Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:04

Klintonun mesajı, DİN-in İsgəndər Həmidova cavabı və...


Mətbuat icmalı
Mətbuat icmalı
«KLİNTONUN MESAJI TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK»

Bunu siyasətçi Sülhəddin Əkbər «Azadlıq» qəzetinin 20-21 fevral tarixli sayına deyib:

«Amerika başa düşüb ki, müsəlman ölkələrin avtoritar, diktator liderləriylə yox, azadlıq istəyən xalqlarıyla bir hərəkət etmək lazımdır. Ona görə ABŞ rəsmilərinin bu istiqamətdəki açıqlamaları son vaxtlar intensivləşib. Bu, ABŞ-ın milli maraqlarına da cavab verir».

S.Əkbər düşünür ki, Klintonun mesajı Azərbaycana təsirsiz ötüşməyəcək:

«Yaxın və Orta Şərqdən fərqli olaraq Azərbaycan fərqli geopolitik məkana daxildir. Orta Şərqdə ABŞ hakim qüvvədirsə, bizim məkanda da Rusiya hakim qüvvədir. Rusiya da avtoritar rejimlərin müdafiəçisi rolunda çıxış edir. Bu baxımdan, Azərbaycandakı daxili siyasi proseslərə Rusiyada gedən proseslər daha ciddi təsir edir, nəinki Amerikanın hakim olduğu geopolitik məkanda baş verən proseslər. Amma istənilən halda, Orta Şərqdə gedən proseslər Azərbaycana təsirsiz ötüşməyəcək».

«NAZİRLƏR KABİNETİ BU GÜN AZƏRBAYCANI İNQİLABA SÜRÜKLƏYƏN BİR QURUMDUR»

Gömrük Komitəsinin keçmiş birinci müavini Cümşüd Nuriyev «Yeni Müsavat» qəzetinə müsahibəsində hökuməti tənqid edir ki, Baş nazir və onun müavinləri iqtisadiyyatdan uzaq adamlardılar:

«Bir hökumətin ki, başçısı son 17 ildə 17 dəfə danışmayıbsa, istefaya getməlidir. Ya onun müavinləri nə gündədir? Aqrar sahəyə kimsə rəhbərlik etmir. İki müavin humanitar işlə məşğuldur - Elçin Əfəndiyevlə Əli Həsənov. Bir müavin də tikinti ilə məşğul olur. Nazirlər Kabineti o qədər fəaliyyətsizdir ki, mən bilmirəm orda iqtisadiyyat şöbəsinin sədri kimdir. Heç olmasa Oqtay Haqverdiyev olanda, çıxıb nəsə danışırdı. İndi bilinmir ora kim rəhbərlik edir. Əslində, Azərbaycan bazarında qiymətlərin bahalaşmasının günahkarı da hökumətdir. Qanunla hər ay Tarif Şurası yığılmalı, oradakı nazirliklər bazarların monitorinqini ortaya qoymalıdır, ölkəyə nələrin idxal olunduğuna baxılmalıdır. ...Sizə bir şey deyim, Nazirlər Kabineti bu gün Azərbaycanı inqilaba sürükləyən bir qurumdur. Yəni bu, birmənalıdır».

«POLİSDƏN ÇIXAN CİNAYƏTKARLARIN ƏKSƏRİYYƏTİ AXC-MÜSAVAT CÜTLÜYÜ DÖVRÜNDƏ İŞƏ GÖTÜRÜLƏNLƏR OLUB»

İsgəndər Həmidov
«Bizim yol» qəzeti yazır ki, Daxili İşlər Nazirliyi bu qurumun keçmiş rəhbəri İsgəndər Həmidovun ittihamlarına cavab verib.

DİN sözçüsü Orxan Mansurzadə bildirib ki, «polisdən çıxan cinayətkarların əksəriyyəti AXC-Müsavat cütlüyü dövründə işə götürülənlər olub.

Qəzetin ötən sayında İsgəndər Həmidov DİN-in ünvanına sərt ittihamlar səsləndirib. O, bildirib ki, harada mütəşəkkil dəstə aşkar edilirsə, həmin dəstənin tərkibində polis əməkdaşı çıxır. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə «Bizim Yol»a açıqlamasında deyib ki, İsgəndər Həmidovun açıqlamalarını sovet şinelindən çıxmış sabiq polis zabitinin və yalançı meydan qəhrəmanlarından birinin düşüncə tərzinin məhsulu kimi qiymətləndirmək olar:

«Onun söylədiklərinə heç bir şərh vermədən qeyd etmək istərdim ki, ölkə rəhbərliyi daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini, dövlətçiliyin qorunması sahələrindəki xidmətlərini hər zaman yüksək qiymətləndirib.

ƏLİ HƏSƏNOV: «CƏMİYYƏTLƏ DİN ARASINDA HƏMİŞƏ BİR VASİTƏ VARDIR Kİ, BU DA ELMDİR»

«Azərbaycan» qəzeti 20 fevral tarixli sayında Dövlət İdarəçilik Akademiyasında keçirilən «Cəmiyyət və din» mövzusundakı tədbirdən yazıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək deyib:

«Azərbaycanın müasir cəmiyyət və din siyasətinin hər ikisi bir-biri ilə bağlı məsələlərdir. Eyni zamanda, cəmiyyətlə din arasında həmişə bir vasitə vardır ki, bu da elmdir. Hər üç siyasətin əsası 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Prezident İlham Əliyev həmin siyasəti mövcud reallıqları, günün tələblərini, cəmiyyətin, təbiətin və bəşəriyyətin inkişafı ilə bağlı digər məqamları nəzərə almaqla davam etdirir. Hakimiyyət orqanlarının bu sahədə əsas vəzifəsi dövlətin konstitusion əsaslarını qoruyub həyata keçirməklə yanaşı, əhalinin tapındığı, sitayiş etdiyi, dini normaların da cəmiyyət həyatına uyğun şəkildə inkişafına şərait yaratmaqdan ibarət olmalıdır».

Ə.Həsənov bildirib ki, Azərbaycanın tolerantlıq mühitini qoruyub saxlamaq, inkişaf etdirmək təkcə dövlət qurumlarının, dini konfessiyaların deyil, həm də elmi ictimaiyyətin vəzifəsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG