Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37
«Azərbaycan xalqı inqilaba nail olacaq».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında müxalifət təmsilçisi Pənah Hüseyn bu fikirləri söyləyib. O deyir ki, Azərbaycanda bir az vəziyyət qarışsa, hakimiyyətdə olanlardan kimisə axtarıb tapmaq mümkün olmayacaq.

Müxalifət təmsilçisinin fikrincə, son vaxtlar ölkədə aparılan korrupsiyaya qarşı mübarizə də effektsizdir:

«Biz deyirdik ki, ekspertlərin hesablamalarına görə, hər il dövlət büdcəsinə gömrükdən gələsi gəlirlərdən 2-4 milyard oğurlanır. İndi korrupsiyaya qarşı mübarizə başlanıb, orta hesabla ən azı hər ay bir neçə yüz milyon artıq daxil olmalıdır dövlət büdcəsinə. Amma bizim son aldığımız məlumatlar göstərir ki, yanvar ayında bu daxilolmalar əksinə, azalıb. Yəni, bu korrupsiyaya qarşı mübarizənin effekti yoxdur».

Pənah Hüseynin fikrincə, onlar bu addımı atmaqla, düşünürlər ki, xalqı, milləti ələ salıblar, amma deyəsən, özlərini ələ salıblar:

«LİVİYADA DA XEYLİ NEFT VAR. Bizim korrupsionerlər də hesab edirdilər ki, Azərbaycanda neftin hesabına yüksək həyat səviyyəsi yaratmaq mümkündür. Ən azı, bu neftin bir hissəsindən cəza dəstələri düzəltmək mümkündür. Bir qədər tank, bir qədər təyyarə, bir qədər muzdlu dəstələr, bir qədər qoçu dəstəsi, qatil-quldur dəstəsi. 20-30 il bu proses üçün kifayət edir və yaxud da əbədi. Bu, görünürdü. Bu, iflas etdi...».

Müxalifət təmsilçisi deyir ki, müxalifətin ən zəif olduğu ölkələrdə sosial partlayışlar daha da güclü oldu. Belə rejimlərin əsas qüvvəsi isə korrupsiya üzərində cəmləşib:

«Məhz bizdəki tipli rejimlərin hərəkətverici enerjisi, qanı, yağı korrupsiyadır. Məişət səviyyəsində korrupsiya azaldıqca, bu, belə rejimlərin sonunu da yaxınlaşdırır. Çünki bu, bizdə son dövrlərə qədər məqsədli və planlı şəkildə həyata keçirilən bir məsələ idi. Bəzən hətta insanları məqsədli şəkildə korrupsiya almağa məcbur edirdilər. Halbuki, onun maaşını artırmaq kifayət edərdi ki, ona verilən paketdəki pulu əvəz eləsin. Bu baxımdan, bu, bir əcəl çırpıntılarıdır. Bu yolla heç nəyə nail olmaq mümkün deyil».

Müxalifətin inqilab planları barədə mətbuatda yazılanlara da toxunan Pənah Hüseyn deyib ki, belə sənəd var. Ancaq BUNU «İNQİLAB PLANI» ADLANDIRMAQ DÜZGÜN OLMAZ, bunu təsdiqlənmiş bir sənəd kimi qəbul etmək lazım deyil. Bunu müxalifətin fəaliyyət planı adlandırmaq yaxşı olar:

«İnqilabı müxalifət etmir, inqilabı bir partiya, bir qurum etmir, inqilabı xalq edir. Azərbaycan xalqı da demokratik bir inqilab, yəni real, ciddi, siyasi, sosial, iqtisadi islahatlar üçün artıq çoxdan hazırdır. Buna layiqdir, buna qabildir. Bu mənada Azərbaycan xalqı bu inqilaba nail olacaq. Mən bir Azərbaycan vətəndaşı olaraq buna inanıram...».

Şərhləri göstər

XS
SM
MD
LG