Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

Azərbaycanda repçilər nədən qazanır?


«A team» rep qrupu
«Anam deyirdi ki, müğənni olub toylara getsəydin daha yaxşı olardı».

Bunu deyən «A team» rep qrupunun üzvü Dakodur (Nurlan Nuriyev). O, əlavə edir ki, Azərbaycanda repdən pul götürmək bəlkə də minimum 10, maksimum 50 ilə mümkün olar:

TİMATİ VƏ YERLİ REPÇİLƏR

«Dövlətimiz repə dəstək vermir. Azərbaycanda rep həvəskarları da öz repçilərimizə dəyər vermir. Timati, 50 Cent və digər əcnəbi repçilər gələndə konsertdə nə etmələrindən və biletin qiymətindən asılı olmayaraq gedirlər. Bizim konsertimizin biletlərinin qiymətini əcnəbilərin biletləri ilə müqayisə etsək, çox aşağı olur. Amma bizim konsertə gələnlərin sayı da az olur. Azərbaycanda rep kommersiya şəklini almayıb. Azərbaycanın dinləyici kütləsi satışa çıxarılacaq albomu internetdən yükləməyi düşünür»

Qrupun digər üzvü Şahruz (Şahruz Həsənli) da fikirləşir ki, Azərbaycanda hələ ki, rep ilə dolanmaq olmaz və bunu müxtəlif səbəblərə bağlayır. Şahruz deyir ki, Azərbaycanda repə maraq yüksək səviyyədə deyil. Azərbaycanlılar övladlarının toyuna repçiləri deyil, hansısa məşhur müğənnini çağırmağı üstün bilirlər:

«2 albomumuz çıxıb. Amma heç birini satış üçün nəzərdə tutmamışıq. Hər ikimiz repə qoyacağımız pulları özümüz qazanırıq. Duet, konsert təkliflərindən də arada gəlir götürürük. Amma repə qoyduğumuz pul götürdüyümüzdən daha çoxdur.»

Dako deyir ki, repçilər əsasən səs rejissorluğu, «beat-making» (ifaçının səsi olmadan musiqi yığmaq), studiya açmaq ilə pul qazanırlar. O, özü də pulu «beat-making»dən qazansa da, Şahruz replə əlaqəsi olmayan bir sahədə çalışdığını deyir.

Uran və Master T
REPƏ QOYULAN VƏ GÖTÜRÜLƏN PUL

Səhnə fəaliyyətinə 2002-ci il ildən başlayan repçi Uran (İbrahim İbrahimov) da repdən gəlirin az olduğunu söyləyir:

«2005-ci ildən «Hörmətli Uran» adlı ilk albomum işıq üzü görüb. Qeyri-rəsmi, ancaq dəqiq informasiyaya görə, bu albomun satış sayı 150 min olsa da, satışı təşkil edən studiya bizə bunun sayının 7500 olduğunu demişdi. 2007-ci ildən Azərbaycanın ilk rep leybeli olan «Da Streetz»in tərkibinə daxil olub, Master T ilə bərabər çalışıram. 2009-cu ildə «Mənasız şeylər» albomunun satışını özümüz təşkil etsək də, ilk albomun satışındakı rekord sayını əldə edə bilmədik. Bir ay bundan qabaq - yanvarın 30-da «Qaralama» adlı albomum çıxdı. «Caspian Clan»ın daxilində bir albomum da olub. 2010-cu il mayın 2-də Türkiyə və Avropanın ən öncül reperlərindən biri olan CEZA ilə birgə konsert verdim. Bu günə kimi üç konsertim olub. Heç bir konsertdən xüsusi maddi gəlir götürməmişik.»

Uran deyir ki, onların repə pul qoymağının məqsədi həm də onu sonradan götürməkdir, ancaq qoyulan vəsait götürülən ilə müqayisədə azdır:

«Öz sənətimizi böyük biznesə çevirərkən nə qədərsə pul qoymaq lazımdır. Qazanc üçün repdən ayrı bir sahədə işləyirəm. Replə özümü dolandıra bilmərəm».

Uranın prodüseri Master T (Turqut Məmmədli) də repçilərin dediklərini təsdiqləyir:

«2005-ci ildən prodüserlik edirəm. Albom sistemi faizlə işləyir. Bu albomlar sponsorlar vasitəsilə çıxıb. Amma albom çıxarılana qədər çox əziyyət tələb edir. Biz pul götürmüşük. Amma söhbət sistemli şəkildə repdən pul götürməkdən gedirsə,
50 Centin (Kertis Cekson) illik gəliri 20 milyondur
Azərbaycanda bu, mümkün deyil. Bəzən disk satışından da pul götürmək çox çətin olur».

REPÇİ MİLYONÇULAR

Qərbdə repçilərin gəliri isə Azərbaycanda olduğundan xeyli fərqlidir.

«Forbes» jurnalının ən dövlətli sənət adamlarının siyahısına nəzər yetirsək, orada kifayət qədər əcnəbi repçilərin adına rast gəlmək olar.

Amerika reperi Jay-Z ( Şon Kori Karter) bu siyahıda ən dövlətli hip-hopçu kimi yer alıb. Onun gəliri son 12 ayda 35 milyon dollar təşkil edir.

50 Centin (Kertis Cekson) illik gəliri 20 milyondur.

«Forbes» jurnalına istinadən, Eminemin 2007-ci ildə illik gəliri 18 milyon, 2009-cu ildə isə 14 milyon olub. Bu gəliri disklərinin, konsert pullarının satışı təşkil edir.

«Forbes» jurnalının 2008-ci il buraxılışında Timatinin illik gəliri 1 milyon dollar göstərilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG