Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Bakı kinoteatrlarında baxılan filmlər


- Hər yeni kinonu görmək istəyirəm. Ona görə də gəlirəm. Həm də birinci izləyim
Böyük ekran... Yüksək səs... Qaranlıq zalda kreslolara yayxanıb diqqətlə film izləyən tamaşaçılar...

Ekrandan düşən işığın kölgəsində 10-15 adam görə bilirəm. «Azərbaycan» kinoteatrının yayım üzrə koordinatoru Faiq Kazımov deyir ki, o biri zallarda da təxminən bu qədər tamaşaçı olar. O, gündüz seanslarına nisbətən az adam gəldiyini, tamaşaçıların çoxunun axşam seanslarına üstünlük verdiyini deyir.

Gözləmə zalında oturan iki gəncə yaxınlaşıram. Hər ikisi ikinci dəfədir ki, kinoya gəlir. Tələbədirlər, komediya janrında olan bir Amerika filmini seçiblər.

- Burda maraqlıdır baxmaq, nəinki evdə.

Lalə deyir ki, kinoya tək gəlmək maraqlı olmur, indi özünə həmkar tapıb deyə, daha kinoya tez-tez gələcək:

«Yanında gərək kimsə olsun ki, xoşuna gələn bir yer olanda, onunla bölüşəsən».

Seansın vaxtı çatdığından onlar sağollaşıb qalxırlar.

HƏR YENİ KİNONU GÖRMƏK AZARTI

O biri stolda oturan iki gəncin isə bilet aldığı filmin başlamasına hələ bir saata qədər vaxt var, onlar həm popkorn yeyə-yeyə söhbət edir, həm də dostlarını gözləyirlər. Onlardan biri, İqtisad Universitetinin tələbəsi olan Cəlal Səfərov deyir ki, «həftə səkkiz mən doqquz» kinodadır. Maraq məni bürüyür ki, Cəlalı kinoya çəkib gətirən nədir belə?

- Hər yeni kinonu görmək istəyirəm. Ona görə də gəlirəm. Həm də birinci izləyim.

«BİLET ÜSTÜNDƏ DAVA»

Kinoteatrın əməkdaşı Faiq Kazımov xatırlayır, yayda rejissor Devid Sleydin «Alatoran» filminin nümayişi zamanı ilk seanslara girmək istəyənlərin sayı o qədər çox olub ki, hətta şüşə qırılıb, işçilərdən birinin əlini yaralayıb.

Faiq Kazımov
- Deməli, bileti tapılmayan film bu olub.

- O dövr daha keçdi. İndi rəqiblər meydana gəlib.

«OSKAR»LI FİLMLƏRƏ MARAQ GÖSTƏRMİRLƏR

Faiq Kazımov deyir ki, rəqabət seansların qiymətinə təsir edib. Qiymətlər 3 manatdan 6 manata kimi dəyişir. Onlar tamaşaçıya maraqlı gələn filmləri nümayiş etdirməyə çalışırlar. Amma heç də gətirdikləri bütün filmlər gəlir gətirmir. Faiq Kazımov xaricdən aldıqları filmlərin qiymətini kommersiya sirri olduğundan açıqlamır, bircə onu deyir, elə də ucuz deyil.

Onlar «Oskar» mükafatlı, o cümlədən bu mükafata namizəd filmlərə bir o qədər də maraq göstərmirlər. Çünki bu filmlərə pul verib almaq, sonra da qoyulan xərci çıxarmaq çətin olur. Hər halda Faiq Kazımov bir neçə ilin təcrübəsinə əsaslanıb belə deyir.

DUBLYAJ PROBLEMİ


Bayaq kinozala girəndə, filmin rus dilində nümayiş etdirildiyini gördüm. Faiq Kazımov da deyir, Azərbaycan dilinə dublyaj üçün onlara külli miqdarda vəsait lazımdır.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov hesab edir ki, filmlər Azərbaycan dilinə dublyaj olunsa, biletlərin qiyməti iki-üç dəfə qalxacaq. Onun fikrincə, dublyaj məsələsi ilə bağlı qərar verilsə, nəticədə artıq o filmlər alınmayacaq:

- Dünya premyerası deyilən bir anlam var, eyni film eyni gündə həm xarici ölkələrdə, həm də Azərbaycanda göstərilir, artıq Azərbaycanda bu var.

Yusif Şeyxov hesab edir ki, yaxın gələcəkdə özəl kinoteatrların sayı çoxalanda, dublyaj problemini vahid mərkəzdən idarə etmək olar.

«ARAZ»DA SAKİTÇİLİKDİR

«Araz» kinoteatrında sakitçilikdir
«Azərbaycan» kinoteatrının yaxınlığında olan «Araz» kinoteatrında isə sakitçilikdir.

«Azərbaycan»ın şıq, müasir, zəngin interyerindən sonra «Araz»ın iki-üç film kadrlarından ibarət köhnəlmiş dekorasiya, qaranlıq dəhliz bütün kasıb görünüşü ilə diqqəti çəkir. Direktor Nəriman Əzimov deyir ki, kinoteatr özəlləşdirilməyə çıxarılıb, yəqin yeni sahibkar kinoteatra əl gəzdirər. O, gündə altı seans olduğunu deyir. Amma tamaşaçı olmayanda seans ləğv edilir. Görünür, bu günün afişasında Azərbaycan filmi «Fəryad», xarici istehsal olan «Dəhşətli xəzinə» və «Dəhşətli yürüş» filmləri tamaşaçı diqqəti çəkməyib. Nəriman Əzimov deyir ki, onlar özləri xaricdən film almırlar, ölkəyə gətirilən filmləri nümayiş etdirirlər. O, rəqabətlə ayaqlaşmağa çalışdıqlarını deyir. Bu kinoteatrda biletin qiyməti 4 manat 80 qəpikdir. Məktəbyaşlı uşaqlar isə 2 manata da filmə baxa bilərlər.

«KİNOTEATR BİZNESİNƏ MARAQ YARANIR»

Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Yusif Şeyxov bildirir ki, dövlət balansında olan kinoteatrlar film seçimində sərbəstdirlər və onların gəliri də kollektivin saxlanmasına sərf olunur. Bilet qiymətini də kinoteatrlar özləri təyin edir.

Yusif Şeyxov deyir ki, son vaxtlar ölkədə kinoteatra bir biznes marağı müşahidə olunur, hətta yeni tikilən ticarət mərkəzlərinin bəzilərində kinozallar nəzərdə tutulur. O, ümid edir ki, Bakıda yaranan bu meyl regionlara da yönələcək.
XS
SM
MD
LG