Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:32

«Korrupsiya həyat tərzidir, iynə vurmaqla harası sağalacaq?»


Budaq Budaqov
«Bizdə ciddi korrupsiya məsələləri yoxdur».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında akademik Budaq Budaqov belə deyib.

Korrupsiyaya qarşı aparılan mübarizəyə münasibət bildirən akademik deyir ki, korrupsiya Azərbaycanda müəyyən miqdardadır. Mübarizənin nəticəsi isə işləri yerinə yetirənlərin arzusundan çox asılıdır:

«Bizdə ciddi korrupsiya məsələləri yoxdur. Müəyyən mənada var. Onlara qarşı mübarizə aparmaq lazımdır. İş başında olan insanların vicdanından, dövlətçilik qabiliyyətindən, insani keyfiyyətindən asılıdır ki, onları tez aradan qaldırsınlar».

Tarixçi-alim Eldar İsmayılov isə deyir ki, korrupsiya artıq bəlaya çevrilib, bunu inkar etməyə ehtiyac yoxdur. Ancaq alim deyir ki, o, korrupsiya ilə mübarizəni hiss etmir, o, belə kampaniyalara inanmır:

«Mən kampaniyalara inanmıram. Bu mübarizə həyat tərzinə çevrilməlidir. Çevrilsə, onda bunun səmərəsi olar. Kimsə televiziyada çıxıb deyirsə ki, filan həkim, və ya filan müəllim kimdənsə nəsə alıb, bu, yaxşı hal deyil. Mübarizə böyük vəsait əldə edən adamlara qarşı
Eldar İsmayılov
olmalıdır».

Yazıçı Əkrəm Əylisli isə deyir ki, bir məmləkətdə ki, rüşvət, korrupsiya ictimai həyat tərzinə çevrilir, ona qarşı mübarizə aparmaq çox çətin məsələdir. Onun fikrincə, AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ BU, ARTIQ HƏYAT TƏRZİDİR, insanlar artıq bununla nəfəs alır, cəmiyyət bununla yaşayır. Bu ruh ümumən ictimai əxlaqın tərkibinə daxil olub. Əkrəm Əylisli düşünür ki, Azərbaycanda elə bir vəziyyət yaranıb ki, bununla artıq heç bir profilaktik mübarizə mümkün deyil:

«Bununla mübarizə çox kəskin, çox dəhşətli olmalıdır. Rüşvətin yer üzündə ən pis forması yaltaqlanmaq və yarınmaqdır. Yaltaqlanıb, yarınıb vəzifəni alırlar. Əskiklik yolu ilə vəzifəyə gələn adamın o vəzifədə oturanda, əskiklik etməyəcəyinə kim qarantiya verə bilər?.. Siyasi sədaqət prinsipi hər şeyi üstələyəndə, cəmiyyətdə sağlam, sosial, əxlaqi, mənəvi mühit yaratmaq çox çətin olur...».

Əkrəm Əylisli
Yazıçı ondan əvvəl danışan alimlərin fikrinə də irad bildirib:

«Korrupsiya həyat tərzidirsə, iynə vurmaqla bunun harası sağalacaq? Mən bu fikirdəyəm ki, yalnız və yalnız böyük və qüdrətli yürüş olmalıdır buna qarşı».

Əkrəm Əylisli deyir ki, bu son proseslər özümüzü aldatmaqdır. O, son vaxtlar bəzi insanların vəzifədən çıxarılmalarını da effektsiz sayır:

«Bu heç nəyi dəyişmir. O VƏZİFƏDƏN GEDƏNİN YERİNƏ GƏLƏN ONDAN ÇOX YIĞACAQ».

Akademik Budaq Budaqov isə düşünür ki, ilk növbədə insanların maaşları qaldırılmalıdır ki, əhali korrupsiyaya qarşı mübarizədə daha fəal iştirak etsin. O deyir ki, insanlara stimul lazımdır.

Tarixçi-alim Eldar İsmayılov isə hesab edir ki, korrupsiya böyük təhlükədir. Onun fikrincə, korrupsiya inqilaba gətirib çıxaran bir amildir...

XS
SM
MD
LG