə gülürdük) bir az da çölə «boylanırdı». Kök adamlar, ümumiyyətlə, sakit və mehriban olurlar. O da belə idi, hətta ara - bir mənə elə gəlirdi ki, onu əsəbiləşdirmək, özündən çıxarmaq tamam mümkün deyil. Doğrusu, onun əsəbiləşdiyini görməmişdim də. Hələ bir az şux xasiyyəti də vardı. Sevimli Aslanına (oğluna) bu adı verməsini də məzəli bir tonda izah edirdi: «qoyun ilində doğulduğuna görə adını Aslan qoydum ki, aslan kimi olsun!»... Adətən redaktorlarda bir təkəbbür olur, amma o tam uzaq idi belə hisslərdən, özünü «redaktor elitası»na aid də etmirdi. Yeməyi və axır vaxtlar içməyi çox sevirdi. Ancaq heç vaxt da sərxoş görməmişdim onu, sanki o, həmişə ayıq olmalı idi və ayıq da olurdu. Kök olduğu üçün bir az ağır və ləng yerişi vardı, sanki yazılarındakı energetika onun özünə sirayət edə bilməmişdi, yazılarında isə bir gərginlik, tarıma çəkilmiş əsəb hiss olunurdu. O, maddi sıxıntı çəkirdi, təbii ki, jurnal ona elə bir gəlir gətirmirdi, xüsusən də nəzərə alanda ki, jurnalın nəşrində ondan asılı olmayan səbəblər üzündən tez – tez fasilələr olurdu. Hətta fasilə olmasaydı belə, bu nəşr ona ciddi xeyir gətirən bir nəşr deyildi. Bəzən yeknəsəqlikdən özü də bezirdi. Bir dəfə görüşüb söhbət edərkən nə etdiyini soruşdum. Dedi ki, tək velosipeddə oturub pedalları fırlatmaqla məşğuldur. Bəli, o, öz işini belə qiymətləndirirdi. Bu, o vaxtlar idi ki, müxalifətin bir hissəsi həbs olunmuşdu, tam siyasi süstlük idi. O, bunu az qala özünə dərd edirdi. Kim onun yerində olsaydı, indi Avropanın yaxşıca yerində yaşayardı, bunun üçün onun bütün imkanları vardı. Amma o, bunu etmədi, bacarmadı, Azərbaycanı tərk etmədi.

Adətən redaktorlarda bir təkəbbür olur, amma o tam uzaq idi belə hisslərdən, özünü «redaktor elitası»na aid də etmirdi
QƏHRƏMAN OLMAQ İSTƏMƏYƏN KƏS

O, hər şeydən az qəhrəman olmaq istəyirdi, bu, heç onun ağlına da gəlmirdi və bu haqda düşünmürdü də. Seçilməyi, ümumiyyətlə, sevmirdi. Kim onun yerində olsaydı, hansı yolla olursa – olsun, özü üçün bir avtomobil tapardı ki, adi jurnalistlərdən seçilsin, «redaktor elitası»na daha çox bənzəsin və bir az onlara yaxınlaşsın. Amma o, belə etmirdi. Siyasətə münasibəti də qəribə idi. Siyasətçilərin ən çox oxuduğu müəlliflərdən olsa da, özünü qətiyyən bu sferaya aid etmir, siyasət adamı saymırdı. Hətta soruşanda ki, siyasətlə heç məşğul olmaq istəyirmi, daş atıb başını tuturdu. Deyirdi ki, məmnuniyyətlə bizneslə məşğul olar. Elə özünün sevimlisinə – « Monitor»a da biznes kimi yanaşmağa cəhd edirdi. Ona görə «cəhd edirdi» yazıram ki, bəli, sözdə belə deyirdi, amma öz işinə qətiyyən biznes kimi yanaşmırdı, hamıdan artıq bir dərəcədə fədakarlıq edirdi. Bəli, o, qəhrəman olmaq istəmirdi. Amma həyat özü onun əvəzinə seçimini etdi – onu qəhrəmana çevirdi...

KİÇİK SÖZARDI

Hökumət adamları ölkədə görülən böyük işlərdən, yaradılmış sabitlikdən və əmin-amanlıqdan dəm vurmağı sevirlər. Amma o, 6 il bundan əvvəl düz evinin kandarındaca qətlə yetirilmişdi. Hələ də onun qatilləri tapılıb cəzaya məhkum edilməyiblər. Nə qədər ki, bu, olmayacaq, deyilənlər bir bəhanə tək qəbul olunacaq. Bir daha qeyd edirəm ki, o, hər şeydən az qəhrəman olmaq istəyirdi. Amma son anda tale onun fikrini öyrənmədi, özü onu qəhrəmana çevirdi. Bəs bizim hökumət adamları niyə bunu unudurlar? Niyə 6 –cı ildir ki, onun qatilləri tapılmır? Niyə? Mən sonda bir həqiqəti yada salmaq istəyir və bununla da sözümü bitirməyə çalışıram: bəli, qəhrəmanlar unudulmadığı kimi onların qətlinə səbəb olan cinayətlər də unudulmur. Hətta üstündən 100 il keçsə belə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG