Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

«Hökumət bu ildə büdcəyə yenidən baxacaq»


«Azadlıq» qəzetində çıxan «Səfər Əbiyevi devirmək istəyirlər» başlıqlı məqalədə yazılır ki, Toğanadakı 7 hərbçinin ölümü ilə nəticələnən hadisədən sonra hakimiyyətdaxili qruplar müdafiə nazirinə qarşı hərəkətə keçib.

Qəzetin yazdığına görə, «qruplaşmalar bu hadisədən istifadə edərək müdafiə naziri Səfər Əbiyevin öz kadrları ilə əvəzlənməsinə çalışırlar».

«Azadlıq» qəzetində çıxan «Əliyev islahat aparmaq niyyətində deyil» başlıqlı məqalədə isə yazılır: «Azərbaycan hakimiyyəti Məzahir Pənahovu yenidən Mərkəzi Seçki Komissiyasının sədri təyin etməklə bir daha göstərdi ki, hər hansı islahat aparmaq niyyəti yoxdur» .

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Məzahir Pənahovun yenidən MSK-ya sədr təyin edilməsini qarşıdakı seçkilərin saxtalaşdırılmasına hazırlıq kimi dəyərləndirib. Deyib ki, Ilham Əliyevin bu addımı Qərbə və Azərbaycan xalqına meydan oxumaqdır. «Bu addım onu göstərir ki, Azərbaycan hakimiyyətindən islahat gözləntisi əbəsdir. Bu hakimiyyət demokratik islahatlar aparmaq niyyətindən uzaqdır».

«Bizim yol»
qəzeti isə yazır ki, ərəb inqilabları Azərbaycanın neft gəlirlərini artırıb. Hökumət büdcəyə yenidən baxa bilər.

İqtisadçı Nazim Məmmədov qəzetə müsahibəsində deyib ki, fevral ayından bəri qiymətlər çox sürətlə artmağa başlayıb. Təbii ki, hökumət bunu önləməlidir. Ona görə də büdcəyə yenidən baxmaq problem deyil: Amma iqtisadi cəhətdən əsaslandırılmış şəkildə əmək haqlarının artımına getmək lazımdır ki, aztəminatlı ailələrə daha çox fayda vermiş olsun».

Ekspertə görə, gəlirlərin artdığı məqamda sovet dövründə batmış əmanətlərin geri qaytarılması məsələsinə baxılmalıdır.

«Yeni Müsavat» qəzeti də büdcəyə yenidən baxılacağından yazır. «Hökumət bu ildə büdcəyə yenidən baxacaq» başlıqlı məqalədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, büdcəyə əlavə və dəyişikliklər məsələsi artıq siyasi hal alıb.

«Təsəvvür edin ki, 2010-cu ildə ortaaylıq xərcləmə 980,5 milyon manat olduğu halda, dekabrda 3 milyard 345 milyon manat vəsait xərclənib. Bu, orta göstəricidən 3,5 dəfə çoxdur. Bütövlükdə götürəndə büdcənin cəmi xərcləmələrinin 28,5 faizi bir ayın payına düşüb. Bu, büdcə vəsaitlərinin daha çox ilin sonunda xərclənməsi deyil, silinməsi təsəvvürünü yaradır. Təbii ki, həm də səmərəsiz xərclənmənin bir göstəricisidir. İlin ortasında büdcəyə baxmağın bir fəsadı da budur. Bu narahatçılıq korrupsiya ilə mübarizə istiqamətində hökumətin təşəbbüslərinin genişləndiyi bir şəraitdə də qalır. Bu, həm də onu növbəti dəfə sübut edir ki, Azərbaycan hökuməti bir illik büdcəni belə düzgün proqnozlaşdıra bilmir. Üstəlik, bunu siyasi şouya da çevirirlər».

Q.İbadoğlu bildirib ki, bu dəyişiklikdən sonra büdcənin neftdən asılılığı bir az da artacaq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Yeni Müsavat»a müsahibəsində gənclərin fəallığına toxunub. Bildirib ki, bu gün gənclik ayaq üstədir: «Gənclər gəlməyə başlayıblar və bu proses davam edəcək. Və bu, yeni gənclikdir. Onlara bizim kimi Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək xoşbəxtliyi qismət olmayıb; amma onlar başqa bir xoşbəxtliyin sahibidirlər. Onlar müstəqil Azərbaycanda anadan olublar. Anket məlumatlarına baxırsan, ən yaşlısı 1989-cu ildəndir; artıq 1991, 92, 93-cü ildə doğulanlar bu prosesə qatılırlar. Və bunlar müstəqil Azərbaycanda yaşayıblar, müstəmləkə Azərbaycanında yox. Bu gənclik fəallaşmaqdadır».

«Azərbaycan» qəzeti yazır ki, Türkiyənin «Hürriyyət» qəzeti 26 fevral tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müsahibəsini dərc edib.

Qəzet yazır ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə «Xocalıya ədalət» kampaniyası çərçivəsində daha bir layihənin - Azərbaycanın məşhur rep qrupu «Dəyirman»ın və ABŞ Xarici İşlər Nazirliyinin xoşməramlı səfiri Toni Bləkmən ilə birlikdə ifa etdiyi «Xocalıya ədalət» klipinin ərsəyə gəlməsinə Leyla Əliyeva yaxından dəstək verib.

«Hürriyyət»ə müsahibəsində Leyla Əliyeva deyib ki, «Xocalıya» istəyən hər bir kəs insanlığın səsini dinləmiş olar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG