Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:14

Əvvəl söz olub


Qayıtdı yuvaya dimdiyində dən
tapmadı yuvada balalarını.
...Axtardı gün batıb qaralanacan
axtardı, axtardı qocalanacan
Qızıl lələkləri ağaranacan
Dimdiyində dən cücərənəcən...

Qriqore Viyeru
(Ramiz Rövşənin tərcüməsində)


Kitabsız xalqın gələcəyi yoxdur. Nə yaxşı ki, bu sözü tam anlayan beş-altı adam qalıb ölkədə.

Ona görə də yazının təyinatını açıqlamazdan əvvəl, kitabın ərsəyə gəlməsində mənə mənəvi və maddi dəstək vermiş hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm.

Tam səmimi deyirəm, dostlar olmasaydı, mən təkbaşına bu kitabı yazıb, çap etdirib, satışa çıxara bilməyəcəkdim.


"Kitabın ikinci nəşri bu yazını oxuyan adamlardan asılıdır. Sıxıntı keçirmədən, tam ərklə bu yazını oxuyan hər bir adamdan bir, iki, üç, dörd, beş, on ədəd kitab almağı xahiş edirəm".
Planlı şəkildə şou və idman epidemiyası meydanına çevrilən ölkədə kitab yazmaq, kitab çap etdirmək, kitab satmaq bir adamın bacaracağı iş deyil. Məhz bu səbəbdən kitabın dəyərini anlayan hər bir insan hər cür tərifə layiqdir.

İllərdir Azərbaycan hakimiyyəti şou və idmanı təbliğ etməklə uğurun yalnız şouda, mahnı oxumaqda, təlxəklik etməkdə, güləş döşəyinə çıxmaqda, adam döyməkdə olduğunu mesaj verməkdədir.

Hər bir vasitəylə insanların kitabdan uzaq düşməsini, xalqın zombiləşməsini təbliğ ediblər. Təlxəyi yazardan üstün tutublar.

Çünki savadlı, elmli, düşünə bilən insan onların düşməni, təlxəklər, savadsızlar, kitaba nifrət edənlər onların dostlarıdır.

Sözə qarşı çıxan, sözü boğmaq, basdırmaq istəyən bütün sistemlər sonda biabır olublar. Sözü məğlub etmək mümkünsüzdür.

Necə ki, nə qədər təlxəkliyi, mikrofonu, güləş döşəyini təbliğ etsələr də, bizim ölkədə də sözü məğlub edə bilmədilər.

Müğənniləri rahat həyatın nişanəsinə çevirsələr də, artıq ölkədə kitab yazanların, kitab oxuyanların, kitabın dəyərini anlayanların sayı artmaqdadır.

Və hər bir söz adamı başlanan bu əks-hücumun kefini çıxarmaqdadır. Eləcə də bəndəniz.

Hörmətli yoldaşlar, üç ildir əziyyətini çəkdiyim kitab artıq satışdadır.

Kitabı Qız qalasının yaxınlığında yerləşən kitab mağazasından, Nizami muzeyinin birinci mərtəbəsində yerləşən kitab mağazasından, "Əli və Nino" kitab mağazaları şəbəkəsindən, bukinist mağazalarından əldə edə bilərsiniz.

Qiyməti 4 manatdır. Bir çaynik çayın pulu. Kitab 410 səhifədir. Kitabın redaktoru Şahvələd Çobanoğlu və Famil Cəfərlidir. Əsər dörd süjet üzərində qurulub.

1. Qarabağ müharibəsi.

Qarabağ müharibəsi haqqında xeyli əsərlər yazılıb. Amma yazılan əsərlərin böyük əksəriyyəti iki süjet üzərində qurulub. Ermənilər kəndi işğal edirlər.

Və mağarada, zirzəmidə sığınacaq tapmış adamlar ermənilərə qarğışlar, lənətlər yağdırırlar.

Ya da bir Azərbaycan əsgəri misilsiz qəhrəmanlıqlar göstərir. Mənim müharibəyə baxışım bir az başqadır.

Sözün qısası, müharibə mövzusunda əsər yazan adam bir az "əclaf adam" olmalıdır.

Mən də bu ənənəyə sadiq qalaraq, bir az "əclaf adam" olmağa cəhd etmişəm.

2. Sovet imperiyasının çöküşündən sonra baş verən proseslər.

Əlbəttə, imperiyaların yaranması və çöküşü ədəbiyyat üçün böyük mövzudur.

Mən də bu mövzu dəryasından bir neçə "çömçə" oğurlamaq cəhdində bulunmuşam.

3. Üçüncü növ ölkədə yaşayan yaradıcı adamın həyatı.

Əsərin bu mənada qəhrəmanı müəllifin özüdür. Harda yaşayıram, necə dolanıram, nə yeyirəm, nə geyinirəm, nə düşünürəm...

Açıq deyirəm, mən heç vaxt bu qədər səmimi ola bilməyəcəm. Birinci şəxsin dilindən yazan yazarın ən güclü silahı səmimiyyətdir.

4. Sevgi.

Çoxları elə bilir ki, mən robortam. Sevgi mövzusuna müraciət etməklə robort olmadığımı bir balaca sübut etməyə çalışmışam.

Seymur Baycan yeni kitabını oxucular üçün imzalayır. 20 fevral 2011
Hər halda bütün insanlar kimi mənim də bədənim təbiət qanunlarına tabedir.

Kitab 1000 tirajla çap olunub.

Kitabın ikinci nəşri bu yazını oxuyan adamlardan asılıdır. Sıxıntı keçirmədən, tam ərklə bu yazını oxuyan hər bir adamdan bir, iki, üç, dörd, beş, on ədəd kitab almağı xahiş edirəm.

İllərdir yazılarımı oxuyan adamlar üçün bu çağırış kifayətdir. Məncə, dastan açmağa ehtiyac yoxdur.

Mərifət əhli mətləbi bir sözlə anlayır. Cahil insan üçün qalaq-qalaq kitab yazsan da, xeyri yoxdur.

Sözün pul qarşısında utanmasına imkan verməyin. Mən, şedevr, böyük bir əsər yazdığımı demirəm.

Sadəcə və sadəcə Azərbaycan dilində əsər yazdığımı deyirəm. Vəssalam.

MIA.az

Həmçinin oxu
Seymur Baycan yeni kitabının təqdimatını keçirdi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG