Keçid linkləri

Təcili xəbərlər

Bahalı neftdən gələn pullar...


Ümumi gəlirlər $20 mlrd-a çata bilər
Ümumi gəlirlər $20 mlrd-a çata bilər
Azərbaycan Dövlət Neft Fondunun 2011-ci il üçün gəlirləri proqnozlaşdırılarkən neftin 1 barelinin illik orta qiyməti $60-dan hesablanıb. Buna görə də «yuxarılar»da planlaşdırılmışdı ki, cari ildə Hasilatın Pay Bölgüsü (PSA) müqavilələri çərçivəsində Fondun gəlirləri 8.349 mlrd manat (cari kursla $10.6 mlrd) olacaq. Təbii ki, bunu hökumətdəkilər də konservativ mövqedən gələn bir proqnoz kimi ortaya qoyublar və onlar da o vaxt (2010-cu ilin payızı) belə güman edirdilər ki, Azərbaycan neftinin orta ixrac qiyməti daha yüksək olacaq.

ÜMİDLƏRİ DOĞRULTMAYAN «DOVŞAN»

Ancaq 2011-ci «dovşan» ili olsa da, (həm milli, həm də beynəlxalq münəccimlər cari ilin çox sakit şəraitdə keçəcəyini, əmin-amanlığın hökm sürəcəyini əminliklə proqnozlaşdırmışdılar), nədənsə çox təlatümlə planetimizə qədəm qoydu. İl başlayar-başlamaz Qərbdə kəskin hava şəraiti, Şərqdə daşqınlarla yadda qaldı. Yanvarın ortası çatmamış isə Məğribdən (Afrikanın qədim adı) qorxunc xəbərlər gəlməyə başladı. Sanki bütün Şimali Afrika və Yaxın Şərq elə bir himə bənd imiş – uzun illər davam edən stabillik pozuldu. Siyasi stabilliyin məcradan çıxması isə neftin dünya bazarlarındakı qiymətinin kəskin bahalaşmasın gətirib çıxartdı. «Brent» tipli neftin yanvardakı orta qiyməti $96.86 oldu 1 barel üçün. Fevralda isə bu göstərici $106-ya çatdı. Aralıq dənizi boyu neft hasil edilən ölkələrdə stabilliyin nə vaxt bərpa ediləcəyi bəlli deyil. Ona görə də neftin qiymətinin hansı həddəcən artması da dumanlıdır (3 iyul 2008-də neft $148-dək bahalaşmış, sonra isə həmin il dekabrın 24-də $39-dək aşağı düşmüşdü). Artıq bir sıra ölkələr hətta $220-ı da «göz altına» alıblar, ancaq kəskin enmələr də söylənilir. İstənilən halda avtoritet beyin mərkəzləri 2011-ci il üçün neftin orta qiymətinin $90 ətrafında mövqe tutacağını proqnoz edirlər. Elə bu qiymətdən çıxış edərək, bunun Azərbaycanın neft gəlirlərinə necə təsir etməsini
Yaxın Şərqdə siyasi stabilliyin məcradan çıxması neftin dünya bazarlarındakı qiymətinin kəskin bahalaşmasın gətirib çıxartdı
aydınlaşdıraq.

NEFT FONDUNUN ƏLAVƏ GƏLİRLƏRİ

2010-cu ilin nəticələrinə görə, Neft Fonduna ümumilikdə $16.3 mlrd vəsait daxil olmuşdu. Onu qeyd edim ki, hələ indiyə qədər Neft Fondunun belə gəliri olmamışdı. Bu zaman Azərbaycan neftinin orta ixrac qiyməti təqribən $79.5 olmuşdu və Azərbaycan PSA müqavilələri çərçivəsində 42.5 mln ton neft ixrac etmişdi.

2011-ci ildə isə neftin qiymətinin artması ilə yanaşı, ixracın da artması proqnozlaşdırılıb. Belə ki, bu il PSA çərçivəsində ümumilikdə 44 mln neftin («Azəri-Çıraq-Günəşli», «Şah-dəniz» kondensatı və daha 3 quru yatağından olan ixracdakı Azərbaycanın mənfəəti nəzərdə tutulur) dünya bazarına çıxarılması nəzərdə tutulub ki, bu da təqribən 325 mln barel edir. Orta ixrac qiyməti ilə bunun dəyəri $29.2 mlrd edir. 2011-də PSA layihəsi üzrə kapital və əməliyyat xərclərini $3.2 mlrd, nəqliyyat xərclərini isə $2.4 mlrd hesablasaq, onda mənfəət neftinin dəyəri $23.5 mlrd təşkil edər. Burada nəzərə alsaq ki, «Azəri-Çıraq-Günəşli» (mənfəət neft gəlirlərinin 95%-i bu layihənin payına düşür) layihəsi çərçivəsində Azərbaycanın gəliri 80%-dir, onda Neft Fondunda akkumulyasiya edilən gəlirlər $19 mlrd civarında olar.

Bir şeyi də nəzərdən qaçırmamalıyıq ki, Neft Fondunun digər gəlirləri (aktivlərin idarə edilməsindən, Bakı-Tbilisi-Ceyhandan gələn dividentlər, tranzit tariflərindən, akrhesabı ödənişlər və «Şah-dəniz» üzrə Türkiyə tərəfinin qiymət fərqinə görə ödənişləri) 2011-ci il üçün təqribən $1 mlrd olmalıdır, demək, onda ümumi gəlirlər $20 mlrd-a çata bilər. Təbii ki, gəlirlər az da ola bilər, ancaq istənilən halda ötən ilki göstəricilərdən aşağı düşəcəyi az ehtimal olunandır. Yəqin buna görə də bu il Neft Fondundan $8.63 mlrd vəsaitin xərclənməsi nəzərdə tutulub (yenə də gələn gəlirin maksimum 50%-i xərclənəcək, əgər dəyişikliklər edilməsə).
XS
SM
MD
LG