Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

Ərzaq böhranı da Azərbaycandan yan keçəcək?


Dünya Bankı bildirir ki, dünyada bahalaşmanın həddi 2008-ci ildəki ərzaq böhranı səviyyəsinə çatıb. Bankın məlumatına görə, son altı ayda Azərbaycanda taxılın qiyməti 24 faiz bahalaşıb.

Azərbaycan rəsmiləri isə bildirirlər ki, dünya iqtisadi böhranı kimi ərzaq böhranı da Azərbaycandan yan keçəcək.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov hesab edir ki, ən azından nə bu il, nə də gələn il ölkədə ərzaqla bağlı problem gözlənilən deyil.

«Əhalinin narahatlığına heç bir səbəb yoxdur. Bir neçə ildə, yəni bu il və gələn ildə belə bir şey gözlənilmir».

Lap problem olsa belə...


Amma şöbə müdiri deyir ki, lap problem yaransa belə Azərbaycanın daxili imkanları bunun qarşısını almağa qadirdir.

«Azərbaycanın daxili imkanları kifayət qədərdir, artıq Neft Fondunda da vəsaitimiz var. Bir çox layihələri özümüz maliyyələşdirə bilirik və əgər ərzaqla bağlı problem olarsa xaricdən idxal etmək imkanlarımız da var».

İslam İbrahimov deyir ki, buna baxmayaraq ölkədə ərzaq probleminin yaranmaması üçün hazırda əsas ərzaq məhsulu olan taxıl, kartof və tərəvəzin istehsalının artırılması yolları araşdırılır.

Ərzaq böhranı artıq başlayıb, böhran necə olur ki?


Salyanlı fermer Elçin Əzizov isə ölkədə ərzaq böhranının çoxdan başladığını bildirir. Fermer deyir rəsmi qurumların çıxışlarından fərqli olaraq o, heç qabaqlayıcı tədbirlərin də görüldüyünü hiss etmir. Onun sözlərinə görə, əgər qabaqlayıcı tədbirlər görülsəydi bu gün yararlı torpaq sahələri əkinsiz qalmazdı.

«Bilmirəm Azərbaycanın ərzaq böhranından da yan keçəcəyini deyəndə nəyi fikirləşirlər? Bəlkə hər şeyi öz imkanları ilə ölçürlər. İndi qiymətlərin bu qədər bahalaşması elə böhran deməkdir. İstər kartof olsun, istər soğan olsun, görün ötən illə müqayisədə nə qədər bahalaşıb. Bazarlarda böhran artıq hiss olunur. Bəs böhran nəyə deyirlər ki?»

Kənd təsərüfatına nə qədər pul ayrılıb?


2001-ci ildə başlanan Ərzaq Təhlükəsizliyi proqramının 2010-cu ilə başa çatması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin hesabat xarakterli məlumatında da qeyd olunur ki, 2007-2010-cu illər ərzində kənd təsərrüfatı istehsalçılarına buğda və çəltik əkininə görə büdcədən 284 milyon manatdan çox pul ayrılıb.

Nazirliyin məlumatında qeyd olunur ki, bundan əlavə kənd təsərrüfatı istehsalçılara mineral gübrələr, yanacaq və sürtgü yağlarının güzəştli satışı ilə bağlı 2007-2010-cu illərdə 80 milyon, yeni cins, toxum və tinglərə görə isə 15 milyon manatdan artıq subsidiya ödənilib.

İqtisadçı nazirliklə razılaşmır


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi isə Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin optimizmini bölüşmür. Mərkəz rəhbəri Azər Mehdiyev hesab edir ki, bu sahədə görülən işlərlə bağlı məlumatlar çox şişirdilir.

«Demək ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, ölkə özünü ərzaq məhsulları ilə təmin edə biləcək, bu çox şişirdilmiş məlumatlardır»

Azər Mehdiyev deyir ki, ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilsə də, kənd təsərrüfatı istehsalçılarına güzəşt və yardımlar nəzərdə tutulsa da bütün bu işlər sistemli şəkildə həyata keçirilmədiyindən gözlənilən nəticə alınmır.

Son bir neçə ayda Azərbaycanda ərzağın qiyməti bahalaşmaqda davam edir. Bahalaşma əsasən şəkər, şəkər tozu, kərə və bitki yağlarının qiymətində müşahidə olunur. Misal üçün İqtisadi Tədqiqatlar Mərkəzinin yanvar ayı üçün açıqladığı məlumatlarda soğanın qiymətinin 26 faiz bahalaşdığı bildirilir.

Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan missiyasının rəhbəri Nadim İlahi də ötən həftə bildirib ki, ərzaq qiymətlərinin artması Azərbaycanda inflyasiyanın sürətli artımına səbəb ola bilər. Missiya rəhbəri deyib ki, 2011-ci ilin perspektivləri ümidverici olsa da ilin sonuna 10 faizə qədər artacağı gözlənilən inflyasiya tempi makroiqtisadi risklər yaradır. Onun fikrincə, rəsmi orqanların əsas vəzifəsi inflyasiya gözləntilərini məhdudlaşdırmaqdır.

Belə ki, bahalaşma yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcək. Üstəlik, iqtisadiyyatdakı pozuntuları aradan qaldırmaq və dövlət sektorunun effektliliyini artırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir.
XS
SM
MD
LG