Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Yeganə Cansail "Sev fahişəni" (Şeirlər)


Yeganə Cansail
Sev fahişəni


Sev, gecələrin qaranlığını
Günəş əvəzi…
Axtar səmalarda ən eybəcər quşları
bayquşu, yarasanı…
qaranquş əvəzi.
Bir gün də oğurla özgə kədərini…
sevib içində əzizlə…
topla insanları başına
danış rəngli yuxularını,
nağıl əvəzi…
bir gün də sev fahişəni,
oxşa saçlarını,
öp əllərindən
Ana əvəzi….

* * *

İnsan

Kədərimin sahilində
Dəlmə-deşik
Dərd qayalarında
Göz yaşlarıma sallayıb ayaqlarımı
Seyr edirdim səni,
Atılmış,
Kimsəsiz
…Balıqçı toru
Qatili olduğun dəniz
Son ümidin
Son pənahın.
Cırılmış sinəndən qopan ahlar
Mənim də ahım…
Tanış mənzərə,
İndi səni qurban edir
Sabah onu.
Sahibin insan-
əzəldən belə…

* * *

Bax elə indi...

Burda analar,
orda güllələr
öpür,
Uşaqların alnını...
Burda oyuncaqlar,
Orda avtomatlar
Gülümsəyir,
Əllərdə...
sus...
....Sus...
Bax elə indi,
Uçuq evlərin arasında...
bir uşaq ölür...

***

Siqaret

Qaranlıqda bir siqaret
alışdırarkən
Üzündəki kədərə
işıq tutmaqdır,
yalnızlıq…
sonra anlamaqdır ki,
çölə üfülədiyin,
qovmağa çalışdığın,
…kədər yox,
elə tüstü imiş…

***

Yalnızlıq asılıb…

Şair, gecələr Bakının əsl üzü imiş
Gündüzlər Bakının maskası…
Yalnızlıq asılıb,
Ağacların budağından,
Bizə xoşbəxtlik diləyən
Dilənçilərin dodağından…
Şüşə arxasından boylanan
Manikenlərin simasında
Qadınını, keçmişini axtaran
Bomjun kədərli baxışlarından…
Gecələr ney çalan,
Gündüzlər təkər qaraldıb
Qəpik qazanan
Qara bir uşağın
Hüzünlü avazından…
Yalnızlıq asılıb, şair…
Gündüzlər gecənin qaranlıq üzüymüş…
Boğulur gözlərimdə Bakı bu gün,
Düşür gözlərimdən Bakı bu gün…

* * *

Buludlardan yer üzünə
Qarmaq atdım...
Toruma yalnızlıq düşdü.

***
İçində Sən olan,
Tanrı bütüm var,
Hər gecə səcdəsindəyəm...

***

Hər şeyi “sən”ləşdirdim
İndi “mən”i axtarıram

* * *

Ürəyimdə payız qalıb,
Silkələ, tökülsün yarpaq xatirələrin…

***

Mənə şeir süzün,
Sərxoş olmaq istəyirəm...

***

Xoruzların səsi,
Əzana
Qələm, misralara.
Qaranlığım, alatorana
Gözlərim, yuxusuzluğa,
Bir az da sənə qarışıb
Yazıram bu şeiri…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG