Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31
Əgər indiyə qədər sahibkarlıq sahələrində yoxlama aparan qurumlar həmin yoxlamaya özləri qərar verirdisə, mayın 1-dən bu mümkün olmayacaq.

Prezidentin fevralın 15-də təsdiqlədiyi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə görə, yoxlama aparmaq istəyən orqan hökmən Ədliyyə Nazirliyində reyestrdən qeydiyyatdan keçməlidir.

Misal üçün, Vergilər Nazirliyi hansısa «A» müəssisəsində yoxlama aparmaq istəyirsə o, vahid məlumat reyestrində qeydiyyatdan keçməlidir. Əks halda qeydiyyatsız aparılan yoxlamalara görə yoxlayıcı orqanların vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

«YOXLAMA YALNIZ SAHİBKARA REYESTRDƏN ÇIXARIŞ VERİLDİYİ HALDA MÜMKÜN OLACAQ»

Ədliyyə Nazirliyinin İdarə rəisi Faiq Qurbanovun sözlərinə görə, əsasnaməyə görə, yoxlayıcı qurumlar hər il noyabrın 1-dək aparacaqları yoxlamaların qrafikini reyestrə təqdim eləməlidirlər. İdarə rəisi bildirir ki, yoxlama yalnız sahibkara reyestrdən çıxarış təqdim edildiyi zaman mümkün olacaq.

«Yalnız bu halda o qurumun yoxlamanı aparmağa ixtiyarı olacaq. Əgər onlar reyestrdən çıxarışı təqdim etməsələr, sahibkarlıq subyekti belə bir yoxlamanın aparılmasına qarşı çıxmaqda tam haqlı olacaq».

Faiq Qurbanov deyir ki, məlumat reyestrinin fəaliyyətə başlamasından sonra səlahiyyəti olmayan qurumların, şəxslərin yoxlama aparmaq ixtiyarı olmayacaq. İdarə rəisinə görə, yoxlama aparan qurum reyestrə yoxlamanın nə ilə nəticələnməsi və ya təxirə salınmasının səbəbləri ilə bağlı da məlumatlar verməlidir. Bundan başqa əgər aparılan yoxlamalardan bir il ötməyibsə, onda yoxlayıcı qurumun təkrar yoxlama aparmaqla bağlı müraciəti reyestrə daxil edilməyəcək.

«Yəni burda həm şəffaflıq yaranır, həm obyektivlik üçün şərait yaradılır ki, burada heç bir kənar müdaxilə olmadan qanun çərçivəsində bu yoxlamalar həyata keçirilsin».

Faiq Qurbanova görə, məlumat reyestrinin yaradılmasından sonra bir il ərzində bir müəssisədə nə qədər qurumun yoxlama aparması da məlum olacaq.

«HƏR ŞEY İNSAN FAKTORUNDAN ASILIDIR»

Sahibkar Ədalət Abbasov isə yeni nəzarət qurumun yaradılmasına o qədər də optimist yanaşmır.

«Yoxlamalara nəzarətlə bağlı yeni bir qurumun yaradılması ola bilər ki, heç nəyi dəyişməsin və ya da ola bilər ki, kiçik yoxlamalar sıradan çıxarılsın. Amma yenə də hər şey insan faktorundan asılıdır. Ola bilər Ədliyyə Nazirliyində yoxlamaları qeydiyyata alan qurumla da dil tapılsın və yenə də həmin qaydada işləsinlər».

Hələki sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı məlumatlar müəssisələrdə olan nəzarət kitabçalarına yazılır.
Yoxlamaya gələn qurum yoxlamanın hansı əsasla aparıldığı, neçə keçirildiyi barədə bütün məlumatları həmin nəzarət kitabında qeyd edir. Əgər yoxlama aparılıbsa və həmin nəzarət kitabçasında bu barədə qeydlər yazılmayıbsa, bu qanunsuz yoxlama hesab edilir.

Vergilər Nazirliyində hesab edirlər ki, yoxlamalarla bağlı məlumatların vahid reyestrdə toplanması birbaşa şəffaflığın artırılmasına xidmət edir. Adının çəkilməsini istəməyən nazirlik əməkdaşına görə, əgər əvvəllər hansısa sahibkarlıq sahəsində yoxlama aparan qurum ondan əvvəl burda neçə qurumun yoxlamasından xəbərsiz idisə vahid reyestrin tətbiqindən sonra bu məlumat həm yoxlama aparacaq quruma, həm də Ədliyyə Nazirliyinə məlum olacaq.

«1996-Cİ IL FƏRMANLARINDAN SONRA VƏZIYYƏT DÜZƏLMƏYİBSƏ...»

«ReAl»- Respublikaçı Alternativ Hərəkatının həmsədri İlqar Məmmədov isə yoxlamalara görə yeni qurumun yaradılmasını «absurd ideya» adlandırır. O hesab edir ki, əslində yoxlamalar bütün sahibkarlıq sahələrini yox, yalnız bir qisim sahələri əhatə etməlidir. Özü də bu ya seçim əsasında, ya da ciddi siqnal daxil olan zaman aparılmalıdır.

İlqar Məmmədova görə, əgər 1996-cı ildən bəri əsassız yoxlamaların qadağa edilməsi ilə bağlı verilən fərmanlardan sonra vəziyyət düzəlməyibsə, «məlumat reyestri» kimi bürokratik ölçü də heç nəyi dəyişməyəcək. O, hesab edir ki, əgər yoxlamalar zamanı baş verən korrupsiya halları ilə bağlı məlumatlar ölkə üzrə sahibkarların və ya şirkətlərin 15 faizindən çoxunu əhatə edirsə, onda bu tənzimləyici qurumun problemidir.

«İndi dövlət bu problemlərin öhdəsindən gələ bilməyəndə, şirkətlərə, sahibkarlara yaxşı mühit yarada bilməyəndə başlayır belə absurd ideyalarla çıxış etməyə ki, gəlin indi də bütün yoxlamaların qeydiyyatını aparaq».

«ReAl» Respublikaçı Alternativ Hərəkatının fevralın 22-də yaydığı bəyanatda isə qeyd olunur ki, vəziyyətin normallaşması üçün vergi sistemi dəyişdirilməli, gömrükdə, tənzimləyici və idarəçilik qurumlarında normal maaşlara və yüksək intizama əsaslanan tədbirlər kompleksi keçirilməlidir ki, dövlət qurumlarının gündəlik iş təcrübəsindən rüşvət yox olsun.

Əsasız yoxlamaların, sahibkarlığın inkişafı sahəsində yaradılan süni maneələrin aradan qaldırılması ilə bağlı 1996-cı ildən indiyə qədər dörd fərman verilib. Bundan başqa bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.

Şərhləri göstər

XS
SM
MD
LG