Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56
AzadlıqRadiosunun «İşdən sonra» verilişinin qonağı Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobyadır. Səfir söhbətə dinləyiciləri azərbaycanca salamlamaqla başladı.

- Səfir olduğunuz bu müddət ərzində Azərbaycanla bağlı təəssüratlarınız necədir?

- Mən bir ildən artıqdır ki, Azərbaycandayam. Azərbaycanı tam öyrənmək üçün bu müddət kifayət deyil. Azərbaycanın bütün mürəkkəbliyini, gözəlliyini öyrənmək üçün daha çox vaxt lazımdır...

- Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər bir neçə mərhələni aşıb. Hazırda Assosiasiya sazişinin bağlanması ilə bağlı danışıqlar gedir. Danışıqların vəziyyətini necə qiymətləndirirsiniz?

- Biz son tədbir olaraq bir neçə aydır ki, Assosiasiya sazişi ilə bağlı danışıqlara başlamışıq. Bu da Avropa İttifaqının üçüncü dövlətə təklif edə biləcəyi ən dərin razılaşma, əməkdaşlıq formuludur. Bu, çox geniş ənənəvi əməkdaşlıq sahələrini əhatə edir. Bura siyasət, iqtisadiyyat, sosial, ticarət, enerji, viza sisteminin liberallaşdırılması daxildir. Azərbaycanda yanlış bir fikir var ki, Avropa İttifaqı Azərbaycanda yalnız enerji məsələləri ilə maraqlanır. Avropa İttifaqının Azərbaycandakı gündəliyi genişdir və sadaladığım bütün sahələri əhatə edir. Assosiasiya sazişi ətrafında yeni başlamış danışıqlar da bunu sübut edir. Son məqsəd hər iki tərəf arasında siyasi və iqtisadi inteqrasiyanı daha da dərinləşdirmək, Azərbaycanı Avropa İttifaqı dəyərlərinə daha da yaxınlaşdırmaq, Azərbaycanı 500 milyon alıcısı olan böyük bazara cəlb etməkdir. Bu bazar çox sabitdir və qayda-qanuna əsaslanır.

- «Şərq Tərəfdaşlığı» proqramı təkcə keçmiş sovet ölkələrini deyil, həm də Şimali Afrika ölkələrini də ehtiva edir. Tunis, Misir və başqa ölkələrə də siyasət eyni proqram çərçivəsində müəyyənləşirdi. Bunun Misirdə və Tunisdə baş verən hadisələrin fonunda hansısa dəyişikliyə uğraması ehtimalı varmı?

- Əvvəlcə bir balaca düzəliş etmək istəyərdim. «Şərq Tərəfdaşlığı» sırf 6 qonşuluqda olan ölkələri əhatə edir. Bunlar Ukrayna, Belarus, Moldova və üç Cənubi Qafqaz ölkəsidir. Ancaq Avropa Qonşuluq Siyasətinə Şimali Afrika ölkələri də daxildir. Avropa İttifaqının mühüm siyasi çərçivəsi var ki, bizim qonşuluğumuzda baş verən siyasi hadisələrin də buna müəyyən təsiri olur. Bu dəyişikliklər bizim siyasətə və bizim apardığımız dialoqa daxil edilməlidir və orada öz əksini tapmalıdır. Burda məsələ hansısa bir dəyişiklik aparmaq deyil. Əksinə, bizim əlimizdə hər bir vasitə var ki, ölkədəki siyasi prosesləri dəstəkləyək, onlara yardımçı olaq. Burda dəyişməyə heç bir ehtiyac yoxdur. Bizim əlimizdə imzalanmış sazişlərimiz var ki, bu ölkəyə yardım göstərək. Bunlar həddən artıq çox mühüm tədbirlərdir. Biz tələsməməliyik. Bir neçə həftədir bu hadisələr baş verib. Bizə vaxt lazımdır ki, buna tam baxaq ki, orada nələr baş verir. Bundan sonra bu ölkələrlə apardığımız dialoqda hər hansı dəyişikliklər etmək mümkün olacaqdır. Bunlar siyasi və sosial hadisələrdir. Bunlar əhalinin özünü ifadə etmə vasitələridir. Biz bu ölkələrlə daim dialoq qururuq. Biz bilməliyik ki, bu ölkələrdə xalqın fikrini və sabitliyi necə qarşılaya bilərik.

«BİZ GÖRDÜYÜMÜZ İŞLƏRİ REKLAM ETMİRİK»

- Dinləyicilərdən bir neçə eyni məzmunlu suallar gəlir. Bu suallar təxminən belədir ki, niyə Avropa İttifaqı siyasi məsələləri, demokratiyanı iqtisadi maraqlarına qurban verir? Bu doğrudurmu? Həqiqətən qurban verirmi?

- Bu sualı anlayıram. Bu əlbəttə ki, yanlış təəssüratdır. Avropa İttifaqı Azərbaycanda çox geniş çeşidli bir prosesdə iştirak edir. Tək Azərbaycan yox, digər tərəfdaş ölkələrlə də bu, belədir. Yəni Azərbaycanla da dialoq aparılır... Bu yanlış anlayışdır ki, Avropa İttifaqının Azərbaycanda yalnız iqtisadi maraqları var. Məsələn, enerji sahəsini götürək. Enerji sahəsində hər iki tərəf maraqlıdır. Azərbaycanın da, Avropa İttifaqının da burda iqtisadi və kommersiya maraqları var. Azərbaycan burda satıcı tərəf kimi çıxış edir. Əlbəttə ki, Avropa İttifaqı Azərbaycandan enerjini almaq istəyir. Bunu biz heç kimdən gizlətmirik. Bu, ictimaiyyət üçün açıq və şəffaf bir məlumatdır. Azərbaycan da özünün ehtiyatlarını sata bilməyi bacarmalıdır. Onun da alıcısı Avropa İttifaqı kimi sabit və qanuna riayət edən bir qurum olmalıdır. Azərbaycanla olan dialoqa həm də demokratiya, islahatlar, insan hüquqları, azadlıqlar kimi məsələlər də daxildir. Bu, hətta Avropa Komissiyasının prezidenti cənab Barrozunun bir neçə həftə əvvəl Azərbaycana etdiyi səfər zamanı da gündəlikdə duran əsas məsələlərdən olmuşdur. O, bu məsələləri Azərbaycanın yüksək rütbəli şəxsləri ilə də müzakirə edib. Avropa İttifaqı elə işlər görüb ki, onlar haqqında məlumat həmişə bütün ictimaiyyət üçün açıq olmur. Biz həm hökumətlə, həm vətəndaş cəmiyyəti təşkilatları ilə işləyirik, insan hüquqları sahəsində layihələr icra edirik. Bu kimi layihələri dəstəkləyirik. Sonra həbsxanada olan şəxsləri də ziyarət edirik. Biz işimizi elə qurmuruq ki, qəzetlərin ön səhifəsində bizim haqqımızda məlumatlar olsun. Biz reklam üçün bu işləri görmürük. Biz doğurdan da ciddi olaraq işləyirik. Müzakirələr aparırıq hökumətlə. Məsələn, iki bloqqerin azadlığa buraxılması məsələsini. Biz reklam üçün işləmədik, ancaq hökumətlə yaxşı əməkdaşlıq çərçivəsində bu işi necəsə yoluna qoya bildik. Onlarla çıxış yolunu axtarmağa çalışdıq... Yəni demarşların, hökumətlə əməkdaşlıq etməyin də nəticəsi yaxşı oldu. Bu, hökumətin öz qərarı idi. Biz bu qərarı dəstəkləmişdik. Dediyim odur ki, hakimiyyət dairələri ilə konstruktiv dialoq apardıqda işlər alınır. Mən yenə də təkrarlamaq istəyirəm ki, biz bütün bu işlərimizi reklam xatirinə görməmişik. Biz praqmatik, səmərəli olmağa çalışmışıq. Ancaq əhalinin bir qədər məlumatlı olması üçün çalışarıq ki, bir qədər də reklam üçün
Roland Kobya
işləyək.

AZƏRBAYCAN ƏHALİSİNİN TƏSƏVVÜRÜNDƏ AVROPA İTTİFAQI FİLDİR

- Dinləyici yazır: Azərbaycanda əhalinin, siyasi fəal vətəndaşların Avropa qurumlarına olan hazırkı münasibətinin səbəbləri nədir? Bu münasibət sizi qane edirmi?

- Azərbaycanda Avropa İttifaqının necə anlaşılması ilə bağlı tədqiqat aparılıb. Sonda biz belə bir şəkil aldıq. Bu, fil şəkli oldu. Yəni ki, fil özü çox güclü, ləng, etibarlı, qüdrətli bir heyvandır. Yəni biz bu şəkli aldıq. Tədqiqatın nəticəsi olaraq Avropa İttifaqı haqda Azərbaycan əhalisinin fikri, təsəvvürü bu olmuşdu. Ola bilsin ki, biz Avropa İttifaqı haqqında əhali arasında daha çox məlumat yaymalıyıq. Avropa İttifaqının nə olduğu, hansı işlər gördüyü haqda əhalini daha çox məlumatlandırmalıyıq. İttifaqa 15 üzv dövlətin Azərbaycanda səfirlikləri var ki, biz hamımız bir yerdə böyük iş görürük. Bizim gördüyümüz iş kiçik deyil, işlər konstruktiv şəkildə aparılır. Avropa İttifaqı çox mürəkkəb quruluşa malik olan qurumdur, tərəfdaşdır. Onun müəyyən proseduraları var. Ola bilsin, bütün bunlar gənclərə də izah edilməlidir. Biz Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə qərara almışıq ki, universitetlərdə konfranslar keçirəcək, mühazirələr oxuyaq ki, Avropa İttifaqının strukturları, onun məqsədləri, dəyərləri haqda gənclərə məlumat verilsin. Mən belə başa düşürəm ki, geniş əhali kütləsinin bəzi qurumlarının bu kimi məlumat almağa imkanı yoxdur. Ona görə onların da məlumat almasına biz yardım göstərəcəyik. Mən deməliyəm ki, bu, ikitərəfli bir prosesdir. Azərbaycan əhalisi, Azərbaycan özü Avropa İttifaqını anlamaqda bir qədər çətinlik çəkir. Ancaq bizim diplomatların da ölkənin bütün bu mürəkkəbliyini anlamaları üçün müəyyən vaxt tələb olunur...

- Dinləyici yazır: Avropa İttifaqının Azərbaycanla təmaslarında geosiyasət, demokratiya və iqtisadiyyat nə qədər yer tutur?

- Sizin dediyiniz bu məsələlər bizim gündəliyin yüz faizindən artığını təşkil edir. Avropa İttifaqının 15 üzv dövlətinin heyəti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi – bizim hər birimiz bu məsələlərə bütün vaxtımızı sərf edirik. Avropa İttifaqı ciddi bir tərəfdaşdırsa, o zaman o, bütün məsələləri prioritet olaraq qəbul edəcək. Biz burda məsələləri gündəlikdə prioritetləşdirmirik. Biz çalışırıq ki, ölkə ilə tam dialoq apara bilək. Ölkədə kifayət qədər Avropa İttifaqının əməkdaşları var ki, onlar məsələlərin hər birinə yetərincə vaxt ayıra bilsinlər. Buna bir misal çəkim. Azərbaycanda bu dəqiqə Assosiasiya sazişi ətrafında danışıqlar aparılır. Avropa İttifaqı enerji sahəsində saziş imzalayıb, bununla da işimizi bitirə bilərdik. Ancaq belə deyil. Biz Assosiasiya sazişi ətrafında da işləyirik. Bura sosial, siyasi, insan hüquqları, demokratiya kimi məsələlər daxildir. Yəni demək olar ki, bütün məsələlər bura daxildir. Biz çalışırıq ki, həm Avropa İttifaqı, həm Azərbaycan hökumətini bu məsələdə daha da yaxınlaşdıraq...

- Cənab səfir, mən düşünürəm ki, Siz riyaziyyatçılar üçün yeni bir məsələ qoydunuz. İnsan zamanının yüz faizindən artığını hesablamaq kimi bir məsələ qoydunuz. Güman edirəm ki riyaziyyatçılar uzun illər bunun üzərində işləyəcəklər. Gəlin, məsələni asanlaşdırmaq üçün, həm də riyaziyyatçılara yardım olsun deyə, mən bir az da praktikləşdirim. Cənab Barrozunun prezidentlə görüşündə hansı məsələ nə qədər vaxt müzakirə olunub?

- Mən istəyərdim bu rəqəmləri sizə dəqiqliklə deyim. Ancaq siz bilirsiniz, o səfər zamanı çox görüşlər keçirilib. Tək cənab prezidentlə həm təkbətək, həm rəsmi görüş oldu, həm də sosial tədbir oldu. Yəni burda bunun faizini, hansı məsələyə nə qədər vaxt işləndi - bunu demək çox çətindir. Amma deyə bilərəm ki, hər bir məsələ tarazlaşdırılmış şəkildə gündəlikdə öz əksini tapmışdı.

«PROBLEMLƏRİN OLMASI HƏLƏ DİKTATURA DEMƏK DEYİL»

- Dinləyicilər Azərbaycanı Belarusla müqayisə edirlər. Tez-tez Avropa mətbuatında da bu müqayisə özünə yer alır. Azərbaycan və Belarus ikisində də diktatura mövcuddur, ikisində də insanlar fikirlərinə görə həbs olunurlar, ikisində də seçkilər saxtalaşdırılır. Amma Belarusa sanksiyalar tətbiq olunur, Azərbaycana isə yox. Azərbaycanla dostluq etməyə çalışırlar, Belarusla isə sərt addımlardan qorxmurlar. Bu ən çox verilən suallardan biridir.

- Birinci, mən o mövqedə deyiləm ki, o müqayisəni aparım. Mən Belarusda akkreditə olunmuş səfir deyiləm. Mən Azərbaycana təyin olunmuşam. Yəni mənim üçün çox çətin olar ki, az bildiyim ölkə ilə daha yaxından tanıdığım ölkəni bir-biri ilə müqayisə edim. Bir onu vurğulaya bilərəm ki, hər iki ölkə «Şərq Tərəfdaşlığı»na üzv olan ölkələrdir. Bu da Avropa İttifaqı ilə 6 tərəfdaş ölkə arasındakı regional bir dialoq təşkil edir. Biz bu dialoq zamanı bu ölkələrin hamısı üçün ümumi bir yanaşma tətbiq edirik. Bu siyasət çərçivəsində biz ölkələrin hər birinin spesifik şəraitini də nəzərə alırıq... Biz bu ölkələrin altısına da «Şərq Tərəfdaşlığı» çərçivəsində eyni siyasət tətbiq edirik. Yəni burda Avropa İttifaqı prinsipləri, dəyərləri tətbiq olunur. Əlbəttə ki, ölkələrin hər birinin spesifik şəraiti də nəzərə alınır. Burda həm ikitərəfli, həm də qrup şəklində yanaşma tətbiq olunur.

- Siz Azərbaycanda diktaturanın mövcud olduğu barədə fikirlərlə razısınızmı?

- Diktatura çox güclü bir ifadə oldu. Avropa İttifaqı özü ifadə azadlığını qoruyur. Ancaq hər kəs azaddır, hər kəs sərbəstdir ki, bu kimi ifadələrdən istifadə etsin. Mən bu sözlərdən istifadə etmirəm. Mən insanların duyğularını anlayıram. Mən bilirəm ki, elə işlər var ki, onlar edə bilmirlər. Mən özümü bir diplomat olaraq küçə ilə gedən adamla müqayisə edə bilmərəm. Mənim dünyanın hər hansı yerində əzab çəkən, hansısa bir əziyyətlərə düçar olan insanlara həmişə ürəyim ağrıyıb. Ancaq dünyanın hər bir ölkəsində belə hallar var. Biz buna təəssüf edirik, ancaq buna yardımçı olmağa da çalışırıq. Mən burdakı insanların çətinliyini anlayıram. Ancaq mən həqiqətən də diktaturaların mövcud olduğu ölkələrdə yaşamışam. Orada baş verənlər Azərbaycanda baş verənlərlə qat-qat daha fərqlidir, heç bir əlaqəsi yoxdur. Əlbəttə ki, mən burda olan problemləri anlayıram. Bu məsələləri də Azərbaycan hökuməti qarşısında qaldırırıq...

Şərhləri göstər

XS
SM
MD
LG