Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:19
«Qaynar xətt»ə şikayət edən Masallı rayonunun Qızılağac kənd sakinləri bildiriblər ki, bələdiyyə sədri Mina Quliyeva bələdiyyənin fondunda olan əraziləri sata-sata gedir. Bir sözlə, 7 ildir ki, Mina Quliyevanın kənddə qılıncının dalı da kəsir, qabağı da. Bələdiyyə üzvləri də, kənd sakinləri də bələdiyyə sədrinin əlindən dad çəkirlər.

QIZILAĞACDA BƏLƏDİYYƏNİN QURU ADI VAR

Kənd sakini Əlizaman Həsənov danışır:

«Tək mən yox, bütün kənd ondan narazıdır, bu vaxta kimi kənd ondan xeyir görməyib. Bu adam bələdiyyə üzvləri ilə işləmir, özbaşına, bildiyini edir. Torpaq satır, pulunu alır qoyur cibinə, sənəd vermir. Prezidentin fərmanı ilə bələdiyyələrə torpaq alqı-satqısı qadağan olunsa da, bu adam fərmana da məhəl qoymur. Həmin vaxtdan nə qədər adama sənədsiz həyət yeri, torpaq satıb».

Əlizaman Həsənov deyir ki, bələdiyyə sədri ona satdığı həyətyanı sahəyə də indiyə qədər sənəd verməyib. Deyir ki, bələdiyyə sədri kənddədi müqəddəs ocaqlardan yığılan nəzir-niyazı da mənimsəyir:

«Aparır özünə bab bir adam oturdur orda, ordan yığılan pulları da özünə götürür. Bələdiyyənin Qızılağacda quruca adı var, özü yoxdur. Məhkəmələrə, prezidentə müraciət eləmişik, qəzetlər yazıb, heç bir tədbir görən yoxdur. Kənddə hektarlarla tut ağacı sahələri var, O torpaqlar satış üçün deyil, gəlib yoxlaya da bilərlər, həyətyanı sahələrə bölüb, satıb. Keçən il 150-yə yaxın adamın örüş yerini ferma yeri kimi bir iş adamına satmışdı. Qalxdıq ayağa, iki ay mübarizə aparmaqla prosesi dayandırdıq. Bu il də dövlət fondunun torpağını bir imkanlı adama satmışdı. Hətta torpaqda əkinti işləri də aparılmışdı. Camaat ayağa qalxandan və icra hakimiyyətinin başçısı işə qarışandan sonra dayandırıldı. Torpağı alan adam da ziyana düşdü, camaat da».

«TORPAQ VERİR, SƏNƏDİ YOX»


Başqa bir kənd sakini Fazil Abbasov deyir ki, 2003-cü ildən kənd bələdiyyəsinə sədrlik edən Mina Quliyeva islahatdan gizlədilmiş min hektara qədər ərazini öz şəxsi torpağı kimi istifadə edir. Onun sözlərinə görə, prezidentin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə bələdiyyələr tərəfindən alqı-satqı yolu ilə torpaqların verilməsi dayandırılıb. Ancaq Mina Quliyeva 2009-cu ilin iyul-avqust aylarında 2,27 hektarlıq tut bağını köhnə tarixə sənədləşdirməklə hər 5 sotu 600-700 manatdan kəndin ayrı-ayrı sakinlərinə satıb. Fazil Abbasov:

- Bələdiyyə sədri olmaqla min hektardan çox torpağı satıb talayıb. İndi ikinci dəfədir seçilib. Bu vaxta qədər fondunda bir qəpik pul yoxdur. Yollar yaman gündədir. Qızılağac sovet dönəmindən ən iri təsərrüfatlardan biri olub. Özü-özünü dolandırıb, hətta başqalarına da kömək edib. Indi hektarlarla buğda, arpa əkilən torpaq sahələri var ki, heç birinin icarə müqaviləsi yoxdur.

Fazil Abbasov tələb edir ki, bələdiyyə sədri Mina Quliyevanın özbaşınalığı və korrupsiya əməllərinin qarşısı alınsın.

«AÇIB-AĞARDANI POLİSLƏ HƏDƏLƏYİR»

«Qızılağacda bələdiyyə yoxdur, sovetlər dönəmindəki kolxoz var və onun sədri Mina Quliyeva var».

Bunu isə bələdiyyə üzvü olduğunu, lakin iki ildir ki, bələdiyyəyə yaxın düşə bilmədiyini iddia edən kənd sakini Əzizağa Məlikov deyir. Onun sözlərinə görə, bələdiyyə sədri onu bələdiyyənin inzibati binasına belə yaxın buraxmır. Deməsinə görə, bələdiyyə sədrinin qanunsuz əməllərlə məşğul olması məsələsini açıb-ağardanda isə bələdiyyə sədrinin tapşırığı ilə onu polisə çəkirlər, barəsində cinayət işi başlanacağı ilə hədələyirlər. Əzizağa Məlikov deyir ki, bələdiyyə sədri Mina Quliyeva 2005-ci ildən bir dəfə də olsun bələdiyyə üzvlərinin iclasını çağırmayıb.

«YAXŞI BƏLƏDİYYƏ SƏDRİ DEYİLƏMSƏ... »

Bələdiyyə sədri Mina Quliyeva isə ittihamları qəbul etmir:

«Fazil Abbasov gediş-gəliş yolunun üstündə ev tikmişdi, hansı ki ona ev tikmək üçün başqa yerdən torpaq sahəsi ayrılmışdı. Ancaq o, gediş-gəliş yolunun üstünü zəbt etmişdi. Biz də ona məktubla müraciət etmişdik ki, evi qeyri-qanuni torpaqda tikmisiniz. Sizə ayrılan torpaq qalıb kənarda, gediş-gəliş yolunun üstündə ev tikirsiniz. Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi, torpaq və xəritə çəkmə şöbəsi ona satılan torpağa rəy vermişdilər, ev tikdiyi torpağa yox. Həmin torpağa rəy verilmədiyindən o da narazılığını bu şəkildə bildirir».

- Narazılıq ondandır ki, siz dövlət torpağı hesab olunan, ərazisi hektarlarla ölçülən tut ağaclığı sahələrini ayrı-ayrı adamlara satmısınız və sənədləşdirməmisiniz.

- Bələdiyyə torpağını satanda torpağı satmamışdan əvvəl torpağın qiyməti müəyyənləşir. Əgər orda qeyri-qanuni nə isə olsaydı, yəqin ki həmin illərdən bu tərəfə həmin qərarlar ləğv olunardı. O kiq aldı Əzizağa Məlikova, o adam əvvəlki beşilliklərdə seçilib, ancaq sonuncu seçkidə bələdiyyə üzvü seçilməyib. Sizə dedikləri ilə bağlı aidiyyatı təşkilatlara ds müraciət edib və cavabını alıb. Bu adamlar mənə qarşı qərəzlidilər. Əgər doğurdan da mən işləyə bilməyən bələdiyyə sədriyəmsə, nəyə görə mənim vaxtım tamam olur, təkrar seçkiyə gedirəm və məni təkrar bələdiyyə sədri seçirlər.

Elə kənd sakini Əlizaman Həsənov da deyir ki, bu qədər yazıb pozduqları halda bələdiyyə sədrinə gözün üstə qaşın var deyən yoxdur. Deyir Mina Quliyevanı sədr kreslosuna oturdan kimdirsə, bu kreslonu tərpətməyə heç kəsin cürəti çatmır:

- 833 səs yığan qaldı kənarda, 220 səs bu yığmışdı, siyahıda 16-17-ci adam idi, hansısa qüvvələrin əliylə gəldi oturdu yenə orda.

BƏLƏDİYYƏ SƏDRİ VAXTLI-VAXTINDA İCLAS ÇAĞIRMIRSA...

Vəkil Xalid Bağırov deyir ki, bələdiyyə fondundakı torpaqlar hərrac yolu ilə satışa çıxarılır. Ancaq torpaqların satışa çıxarılması üçün bələdiyyə üzvlərinin yekdil qərarı olmalıdır:

«Bələdiyyələr kollegial orqanlardır, onlar seçkili şəkildə təşkil olunsalar da qərarları kollegial şəkildə qəbul edirlər. Yəni hər hansı bələdiyyənin torpaq satması, torpağı istifadəyə verməsi ancaq bələdiyyənin ümumi qərarı ilə baş verə bilər. Bu, təkcə sədrin həll edə biləcəyi məsələ deyil».

Vəkilin sözlərinə görə, əgər kənd sakinləri bələdiyyə sədrinin fəaliyyətindən narazıdılarsa, özləri iclas çağırıb bələdiyyə sədrinin hərəkətləri ilə bağlı qərarlar qəbul edə və tədbir görülməsi üçün müvafiq orqanlara göndərə bilərlər:

«Təbii ki, orda qanunsuz torpaq sahələrinin satılması ilə bağlı səslənən məsələlər cinayət təqibinin predmetinə daxildir. Bu, artıq korrupsiya təşkil edən əməllərdəndir. Bu barədə yəqin ki, cinayət təqibi ilə məşğul olan müvafiq orqanlara müraciət olunmalıdır. Hər halda bu faktlar burda səslənirsə, bu özü də cinayət təqibinə başlamaq üçün əsas ola bilər. Bələdiyyə iclaslarının çağırılması qaydası bələdiyyələrin statusu haqqında qanunda nəzərdə tutulub. Həmin qanunun 16-cı maddəsində qeyd olunur ki, bələdiyyələr ayda bir dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağırıla bilər. Əgər bələdiyyə sədri tərəfindən bələdiyyə iclasları çağırılmırsa, yaxud da hər hansısa digər problemlər yaranıbsa, o zaman bələdiyyənin sahəsinə daxil olan əhalinin 10 faizinin xahişi ilə bələdiyyə iclasları çağırıla və sədrin qanunsuz hərəkətlərinə qiymət verilə bilər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG