Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34
Mən tarix kitablarında göz yaşına heç rast gəlmədim.
Səlim Babullaoğlu.
“Oğlumla söhbət-2”

Bu tarix ki var, çox qəliz məsələdi, həm də maraqlı.

Diqqətlə baxsan inci kimi düzülən xronoloji ardıcıllığın zəncirində böyük bir absurd görərsən, bir də onu yazan- insan bəndəsinin yox, məhz yuxarıdan onu incələyən qüvvənin elə özü böyüklükdə ironiyasını.

Ancaq bu bildiyim yeganə ironiyadır ki, ona gülümsəmək belə olmur!

Bu tarix dünən inkar etdiyini, qanla bələdiyini bu gün təsdiq edib gülabla yuyur.

Məsələn, bir vaxtlar Həzrəti İsanı çarmıxa çəkənlərin övladları bu gün onu təbliğ edirlər.

Hətta bir az dərindən fikir versən görərsən ki, onu satmaq da müqəddəslik əlaməti imiş- gör nə qədər müqəddəs olub ki, onunla düşmənçilik edənlər də müqəddəs sayıla bilir.

Bir vaxtlar İslama qarşı azadlıq deyib döyüşənlərin nəvə-nəticələri bu gün babalarının qanını unudub düşmənlərini ağlayırlar.

Inancımızdı, əleyhinə deyiləm- əksinə bu insanlığa inamın itdiyi qloballaşan dünyada bir sadiqlik göstəricisidi.

Ancaq maraqlıdı ki, hələ bir nəfəri Babək deyib ağlayan görmədim, Babəkin kəsilən əllərinə, şaqqalanan bədəninə bircə dua oxuyub ehsan verən də görmədim.

Deyəsən tarix qəhrəmanların ancaq adlarını xatırlayır.

Ümumiyyətlə, mən bu tarixdə elə bir missiya görmədim ki, xəyanətə tuş gəlməsin- artıq bu həyatda xəyanət dağ çayının bir qayanın üstündən aşarkən şəlaləyə çevrilməsi kimi təbii bir zərurət olub.

Deməli bir gün qarşında bir məqsəd görsən və o məqsədə doğru dəli bir sel olub getsən, hansısa qayadan şəlaləyə dönüb süzüləcək- yəni xəyanətə rast gələcək, bununla da sadəcə gözəl bir peyzaj olacaqsan.

Və tarixsevərlər -turistlər gəzə-gəzə gəlib səni tapacaq, gözəlliyinə baxıb başlarını yellədəcək, sənə bir ad verib çıxıb gedəcəklər.

Bir az şansın olsa bəlkə sənə bir film də çəkərlər- onda da çəkdikləri görmək istədikləri olacaq. Vəssalam.

Ümumiyyətlə mən elə bir din görmədim ki, öz daxilinədə parçalanmasın, öz məqsədini unutmasın, öz insanlarını sona qədər xilas edə bilsin.

Bütün dinlərin sadiqləri neçə min ildir gözləyirlər- gözləyirlər ki, imtahan nəticələrini öyrənsinlər, cavablarsa hələ də çıxmır.

Bilmirəm xəbəriniz varmı, hələ eramızın yenicə başlandığı anlarda da artıq insanlar Qiyamət- hesabat gününün tezliklə gələcəyini deyirdilər: təəccüblüsü də odu ki, bizim təqvim də elə ordan başlayır.

Ümumiyyətlə mən elə bir sərkərdə görmədim ki, öldürülməsin, vəba tutmasın, imperiyasını oğulları parçalamasın, sevdiyinin əlindən zəhər içməsin, hətta qəbrində rahat yata bilsin- bir sözlə Yaradanın qəzəbinə tuş gəlməsin.
Ümumiyyətlə, mən elə bir dahi də görmədim ki, dəli olmasın, Tanrılıq iddiasına düşüb özünü unutmasın, bəşəriyyətə sona qədər xidmət edə bilsin.

Deyirlər dahiliklə dəlilik eyni yolun iki tərəfi, eyni çayın iki sahili kimidi: bəziləri hətta bu yolda sərxoş insanlar kimi 7-8 yazaraq hər iki tərəflə yeridilər, axırda deyəsən ortada da yıxılıb qaldılar- heç kim onların hansı tərəfə aid olduğunu deyə bilmədi.

(Onların üzündən hələ də mübahisə edənlər var, onlara bənzəmək üçün alkoqol təsiri ilə süni sərxoşluq yaradıb, 7-8 gəzib onların yıxıldıqları yerə yıxılmaq istəyənlər var- ən çox belələrindən qorxuram, onları tarix ayırd edə biləcəkmi?)

Əslində tarixin yaddaşında belə bir ölümdənsə öldürülmək daha əzəmətli qalır. Məsələn, mən hesab edirəm ki, Dantesin silahından çıxan xəcalətli güllələr olmasaydı Puşkin böyük şair olacaqdı, ancaq indiki Puşkin olmayacaqdı.

(Bayaqkı misala qayıtsaq, indi Dantesi və onun güllələrini uydurub özlərini Puşkin elan edənlər də az deyil.)

Axı tarix faciələri sevir və tarixi yönəldən ilahi bir qüvvə də deməli bütün baxışını buna yönəldib.

Mən onun ədalətli düşünmədiyini qəbul edə bilmədiyimdən, belə hesab edirəm ki, yetişəndən sonra şirin olan meyvələr necə ki, kal dövründə turş və dadsız olur, bax bizim bu həyatda faciə və komediya, yaxşı və pis, və s. təzadlar o biri tərəfə keçəndə- misala uyğun desək biz “yetişəndə”, mahiyyəti ilə tam tərsinə çevrilərək öz əvvəlki mənasını itirə bilər.

Bəlkə elə bax buna görə, bütün Sezarların arxasında həmişə bir Brut dayanıb və bir gün ilk olaraq məhz o xəncəri dostunun kürəyinə saplayacaq.

Həm də elə bax o səbəbdən bütün Brutların içində bir Sezar sevgisi var- sanki Brutlar dostlarını öldürməyi daha çox sevirlər.

Bir az qabaq qeyd elədiyim böyük ironiyanı da unutmayaq: bütün Sezarlara Brut kimi dostlar lazımdı ki, onların taleyində Əzrail rolunu oynasın- sanki, Sezar kimilərini Əzrail öldürə bilmirmiş kimi.

Fikir verin, görün Höte Sezar haqqında sonradan nə yazırdı: “onlar bu «qeyri-adi təbiət hadisəsinin» əməllərini yarıda qırmaqla gələcək adamları onun daha nələr edəcəyini izləməkdən məhrum etdilər.”

(Təsadüfə baxın ki, Höte özü də “qeyri adi təbiət hadisəsi” idi: onun “Faust”u dünyanı öz əvəzolunmazlığı ilə hələ də sarsıdır, bu bədii əsərdəki elmi fikirlər isə “Növlərin mənşəyi”ni yazan Darvinə ciddi təsir eləmişdi.)

Və bu ardıcıllıq zəncir kimi davam edir: bütün yolların məhz ora getdiyini bilə-bilə az qala hakimiyyəti dağıdan Kleopatra, ancaq zəhər içib ölmək üçün bəhanə olan Antonio, Antionun ölüm hökmünü onsuz da vermiş Oktaviy. Ən maraqlısı da, bu Kleopatralar həmişə Antoniolardan əvvəl Sezarların sevgilisi olur: bəlkə də bu Antonio üzərində Sezar lənətidir.

Sanki bütün insanların əslində bir Sezarlıq iddiası var- tarix dönüb dolanıb Sezarlara qayıdır buna görə.

Mən hətta deyərdim ki, sanki Tanrı da Sezarlara tapınır. Özünə daha çox bənzəyir- bəlkə səbəb budu.

Hətta qadınlar da sanki bu İlahi sevgini hiss edirlər- o öləndə matəm əlaməti saçlarını kəsirlər və mənim yadıma küçədən keçən Böyük Fürerin bircə saniyəlik də olsa diqqətini çəkmək üçün özlərini binadan onun ayaqları altına atan qadınlar düşür...

...Bu esse ki var, çox qəliz məsələdi, həm də maraqlı. Onu istədiyin kimi yazmaq necə də əzablıdı.

Və üstəlik hər kəsin bildiyi bir nəsnədən yazmaq işi daha da çətinləşdirir.

Bir də bütün bunları dayanmadan silkələnərək fikrini dağıdan metro qatarında düşünürsənsə onda hətta vaqona girən qadın da sən istədin-istəmədin qürurlu addımlara hər tərəfə dağılmış fikirlərinin üstündən yeriyib düz sənin yanında oturur və onu artıq bu essedən çıxarmaq mümkün deyil.

Onsuz da ardıcıl və məntiqi düşünmək çətindi. Buna görə də o qadın heç bir icəazəsiz-filansız bu esseyə daxil oldu- bağışla məni Heredot.

O yanımda oturan kimi ilk anda mənə bir nəzər saldı. Sonra mən yenə səni düşündüm, o isə əlindəki müşəmbə dürgəyi yerə qoyaraq ayağındakı yeni çəkmələrin o yan-bu yanına baxmağa başladı.

Almaniyada istifadəsi qadağan, deyilənə görə tullantılardan hazırlanan qara, müşəmbə dürgəyin içində onun köhnə, sürtülmüş ayaqqabıları vardı.

Sənin oğlun mənim beynimdə sürətlə o baş-bu başa gedib yaddaş rəflərindən sala bildiyi qədər kitab tökən anda, o qadının ayağındakı çəkmələrə baxması hər şeyi alt-üst elədi.

Onun qara, parlaq və həm də yeni olan çəkmələri bütün salnamələri tapdalayıb keçdi və bu essenin taxtına tərəf irəliləməyə başladı.

O qadın sanki mənim essemin iqtidarını devirdi, mənim yazımın tarixində yeni dövr açıldı.

Bilirsən, indi artıq mən əzbər bilirəm ki, o qadının həyatında da iki dönəm açılacaq: yeni çəkmədən əvvəl və yeni çəkmədən sonra.

Bu qədər ağır cümlələrdən sonra, tanımadığım bir qadının essemə daxil olub hakimiyyəti ələ almağı və yeni dönəm açmağı sənə qəribə gəlmirmi? Mənə qəribə gəlir.

Hələ bu hesabla mən Yeni Çəkmədən 24 il əvvəl doğulmuşam, yəni o qadının yeni çəkmələrini görmək şərəfinə nail olan andan bir eranı adladım, yeni eraya keçdim- buna görə də Tarixə gülməyim gəlir.

Yaman şələşür oğlun var, bəzən özü də nə istədiyini bilmir: həqiqəti əfsanəyə, əfsanəni həqiqətə qatır, hər şeyi öz tərəzisi ilə dartır- bir sözlə hər yeni çəkmə alınanda yeni dönəm açır, həqiqəti unudur. Atasınamı oxşayıb görən? Bilmirəm...

Yeri gəlmişkən deyim, bir Sokrat varmış, Yeni Çəkmədən təxminən 2500 il əvvəl, o da qəribə və maraqlı adammış : o heç nə bilmədiyini yaxşı bilirmış- bax bunu bilməyi isə təkcə “heç nə”yi bilmədiyindən xəbər verirmiş...

Yeni Çəkmənin ikinci günü, Bakı
zerdushtshefizadeh@gmail.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG