Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

«TEATRIN RƏQİBİ ÇOXDUR»


Məkan Murtuza Muxtarov 83. Yuğ Dövlət Teatrı. Əvvəllər hamam olub.

Mədəniyyət və Turizm Nazirliyi isə onu təmir edib Yuğ Teatrına verib.

Qapıdan keçirik.

...Teatr qarderobdan başlayır. Stanislavski belə deyirdi. Yuğun qarderobu da reallıqdan uzaq, absurd teatrın görüntülərini xatırladır. Asılqanda beş-altı üst geyimi görünür. Bu paltoların yanında duran birisə noutbookda işləyir. Qarderobçudumu? Aktyor da deyil.

Burda nəyin dekorasiya, nəyin gerçək, nəyin oyun olduğunu anlamaq asan deyil.
Şərq üslubundakı xudmani tikili, iri sütunlar, qırmızı məxmər pərdələr, oyunçuların dinamik, düşüncəli, gülərüz şəkilləri. Gün işığının çətinliklə düşdüyü, yarıqaranlıq teatr.
Yan otaqdan məşq səsi gəlir.
- Hal-hazırda bizdə Vaqif İbrahimoğlunun rejissoru olduğu «Diogen çəlləyi»nin məşqləri gedir.

Həmsöhbətimiz Tərlan Rəsulov – Yuğ Dövlət Teatrının direktoru belə deyir.

- Narazılıq etmək düz deyil. Gerçəkliyi nəzərə almaq lazımdır ki, teatrın rəqibi çoxdur. Kino, video, internet... çox şey. Amma istər-istəməz teatrdakı sehr tamaşaçıları özünə cəlb edib, cəlb edəcək də. Ona görə də teatrın taleyindən şübhəmiz yoxdur. Bircə problem odur ki, əslində ona problem də demək olmaz. Yuğ Teatrının spesifik tamaşaları var. Sözsüz ki, tamaşaçıları da spesifikdir. Bizim tamaşalara müəyyən dərəcədə hazırlıqsız baxmaq bir balaca çətin ola bilər. Amma bu da bizi qorxutmur. Çünki bizim idealda qoyduğumuz məqsəd odur ki, təhsilsiz adam da bizim enerjinni qəbul edə bilsin.

«ONLAR BAŞQA YERDƏ DAHA ÇOX QAZANA BİLƏRLƏR»


Yuğ teatrında daha çox gənc aktyor və aktrisalar gözə dəyir. Tərlan Rəsulov deyir ki, elə tamaşaçılarının yaşı da azalıb. Belə çıxır ki, spesifik teatr olan Yuğun sabahından narahat olmağa əsas yoxdur.
Tərlan Rəsulov teatrın yaradıcı aurasından danışır:
- Yaradıcılıq adamı ruhlandırır. Rejissor məşqlərdə ləzzət alır. Alındı-alınmadı dəxli yoxdur. Tamaşadasa artıq rejissor soyuyur. Ona görə məşqlər, yaradıcılıq prosesi çox mühümdür. Teatrdakı enerji də burdan gəlir. Aktyor teatra olan məhəbbətinə görə burda qalır. Onlar həmin bacarıqla başqa yerdə daha çox qazana bilərlər. Burdasa onları aura, yaradıcılıq prosesi, yaradıcı prosesdən gələn enerji cəlb edir.

«BİZDƏ İNTERAKTİVLİK VAR»

Tərlan Rəsulov deyir ki, onlar Yuğun nəzdində Teatr Studiyası da yaradıblar. Burda uşaq da var, gənc də, peşəkar da, həvəskar da. Bir yerdə «Tıq-tıq xanım»ı səhnələşdiriblər.

Həmişə eksperimentləri, orijinallığı ilə seçilən Yuğ daha bir yeniliyə meydan verir deyəsən.

Bu teatrı fərqləndirən həm də məsuliyyəti, tamaşaçisi və özü qarşısında hesabatlı olmasıdır.
- Bizdə tamaşa dördüncü divar kimi deyil. Interaktivlik var. Aktyorla tamaşaçı arasında məsafə bir-iki metrdən uzaq deyil. Hər bir aktyor tamaşadan sonra başa düşür ki, tamaşaçı ona cavab verirdi ya yox. Yəni aktyor bilir ki, bu gün köklənə bildimi, qəbul olundumu ya yox.

Tamaşa bazar günü olacaq. Bəlkə baxaq? Bütün hallarda baxmağa dəyər.
XS
SM
MD
LG