Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:42

Məşhur polyak şairləri - Azərbaycan dilində (Tərcümələrdən nümunələri oxu)


Məşhur polyak şairlərinin şeirləri Azərbaycan dilinə tərcümə olunaraq antologiya şəklində çap edilib.

Kitaba XX əsr Polşa poeziyasınını korufeyləri, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatları- Çeslav Miloş və Vislava Şimborskanın, habelə digər görkəmli şairlər- Zbiqnev Herbert və Tadeuş Rujeviçin - hər bir şairdən 10 şeir olmaqla bütövlükdə 40 şeir daxil edilib.

“Qəfil görüş – çağdaş polyak poeziyası antologiyası” kitabının çapı layihə olaraq Polşanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib.

Kitabın çapını Polşanın Xarici İşlər Nazirliyi maliyyələşdirib.

Kitabın əsas tərcüməçiləri , redaktorları və bədii işlənmə müəllifləri şair və tərcüməçilər Səlim Babullaoğlu və Rafael Tağızadədir.

Kitabdakı tərcümələrdən nümunələri "Oxu zalı"nda təqdim edirik.


ÇESLAV MİLOŞ

Məna

Uzaq ətraflar / Dalsze okolice (1991) kitabından

Öləndə dünyanı o biri üzdən görəcəm.
Quşların, dağların, qürubun o tayından.
İzah olunması gərəkən həqiqi mənanı görəcəm.
Uyğun olmayan uzlaşacaq.
Anlaşılmayan anlaşılacaq.

Yaxşı, əgər dünyanın o biri üzü yoxdursa?
Budağa qaratoyuğun qonması işarə yox,
elə budağa qaratoyuğun qonmasıdırsa?
Gündüzlə gecə bir-birini laqeydcəsinə əvəzləyirsə?
Və Yerdə yerdən başqa heç nə yoxdursa, onda?

Belə olarsa da yenə hər halda susmaq bilməyən dodaqların
bircə dəfə olsun belə oyatdığı,
ulduzlararası fəzaya, qalaktikalar dövranına doğru
qaçan, etiraz edən, səsləyən və bağıran söz
yorulmaz müjdəçi kimi, əbədi olaraq qalacaq.
Tərcümə: Səlim Babullaoğlu, İlahə Kərimova


ZBİQNEV HERBERT

17 IX

Mühasirədəki şəhərdən hesabat / Raport z oblężonego miasta (1983 ) kitabından

Yuzef Çapskiyə*

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,
Yas və Malqosyanın** ayaq döydüyü məktəb yolu
heç vaxt uçuruma çevrilməyəcək.

Çaylar çox tənbəldirlər, sellərə, daşqınlara meylli deyillər;
dağlarda yatan cəngavərlər yenə mürgü döyəcəklər,
və demək sən, ey çağırılmamış qonaq, içəri çox asan girəcəksən.

Amma bu torpağın övladları gecə toplaşacaqlar,
gülməli quşatanlara sarılacaqlar azadlıq aşiqləri,
öz müzey silahlarını yağlayacaqlar,
quşa və bayrağın iki rənginə əl basacaqlar.

Sonra həmişəki kimi partlayış qızartısı,
bir də rəsmlərdən çıxmış oğlanlar, yuxusuz komandirlər,
arxada məğlubiyyət dolu səhranın sarı-paslı səhrası,
bir də ayıq-sayıq yeganə düşüncə - heç yerdən kömək gəlməyəcək...

İşğalçı, mənim köməksiz vətənim səni qəbul edəcək,
ağsöyüdün altında bir arşın torpaq da verəcək,
səni uyudacaq ki,
bizdən sonra gələnlər yenidən vaqif olsunlar
sənətlərin ən çətininə - yəni, bağışlamaq sənətinə.

*-Yuzef Çapski (1896 – 1993) – polyak rəssamı, yazıçısı, memuar ustası, esseist, ədəbiyyat tənqidçisi və sənətşünas. 1939-cu il sentyabrın 17-də ordudaykən rus hərbçiləri tərəfindən həbs olunmuş, rusların polyak hərbi əsirləri üçün nəzərdə tutulmuş Starobelsk və Qryazyovskda məhbus olmuşdur. Sonradan, Herbertin şeiri ilə açılan “Daşürəkli torpaqda” kitabını yazmışdır. 1945-ci ildən Parisdə yaşayıb.

**
- Yas və Malqosya polyak nağıllarının uşaq qəhrəmanlarıdır; şeirdə onların adıyla bütün polyak uşaqları nəzərdə tutulur.


Tərcümə: Səlim Babullaoğlu


TADEUŞ RUJEVIÇ

Kimdir şair

Prosperin paltosunda heç nə/ Nic w plaszczu Prospera (1962) kitabından

şair şeir yazan
və şeir yazmayandı

şair buxovları qıran və onları özünə yığandı
şair inanan və inana bilməyəndi

şair aldadan
və aldanandı

şair ağzı olan
və həqiqəti udandı

şair yıxılan
və qalxmağı bacarandı
şair gedən və
getməyi bacarmayandı

Tərcümə: Rafail Tağızadə, Aynurə Cəfərova


VİSLAVA ŞİMBORSKA

Qəfil görüş

Duz /Sol (1962) kitabından

Necə mehribandıq bir-birimizlə,
uzun illərdən sonra baş tutan xoş bir görüşdə.

Bizim pələnglər süd içir.
Bizim qırğılar uçmağı unudub.
Bizim köpək balıqları suda batır.
Bizim canavarlar açıq qəfəsin qarşısında əsnəyir.

Bizim əjdahalar şimşəklərdən silkələnib,
meymunlar ruhdan düşüb, tovuz quşlarının lələkləri yox olub, itib.
Və nə zamandı yarasalar da toxunmur saçımıza.

Söhbətin yarısında susuruq.
Heç rişxənd də xilas edə bilmir bizi.
Danışmağı unudub
bizim adamlar.

Tərcümə: Rafail Tağızadə, Yelena Karetina

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG