Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:11

«Tarif Şurası və «JEK»lər ləğv olunsun»


Mətbuat icmalı
Mətbuat icmalı
«AĞSU PARTLAYIŞ HƏDDİNDƏDİR». Bu məqalə «Azadlıq» qəzetində çıxıb.

Qəzet yazır ki, məmurlar əhaliyə çatacaq kompensasiyanı mənimsəyib. Taxıl əkininə görə verilməli olan subsidiyalar icra hakimiyyətində yoxa çıxıb:

«Sakinlər deyirlər ki, rayonda heç kim subsidiya ala bilməyib. Rayonun 78 kəndinin ümid yeri əkinçilikdir. Camaat borc-xərc həmin sahələri əkib ki, subsidiya alacaq. Elə ailə var ki, əkin vaxtından borclu qalıb və gözünü həmin kompensasiyalara dikib. İndi də kompensasiyalar mənimsənilib. Rayon sakinlərinin bəzilərinə hətta subsidiyaları almaq üçün kartlar da verilməyib. Bəziləri bu kartları ala bilsələr də, ailələrin bir hissəsi həmin kartları hələ də ala bilmir...».

«TARİF ŞURASI VƏ «JEK»LƏR LƏĞV OLUNSUN» başlıqlı məqalə «Yeni Müsavat» qəzetinin 1 mart sayında dərc olunub.

Ekspertlərin antikorrupsiya tədbirlərinin müzakirəsi ilə bağlı keçirilən tədbirdə hüquqşünas Erkin Qədirli sosial islahatların həm də cəmiyyətdə getməsini vacib sayıb:

«Hətta qanunların dəyişdirilməsi də korrupsiyanın qarşısını az alar. Əsas sistemin dəyişdirilməsidir. Siyasi vəzifələr inzibati vəzifələrdən ayrılmalıdır. Nazirlər və komitə rəhbərləri dəyişsə də, işi icra edən idarə və şöbə rəisləri, mütəxəssislər dəyişməməlidir».

Antikorrupsiya tədbirlərinin iqtisadi mahiyyətinə toxunan iqtisadçı Rövşən Ağayev dünyada Finlandiyanı ən şəffaf ölkə kimi misal göstərib:

«Ancaq bizdə Hesablama Palatası heç vaxt hesabat verməyib. Nə qədər ki, tenderlər, satınalmalar şəffaf aparılmayacaq, korrupsiya davam edəcək. Mənzil istismar idarələrinin hüquqi əsasları yoxdur. Bu kimi kommunal yönümlü qurumlar artıq ləğv edilməli və xidmətləri müstəqil şirkətlərə satılmalıdır».

«Bizim yol» qəzeti «BAKI KİNOTEATRLARSIZ QALIB» başlıqlı məqalə ilə çıxış edib.

Qəzet yazır ki, «Dostluq» kinoteatrı çayxanaya icarəyə verilib, «Savalan» və «Şəfəq» isə fəaliyyətini dayandırıb.

«Azərbaycan» qəzeti www.sumqait.com internet saytının təqdimatı haqqında məqalə dərc edib. Qəzet yazır ki, yeddi bölmədən ibarət olan internet resursunun hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır:

«Bu bölmələrdə əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilib. Eyni zamanda, Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərə, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktlarından bəhs edən materiallara da xüsusi yer ayrılıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG