Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

«Sərdar bağı»nın təmirinə 2 milyon manat?


Gəncəyə səfəri zamanı prezident İlham Əliyev yeni parkın açılışını etdi

Gəncəyə səfəri zamanı prezident İlham Əliyev yeni parkın açılışını etdi

Ötən ilin iyununda Gəncənin Sərdar (Xan) bağının giriş cığırları bağlandı ki, bağ əsaslı təmir olunur. Hətta ərazini qoruyan polislər təmir bitməyincə kimsəni bağa yaxınlaşmağa qoymadı. Elə ilk gündən «Xan bağı»nın yenidən əsaslı təmirinə 2 milyon manat vəsait xərclənəcəyi açıqlandı. Təmir bitdi, bu il fevralın 9-da Gəncəyə səfəri zamanı prezident İlham Əliyev yeni parkın açılışını etdi. Görkəmini dəyişmiş, xeyli müasirləşmiş park bəzi sakinlərin xoşuna gəlir, bəzilərininsə yox. Amma əsas söhbət müsahiblərimdən biri - Gəncə sakini 24 yaşlı Raufun dili ilə desək, «bağa qoyulan mayadan» gedir. Rauf elə parkın gözəlliklərini sadalayırdı ki, 2 milyon manat vəsait xərcləndiyini bilən kimi təəccübləndi:

«O vəsaitə 3 dənə belə bağ salmaq olar. Mən ustayam, belə işlərdən başım çıxır. İndi də pis görünmür, amma o qədər də pulu havayı deyirlər».

GÖRÜLƏN İŞLƏ XƏRCLƏNƏN VƏSAİT ARASINDAKI FƏRQ

Gəncə şəhər sakini, tarixçi Səyyaf Paşayev də deyir ki, parkın tarixi görkəmini məhv ediblər. Səyyaf Paşayev deyir ki, görünən işin nəticəsiylə o qədər vəsait xərclənməsini təsdiqləmək mümkün deyil:

««Xan bağı»nda olan təmir işləri sırasında oradakı cığırların enləndirilməsi, işıqlandırılmasını görmək olar. Amma bu bağda ağaclar güclü seyrəldilib. Təsvir olunan ağac növlərinin sayı azaldılıb. Çünki yerə qoyulan daş da məlumdur, onun kvadrat metri də. Hovuzları ləğv edib 2 hovuz saxlayıblar. Onun da kənarına düzülən xırda metlaxlar var, o, da məlumdur neçəyədir. Tikililərə də o qədər pulun getməsi inandırıcı deyil. Yarım milyon xərclənməsi mümkündür haradasa, fəhləyə verilən pulla və sair.
Pianoçunun ağacdan olan miniatür heykəlinin İtaliyadan gətirilməsi 10 min manata başa gəlib
Amma 2 milyon manatın xərclənməyi mümkün deyil. Əvvəl deyilmişdi ki, layihədə səkilərin kənarı şüşədən olacaq, amma sonda adi daşlardan hazırlanıb. İki çayxana yığışdırılıb, uşaqlar üçün nəsə maraqlı bir şey quraşdırmaq olardı...».

«Xan bağı»nın təmirini Gəncə şəhər Kommunal Təsərrüfat və İstehsalat Birliyi həyata keçirib. Qurumun rəisi Abid Əliyev bir-bir xərcləri sadalayır. Bildirdiyinə görə, parka gözəllik verən ən kiçik detallara belə minlərlə pul xərclənib. Məsələn, parka xüsusi görkəm verən pianoçunun ağacdan olan miniatür heykəlinin İtaliyadan gətirilməsi elə 10 min manata başa gəlib:

«Onu Romada 5 min 400 avroya aldıq, yol pulu verdik, bir də gömrük xidməti, haradasa 10 min manatı keçdi. Bu parkın 7 hektar ərazisi var. Yarısı tametdir. Bir kvadrat metr tamet 15-20 manata başa gəlir, bu da haradasa ümumən yarım milyonu keçir. Təkcə tamet. Bunun 18 faiz əlavə dəyər vergisi var. Orda bütün işıqlanma sistemi dəyişib. O böyük işıq dirəklərinin hər birinin qiyməti təxminən 800 manatdır. Balacaların da qiyməti 200 - 300 manatdır. 200-dən artıq işıqlandırıcı var, onu da hesablayanda, 200 minə yaxın çıxır. Yaşıl Teatra 200 minə yaxın pul gedib. Skamyasına təkcə 50 min manat pul verilib. Parkda bütün oturacaqlar dəyişib. Bütün oturacaqlar hamısı bahalıdır, ən ucuzunun qiyməti 500 manatdır. Oturacaqlar Azərbaycanındır. Dirəklər Türkiyədən alınıb. Yaşıl teatrın skamyaları
Yaşıl Teatra 200 minə yaxın pul gedib
Türkiyənindir, digər avadanlıqlar İspaniyanındır. Parkda 3 fontan, 1 venesiya düzəldilib, onlar hamısı bahalı şeylərdir. Bu gün bir fontanın əmələ gəlməsi azı 60 min manatdır. 3-ü 200 minə yaxın pul edir. Mən təxmini hesablayıram, görün, nə qədər edir?».

Gəncə sakini, jurnalist İsmayıl Abbas deyir ki, qiyməti 800 manat deyilən dirəklər 300 manatdan baha ola bilməz, rəqəmlər şişirdilir:

«Dizayn elə də pis deyil, amma ağaclar çox seyrəlib, mən o skamyada əyləşəndə, haradasa 300 manatlıq skamya görürəm. İşıq dirəkləri haradasa 250-300 manatdır. Vəsaiti kim xərcləyibsə, yeyinti edibsə, onun vicdanına qalıb».

PREZİDENT PARKI BƏYƏNİB


Prezidentin parkı çox bəyəndiyini deyən Abid Əliyev isə deyir ki, bu milyonlar büdcənin investisiya xərcləri çərçivəsində ayrılıb. Layihə hazırlanandan sonra Maliyyə Nazirliyindəki xüsusi şöbədə baxılıb və hesablama aparılıb. Yoxsa vəsait verən olmazdı.

ABADLIQ İŞLƏRİ ADI ALTINDA BÖYÜK VƏSAİTLƏR MƏNİMSƏNİLİR

İqtisadçı Azər Mehdiyev isə konkret «Xan bağı»nın təmirinə nə qədər vəsait xərcləndiyini hesablamağın mümkün olmadığını deyir:

Azər Mehdiyev
«Bu gün həmin məhsulların neçəyə başa gəlməsi haqda informasiya almaq çətindir. Bu sahələr inhisardadır və rəqabət olmadığı üçün həmin materiallar haqda məlumat əldə etmək də mümkün deyil. Bu işlərə yönəldilən vəsaitlə ortada görünən işlərin həcmi arasında böyük fərq meydana çıxır. Hətta bu işlərin zərurilik məsələsi var, o haqda ictimaiyyətə açıqlama verilmir. Məsələn, doğrudanmı hansısa detal İtaliyadan alınıb gətirilib? Bu da onu göstərir ki, son illər görülən işlərin zəruriliyi, əhəmiyyəti, ona çəkilən xərclər barədə ictimaiyyətə məlumat verilmir.

BİR CİBLƏRİNDƏN GÖTÜRÜB, O BİRİ CİBLƏRİNƏ QOYURLAR

Gəncə şəhər Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev deyir ki, «Xan bağı»nın təkcə döşəməsinin tametlənməsinə yarım milyon manat xərclənib. Şəhərin böyük prospektlərinin birində yol kənarına eynilə bağdakı tametdən vuran ustadan bu materialın kvadrat metrinin neçəyə başa gəlməsini soruşub, hesablama aparmasını istəyirik. İşini itirməkdən ehtiyat etdiyindən adının çəkilməsini də istəmir, mikrofona da danışmır. Gileyli şəkildə bircə onu deyir ki, «bacım nəyi qoyub nə axtarırsız? Bu daş da, alçipan da hamısı özlərinindir. Bir ciblərindən götürüb o biri ciblərinə qoyurlar...».

Şərhləri göstər

XS
SM
MD
LG