Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:04

Oqtay Qorçu "Küçə uşağı" (Hekayə)


Atası həmişə döyürdü. Bağırdıqca bağrı yarılırdı. İti sanırdı onu. Sanki bağlamışdı qapısına.

Yenə bağırıb təpikləyirdi. Sonra anası gəldi.

Qadını görüb qızışdı. Və atası tüpürdü. Onun üzünə tüpürdü. Anasının balasını sındırdı.

Oğlan anasından utandı. Qadın qorxusundan dinmədi. Ata qapını açdı.

Oğlunun getməyini istədi. Sözü həmişə keçmişdi. “Evimdən itil!” qışqırdı.

Oğlan evdən qaçdı. Sonra küçələrə düşdü. Oğlan çevrildi avaraya.

Küçədə veyillənməyə başladı. Pis oğlan oldu. Pis olmaq istəyirdi.

Onu axtaran tapılmadı. Nigaran qalmayanlara qəzəbləndi.

Daha geri dönmədi. Görənlər tanımazdı onu. Küçə uşağına çevrilmişdi. Qoşulmuşdu şəhərin avaralarına.

Öncə söyüş öyrənmişdi. Yaşından çox bilirdi. Oğurluq, nəşə, qumar. Avaralar yerini tanıtdılar. Yığışdıqları yeri göstərdilər. Onlarla xeyli gəzdi. Onlarla yatıb-durdu.

Bir gün səfehlədi. Bekarçılıqdan oyun quraşdırdı. Yaşıdlarına tüpürməyi öyrətdi. Öncə uzağa tüpürürdülər.

Bundan da bezdilər. “Tüpürcək davası”na başladılar. Lap daşlaşdıqları kimi. Bir-birilərinə tüpürürdülər. Başladılar lombayla tüpürməyə.

Onlar üzə tüpürürdülər. Həmişə üzə tüpürürdü. Tüpürcəyə bulaşmırdı, əyilirdi. Lombayla tüpürməyinə öyünürdü.

Üzünə az tüpürürdülər. Avaralara əyləncə tapdı. Yeni oyun quraşdırdı. Beləcə baş qatırdılar. Tez də tanındı.

Çevrəsində hörmət qazanırdı. Get-gedə tanınırdı. Sayırdılar bu oğlanı. Hamı adını bilirdi. Öz vərdişini tapdı.

Məşhur avara oldu. Böyüyü, kiçiyi tanıtdı. Onu uşaqlardan ayırdılar. Küçə uşağını apardılar. Onu öyrətməyə başladılar.

Əvvəllər güdükdə dururdu. Xəbərçilik də edirdi. Görüş vaxtını bildirirdi. Cibgirlərlə, oğrularla gəzirdi.

Ustadı qoca idi. Özüylə gəzdirər, öyrədərdi. Nəhayət, qocadan aralandı. Qoca daha görükmədi. Çətin “işə” getdi.

Nəhayət ki, təsadüf. Bir gün görüşdülər. Onu görüb tanıdı. Atası onu döymüşdü. Atası evdən qovmuşdu.

Anası baxa-baxa. Onu əzən atası. Atası üzünə tüpürmüşdü. İndi atasını gördü.

Atasının cibinə girdi. Atasının ayıqlığına tüpürdü. Atasından hayıf çıxdı. Ciblərini silib-süpürdü. Nə vardısa götürdü.

Pulsuz atasına güldü. Xeyli bağıran atasına. Bu zövqü yaşadı. Küçə uşağı xoşallandı.

Cibgir sevindiyindən uçurdu. Nağıla düşdü birdən. Düşən paya sevindi. Lap xəyala bənzəyirdi.

Elə bil bağışlanmışdı. Hayıf çıxdı, dincəldi. Sanki quşa çevrilmişdi. Həmin gün qanadlanmışdı. Cibgir qələbə çalmışdı. Oğlan xoşbəxt idi.

Oturub atasını fikirləşdi. Pulsuz kişi bağıracaqdı.

Evdə başına döyəcəkdi. Hayıfını arvaddan çıxacaq. Donquldanacaq: “Tüpürüm! Tüpürüm!”

Atası evdən qovmuşdu. Qovub qaçaq elədi. İndi küçə uşağıdır. Atasının ağzını açdırdı. Açdırdı ki, danışsın.

Atası “Tfu!” dedi. Atası üzünə tüpürdü. Atası yenə tüpürəcək. Lombasıyla, öz üzünə. Naçar qalmışdı axı. Ata uşağına aldandı. Tüpürmək karına gəlmədi. Oğul atanı üstələdi.

Cibgir indiyədək veyillənir. Gecə görəcək hamını. Yenə avaraları tapacaqdı. Bu gün varlanmışdı.

Tanıdıqlarına qonaqlıq verəcəkdi. Dönə-dönə söz verdi. Pıçıldayırdı, toxtaqlıq verirdi. Gülürdü başına gələnə. Getdi kef eləməyə.

Atasına oxşamırdı avara. Özünə yenə xatırlatdı. Avara cibinə baxdı. Oğlan şaqqanaq çəkdi.

Kafedə tapdı dostlarını. Onları başına yığdı. “Xəsislik eləməyək!” bağırdı.

Bir kişi tüpürürdü. Bir kişini soymuşdular. Atası başına döyürdü. Anası da dindi. Evdə qiyamət qopdu. Qadın ərinə tüpürdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG