Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

Üç yubileyin qovşağında...


Nazim Rza
Nazim Rza
Keçdiyimiz günlərdə Azərbaycan televiziyası 55, rejissor, ssenarist Nazim Rza İsrafiloğlu isə 70 yaşını qeyd etdi. Nazim Rzanın Azərbaycan televiziyasındakı fəaliyyətinin 50 illiyini də nəzərə alsaq, bu yubileylər barədə onunla söhbətləşməyimiz yəqin ki, heç kəsi təəccübləndirməz. Beləliklə, AzadlıqRadiosunun «İz» proqramının «Üç yubileyin qovşağında söylənənlər» adı verdiyi bu sayının qonağı Nazim Rza İsrafiloğludur. Yeri gəlmişkən, Nazim Rza görkəmli Azərbaycan maarifçisi, həm də «Molla Nəsrəddin»çisi Mirzə Məhəmməd Axundzadənin nəvəsidir.

--Nazim müəllim, xoş gördük! Bu ay sizin həyatınızda yubileylər bir-birinə qovuşdu. Azərbaycan televiziyası 55 yaşına, siz isə 70 yaşına çatdınız. Bu dəfə sizi o üzdən «İz»ə bələdçi seçdik.

--Düzü, televiziyanın 55 illiyini elə kənardan eşitdim...

--Necə yəni, sizi yubileyə dəvət etmədilər? İnanmaram!

--Yox...Bizdə belədir də. Ordan gedənləri dəvət etmirlər. Tarix pozulur. Tarixi yenidən yazırlar...

QISQANCLIQ VAR

--Nazim müəllim, axı siz Azərbaycan televiziyasının sifəti, üzü sayılan insanlardansınız...Sizi necə unutmaq olar?

--Tamaşaçılar doğrudan da sizin kimi düşünür. Ancaq inzibatçılar yox. Görünür, qısqanclıq var. İstəmirlər ki, bu televiziyada müəyyən işlər görmüş adamlar üzdə olsunlar. Yəqin mətbuatdan izləyirsiniz, özlərinin ortaya qoyulası heç nələri yoxdur. Ona görə keçmişdə olan uğurların üstündən xətt çəkməyə hazırdırlar. Az TV-nin xəzinəsində olanlar heç bir kanalda yoxdur. Amma o xəzinənin yüzdə, mində birindən istifadə olunmur. İnsanda intellekt yüksək olanda, o xırdalıqlara getməz. Hər şeyə öz dünyasından baxar, yaxşıya qiymət verməyi bacarar. Həyatımın 50 ili Azərbaycan televiziyasında keçib və mən bununla fəxr edirəm. Ürəyimdən keçən şeylərin demək olar ki, böyük hissəsini həyata keçirmişəm. Xüsusilə də, Azərbaycan müstəqil olandan sonra. O şeyləri ki, Sovet rejimində demək, etmək mümkün deyildi, Allah ömür verdi, onları müstəqillik dövründə «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində həyata keçirə bildim. İstəyirəm bilsinlər ki, Azərbaycan televiziyasında bu adda bir qurum olub. Bu, «Azərbaycanfilm»dən sonra ölkədə kino istehsalı ilə məşğul olan ikinci təşkilat idi və onun özünün də 50 ildən artıq tarixi var. O tarix də məhv olub. Orada da telefilmi yaradanların adına rast gəlməzsiniz.

DEDİ-QODU, İNTRİQALAR OLAN YERDƏ İŞLƏMƏK ÇƏTİNDİR

--Belə çıxır, televiziya ilə indi heç bir bağlılığınız qalmayıb?

--Yox. Sonuncu filmi keçən ilin aprelində təhvil verdim və bu qərara gəldim ki, bir də ora getməyim. Çünki yaradıcılıq olmayan yerdə, dedi-qodu, intriqalar, şəxsi mənfəət olan yerdə işləmək mənim üçün çox ağırdır. Ona görə fəaliyyətimi fərdi qaydada davam etdirirəm. Kitab yazıram, Azərbaycan neftinin tarixini araşdırıram. Bilirsiniz ki, ermənilər haqqında 4 film çəkdim—ikiseriyalı «Ermənilər-riyakarlığın anatomiyası», «1915-ci il—erməni saxtakarlığının başlanğıcı» və «Timsahın göz yaşları» filmlərini. Axırıncını ötən ilin aprelində tamamladım. Filmlər Ermənistanda təlatümə səbəb oldu. Ermənistan saytlarında-- həm rus, həm ermənidilli mənə qarşı hücumlar oldu. Amma konkret heç nə ortaya qoya bilmədilər. Sadəcə, öz ideoloqlarına xas şəkildə müəyyən yazılar verildi. Bu onu göstərir ki, filmlərin həqiqət olduğunu başa düşüblər...

AKTAMAR ADASINACAN GEDİB ÇIXDIQ

--Yaxşı, bəs bu filmlər harada göstərildi, harada reklam olundu ki, bizim xəbərimiz olmadı?

--Təəssüf ki, bu filmlər Azərbaycan tamaşaçısına çatdırılmadı. O filmlərdə neçə ilin zəhməti vardı. Azərbaycanın bölgələrini qarış-qarış gəzmişdik, Gürcüstanda, iki dəfə Türkiyədə olmuşduq. Dağları, dərələri dolaşdıq, insanlarla görüşdük, müsahibələr aldıq. Elə yerlərdə olduq ki, Azərbaycanda o məkanlar barədə məlumat yoxdur. Məsələn, Van gölündə Aktamar adasına qədər gedib çıxdıq. Vaxtilə ora şər-şeytan yuvası olub. 1905-ci ildə hadisələr ordan başlayıb. Terrorist təşkilatların yığnaq yerinə çevrilib. Orada erməni kilsəsi də olub, kilsə məktəbi də. Terrorçular rahib, keşiş adı altında ora işə düzəliblər. Biz gedib ora çıxdıq, çəkilişlər etdik. Fikirləşirdim ki, bunlar Azərbaycanda təlatümə səbəb olacaq. Türkiyədə elə şeylərlə qarşılaşdıq ki...İqdırda, Vanda, Ərzurumda, Qarsda, Bayburtda, Trabzonda, adını çəkmədiyim saysız kəndlərdə elə söhbətlərin şahidi olduq ki...Məsələn, Van universitetinin professoru bizə bir əhvalat danışdı. Dedi, Vanın Zivə kəndində qazıntılar vaxtı qəribə mənzərənin şahidi olduq. 3 mindən çox adamı qonşu kəndlərdən yığıb ora gətirib güllələyiblər. Professor danışırdı ki, orada bir cavan qadın skeleti tapıldı, qucağında qız uşağı. Saçının hörükləri indi də dururmuş...Təsəvvür edin ki, biz həmin skeletin tapılma kadrını da türk kanallarından götürüb həmin filmə saldıq. O kadrı kim görürdü,
Baxın rus TV-lərinə. Hamısının öz siması, konsepsiyası, özünəməxsus aparıcıları var
qəhərlənirdi...

FİLMİ GÖSTƏRİRLƏR, MÜƏLLİFLƏRİN ADI GETMİR...

Bax, bu filmlərin heç birini əməlli-başlı təqdim etmədilər. Eybi yox, etməsinlər. Proqrama düşmək məsələsi də müşkülə çevrildi. Nəinki günlərini, hətta saatlarını da dəyişirdilər. Məndə belə bir fikir oyandı ki, bunlar tamaşaçını azdırmaq istəyirlər ki, mümkün qədər az adam baxsın. Bu, dəhşətdir. İndi də o filmləri məcburən verirlər hərdən. Amma müəlliflərin adı getmir. Mən Azərbaycanda müəllif filmi yaratmışam. Ssenari müəllifi, quruluşçu rejissor özüməm. Filmi özüm təqdim edirəm. Musiqi tərtibatına da müdaxilə edirəm. Təsəvvür edin ki, film gedir, axırda yaradıcı qrupun adını vermirlər efirə...Mən belə mədəniyyətsizliyi heç yerdə görməmişəm, yəqin Afrikada da belə şeylər yoxdur. Hərdən fikirləşirəm ki, bu yuxudur, belə şey olmaz. Amma olur. Daha doğrusu, bu, adi iş normasına çevrilib. Qaldı 55 illik yubileyə, ora rəhbərlik edənlər bu yubileyi bir imic yaratmaq üçün qeyd etdilər. Əslində isə, o tarixdən imtina ediblər.

QAPALI SƏHMDAR CƏMİYYƏT...

--Bu, Azərbaycan televiziyası deyil, Qapalı Səhmdar Cəmiyyətdir. Uzağa getməyək, baxın rus TV-lərinə. Hamısının öz siması, konsepsiyası, özünəməxsus aparıcıları var. Özü də onların aparıcıları dünənki uşaqlar deyil. Çünki aparıcı olmaq üçün onilliklər gərəkdir. Amma bizimkilər...Azərbaycan televiziyası flaqman olmalıdır. Amma indi nə günə düşüb? Görün, mətbuatda nələr yazırlar? Əgər yalandırsa, verin məhkəməyə. Niyə vermirsiniz?

--Nazim müəllim. Deyəsən indi pedaqoji fəaliyyətlə məşğulsunuz?

--Mən həmişə Azərbaycanın müxtəlif universitetlərində dərs demişəm. İndi bir-iki kitabın layihəsi hazırdır, onu işləməliyəm. Əvvəlki kitablarım çox rəğbətlə qarşılanıb. Elə adamlar var özləri yaxınlaşıb minnətdarlıq edirlər ki, nə qədər əmək sərf eləmisiniz, sağ olun, istifadə edirik kitabınızdan. Hətta «Odlu məmləkət» kitabını İstanbul Mərmərə universitetinin professoru xahiş etmişdi, Türkiyə səfirliyi vasitəsilə ona göndərdim. Orada hazırlanan bir kitabda bu araşdırmaya istinad etməliydilər. Sonra orda çıxan kitabı mənə də göndərdilər.

--Sizin bu adda filminiz də vardı...

-- Azərbaycan nefti barədə 12 seriyalı film idi-- Bakı neftinin tarixini göstərən ilk çoxseriyalı film. O filmi də indi göstərmirlər. Sonra Xalq Cümhuriyyəti ilə bağlı çəkdiyim «Mücadilə» filmi də var, onu da göstərmirlər. Ya da, elə verirlər ki, verməsələr ondan yaxşıdır...

HƏR ŞEYƏ XOFLA BAXIRLAR

--Xalq Cümhuriyyətinə münasibət bəllidir. Bəs neftlə bağlı çəkilən filmlərə qısqanclıq haradan qaynaqlanır?

--Onlar hər şeyə xofla baxırlar. Bax, bu filankəsin filmidir. Bu adam gedib, daha gəlmir, bizi saymır. Axı, belə yanaşmaq olmaz! Mən heç, axı, nəsil dəyişir. 1998-ci ildə 5 yaşında olan uşağın indi görün neçə yaşı var? Bu gənc öz neftinin tarixini görmək istəyir. Bəs kitabların niyə yeni nəşri çıxır? Çünki yeni nəsil gəlir.

FUTBOL KOMANDASI YARADIRSINIZ?!

--Nazim müəllim, nə vaxtdan getdiniz televiziyadan?

--Rəsmi olaraq. 2006-cı ildən. Dedilər ki. təqaüdə çıxmaq lazımdır. Dedim--çıxaq da. Dedilər, cavanlaşmaq lazımdır, dedim yəqin futbol komandası yaradırlar, cavan oyunçular lazımdır ki, sürətlə qaça bilsinlər. Getdim. Amma üstümdə yarımçıq filmlər vardı, onları başa çatdırmalıydım. Onları bitirəndən sonra özümə söz verdim ki, daha ora getməyim.

HAMINI DEPORTASİYA ETDİLƏR

--Televiziyada işə nə vaxtdan başlamışdınız? Televiziya 1956-cı ildə yaranmışdı...

--1961-ci ildə gəlmişdim. Həm TV-də, həm radioda ştatdankənar çalışırdım. 1966-dan ştata götürdülər. O dövrdə gözəl sənətkarlar işləyirdi orda. İndi heç kəs qalmayıb. Hamısını deportasiya ediblər. Təqaüd adı ilə, öz ərizələri ilə çıxarıblar. Mən onu haqlı olaraq deportasiya adlandırıram. O qədər insanı—lazımlı adamları...Ordan gedən kadrlar ölkənin heç bir kanalında yoxdur. O kadrlar onilliklərlə yetişib. Müxtəlif şəhərlərdə təcrübə keçiblər. Əgər bu kanal flaqman olsaydı, o biri kanallar ondan nümunə götürərdilər.

EKRAN GÜZGÜDÜR, HƏR ŞEY ƏKS OLUNUR

--Nazim müəllim, yeri gəlmişkən, bu həftə yarım əsr çalışdığınız kanalın nəzdində «Mədəniyyət» kanalı açıldı. Heç baxmısınızmı?

«Mədəniyyət» kanalının uğurlu olmasına inanmıram»
--Yox, baxmamışam. Mən elə bir kanalın açılmasına sevinərdim. Amma onun uğurlu olmasına inanmıram. Çünki hər şeyi insanlar yaradır. Axı bu qəzet deyil. Ekran güzgü kimidir. Nə etmisənsə, onu göstərəcək. Təqlid etməklə də olmur. Təqlidi də gərək bacarasan. Kanallarda çoxlu xaricdəngəlmə layihələr var. Həmin layihələr Türkiyə kanallarında da gedir, Rusiya kanallarında da, Qərbdə də. Müqayisə edin. Onlar hara, bunlar hara! Niyə? Çünki sənətkarlıq yoxdur. Dünyada məşhur futbol komandaları var. Onların oyunlarına baxırlar, xaricdən məşqçi gətirirlər, pul buraxırlar. Amma elə oynaya bilirlərmi? Yox. Çünki ustalıq yoxdur. Televiziya sənətkarlıq sevir. Hər sahənin öz adamı var. Bu yaxınlarda eşitdim ki, Azdramada islahatlar aparılır, aktyorları müsabiqə yolu ilə seçəcəklər. Mənə qəribə gəldi. Tutaq ki, müsabiqə etdiniz. O müsabiqəni kim keçirəcək? Adil İskəndərov yox, Mehdi Məmmədov yox, Məhərrəm Haşımov yox, Tofiq Kazımov yox...Bu adamlar yoxdur, o birilərini də saymırlar. Ortada intriqalar da var. Kim bu aktyorlara qiymət verəcək? Məmurlar ordusu? Suallar çoxdur, cavablar yox! Televiziyada, sənətdə məmur öz ağacını döyəcləməyə başlayanda, orada heç nə əmələ gəlməz.

SƏNƏTKARLAR AZALIR

--Pessimist ruha köklədiniz...Bəs bu işin axırını necə görürsünüz?

--Mənim fikrimcə, ölkədə mədəni həyat ölüb. Yadıma gəlir ki, Fikrət Əmirovun «Sevil» operasının ilk tamaşası olanda, Azərbaycan qaynayırdı. Operaya hətta radioda—qısaldılmış variantda həvəslə qulaq asırdılar. Amma indi hamını silkələyəcək tamaşanın olduğunu mən eşitməmişəm. Sənətkarların sayı get-gedə azalır. Musiqiyə baxın. İndi kim qalıb? Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə...Onları da elə bil dövr sıxıb. Axı, onlar böyük sənətkarlardır. Görünür, baxıb görəndə ki, səviyyə aşağıdır, həvəsləri ölür. Yeniləri də yoxdur. Bəlkə də var, ortalıqda yoxdur.

YAŞAYARIQ, GÖRƏRİK!


--Nazim müəllim, vaxtımız sona çatır. Siz AzadlıqRadiosunun daimi qonağısınız. 5-6 il əvvəl babanız Mirzə Məhəmməd Axundzadədən başladığımız söhbət illərdir müxtəlif mövzularda davam edir. Buna görə sizə təşəkkür edirəm. Heç öz yubileyinizdən danışmadınız. Necə keçirdiniz yubileyinizi?

--Sağ olun. Şükürlər olsun allaha ki, məni 70 yaşına çatdırdı. Onun 50 ilini də Azərbaycan televiziyasında keçirdim. Bəlkə gələcəkdə yenə nə isə etmək üçün ab-hava yarandı. Görək yeniləşmə olacaqmı? Bu saat yeniləşmə adı ilə geriləşmə olur. Yaşayarıq - görərik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG