Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:38

Arif Qasımzadə "Con" (Hekayə)


Göydən od ələndiyi, isti şüalarla adamın başının deşildiyi adi yay günlərindən biriydi.

Günəş heç bir şeyə məhəl qoymadan qarşısına çıxan hər kəsi - cavanı-qocanı, xəstənı-uşağı, varlını-kasıbı heç bir ayrıseçkilik etmədən əzib keçir, hər saniyə bizə daha da yaxınlşamağa çalışırdı.

Dəniz qırağında yerləşən malikanə gözəl inşa olunmuş, hər cür şəraiti olan bağ evi görüntüsünü yaradırdı.

Üç mərtəbəli tikiliyə tamaşa etməyə bir cüt göz azlıq edərdi, gərək bir cüt də əlavə edib səhərdən axşama kimi baxdıqca baxasan.

Divar naxışları incəliklə işlənilmişdi, hər yerdə özünü gözə soxmaq istəyən adam kimi büsbütün hər yeri bürümüşdü.

Mələk fiqurlu heykəlciklər mühafizəçilər kimi binanın hər yerində gözə dəyirdi. Həyətin tən ortasında fəvvarə qurulmuşdu.

Bağ-bağatı çox gözəlliklə salınmışdı. Ağaclar sıra ilə, səliqəli əkilmişdi. Burada hətta palma ağacları da vardı.

Bağı dövrələyən ucsuz-bucaqsız hasar “böyük çin səddi”ndən də əzəmətliydi. Hasarın özünü isə elə hündür, qorxunc və bədheybət tikmişdilər ki, elə bil alınmaz qaladır, yaxud istehkamdır.

İlk baxışdan adamın canına qorxu salırdı.

Bir zamanlar alınmaz qala hesab olunan Bastiliya qalasını almaq olardı, amma buranı almaq top-tüfənglə, silah-sursatla hücum edilsəydi də belə, qeyri mümkündü.

Enlikürəkli, iri əzələli mühafizəçilərin arasından keçib buraya daxil olmaq ağlasığmaz bir şeydi.

Burada - böyük bir ağacın kölgəsində bütün problemlərdən uzaq üç nəfər dairəvi masa arxasında oturmuşdu.

Şirin-şirin söhbətləşir, pivədən də aram-aram “vururdular.” Onlardan təxminən beş metr aralıda iki nəfər cavan oğlan quzu ətindən kabab bişirməklə məşğuluydular.

Aləmə yayılan kababın ətir-qoxusundan ac qarını tamamilə doyuzdurmaq mümkündü.

Ortada oturub hər iki müsahibinə jestlərlə canfəşanlıq və qonaqpərvərlik göstərən adam çox güman ki, ev sahibiydi.

O, dolu bədənli, iri gövdəli, buxaqlı, orta boyluydu. İdmançılara bənzər bədən quruluşu vardı.

Çünki, orta yaşlı və yaşlı adamlarda olan “qarın” bu adamda yox idi. Bunu onun arada bir ayağa qalxıb, bədənini o tərəf-bu tərəfə əyməsi də sübut edirdi. Sifətinin quruluşundan ona qırx-qırx beş yaş ancaq vermək olardı.

Başı tər-təmiz qırxılmışdı, buna baxmayaraq başı bədəninə nisbətdə yenə böyük görünürdü.

Qısaboğazı olan ev sahibi çox güman özündən çıxan və tez-tez hirslənən adamıydı. Bu adamın dəqiqəbaşı : - Gətirin də, nooldu ? Bişmədi bu? - deməsiydi.
Kabablar tezliklə gəldi.

Başlarını əyib isti-isti kababdan yeməyə başladılar. Arada bir başlarını tərpədib “çox dadlıdır, çox ləzzətlidir” kimi məmnunluq hisslərini bildirirdilər. Ev sahibi yeməyinə fasilə verib, yağlı əlini dəsmalla sildi.

Sonra, səyyar ev telefonunu götürüb sol əlində tutdu, sağ əliylə nömrələri yığdı. Mikrofon düyməsini basdı. Səsi hamı aydın eşidirdi. Telefonun o başından səs gəldi :

- Alo. Bəli eşidirk dayı. - əvvəlcədən kimin zəng vurduğu da aydınca sezilirdi.

- A bala, o Conu da götür, gəl yanıma. – dedi həmin ev sahibi.

- Con yatıb dayı, özü də təzəcə yuxuya gedib zavallı. – telefonun o başındakı şəxs yorğun-yorğun cavab verdi.

- Necə?... Yatıb?...- ev sahibi həyəcanlanmışdı. – Qoy yatsın onda, dəyməyin.

Yaxşıca dincəlsin...Sonra gələr.- deyib, telefonun düyməsini basıb onu masanın üstünə atdı.

Qonaqlar isə gah yeməyində, gah da dişlərini ağarda-ağarda irişməklərində idilər.

Onlardan biri, nisbətən uzunboylu, arıq, qıvrımsaçlı olanı bic-bic dilləndi :

- Kimdi axı bu Con?

- ... – ev sahibindən səs çıxmadı.

- Mühafizəçindi?

- Yox.

- Aşpazındı onda. Xaricilərin yaxşı aşpazlıqları olur. Ona görə belə kökəlmisən. Ha, ha, ha...

- Xeyr. Aşbazımda deyil.

- Pah atonnan... Evin yıxılsın məni qınayan...- Əlindəki sümüyü hirslə masanın üstündəki boşqaba tullayan adam dilləndi. - Onda da yəqin mühasibindi. Ya da tərcüməçin.

- Yox ki, yox.

- Onda inşaatçıdı, hə düz tapdım, memardı. Axı bu cür bağı, belə yaraşıqlı evi kim yarada bilər. Əlbəttə ki, Con. Elədirmi? – Bu səfər əminliklə, özündən razı qalmış şəkildə cavab verdi.

- O da deyil. Heç birisi deyil. – dedi ev sahibi. – Gələr özünüz görərsiniz. Çənəmi yormaq istəmirəm...

Bu iki şəxs bir-birilə dialoqda ünsiyyətdə ikən üçüncü şəxs qəfildən pıqqıldamağa başladı.

Baho, gülüş nə gülüş. Gülməkdən sifəti də qızarmışdı. Bu adam qısaboylu, uzunsov sifətli, orta yaşlı birisiydi.

Nə arıq, nə də kökdü. Amma qarın bağlamışdı. Gözlərinin altı azacıq tuluqlamışdı. Bu isə onun alkoqola meyilli olduğunu göstərirdi.

Ev sahibiylə ikinci şəxs mat-məəttəl ona tərəf baxdılar. O isə, sakitləşmişdi. Amma yenidən qəfil gülməyə başladı. Özü də bu dəfə əllərini bir-birinə möhkəmcə çırpandan sonra. Gözlərindən yaş gəlincəyə qədər güldü.

Bu vaxt ərzində isə həmin iki xidmətçi cavan uşaqlar masanın üstünü yığışdırmış, yaxşıca dəmlənmiş pürrəngi çay düzmüşdülər.

Çay xüsusi çay idi. Belə çayı dükanlarda satmırdılar. Suyunu isə odun samovarında yaxşıca qaynatmışdılar.

Ona görə də çaydan yaxşıca ətir iyi gəlirdi. Çaydan qalxan isti buxar dumanı adamın xəyalını özgə bir aləmə aparırdı.

Üçüncü şəxs çaydan bir-iki qurtum içib, qəfil gülüşünün izahına başladı :

- Hə, Con dedin, yadıma “Con əmi” düşdü. – o, çaydan bir qurtum da içib sözünə davam elədi : - Əvvəlki iş yerimdə texniki mühəndis kimi işləyirdim. İşimiz ondan ibarətiydi ki, müxtəlif sifarişləri yerinə yetirib üç aya, dörd aya, bəzən lap bir ilə kimi işləyib tələb olunan texniki məhsulu sifarişçilərimizə təhvil verirdik. Çox ağır işiydi, məsuliyyətli, dəqiq və operativ. Millimetrinəcən hər şey dəqiq olmalıydı. Elə ona görə orada çox qalıb işləmədim. Keçdim başqa sahəyə. Heç də peşman deyiləm...

- Hə, o Con nooldu bəs? – ev sahibi hirslənməyə başlayırdı. Onun öz həyatından danışması deyəsən onun üçün maraqsız idi.

- Con adlı bir ingilisiydi. Soyadı yadımdan çıxıb. Rəngi meyit rəngi kimi həddindən artıq ağıydı. Bütün şimali Avropaya xas olan rəng. Bir az da yaşlı olduğu üçün ona “Con əmi” deyirdik. Təbii ki, o bizim dili başa düşmürdü. Heç buna səy də göstərmirdi. Nəyinə lazımdı ki? Dünyada hamı onsuzda ingiliscə danışır. Özünü böyük sayan millətin nümayəndəsi kimi aparırdı...

- Hə, bəs sonra? – bu dəfə ikinci şəxs onun sözünü kəsməli oldu. Onun danışarkən çox uzağa getməsi ev sahibi kimi onu da bezdirmişdi.

- Sonrası belədi ki, Con adlı həmin ingilis xarici şirkətin nümayəndəsi kimi
yoxlama və təftiş aparmaqla məşğuluydu. Tez-tez, qəfil gəlib bizi yoxlardı. Çatışmamazlıq və səhlənkarlıq aşkar etsəydi birinin də üstünə beşini qoyub yuxarılara çatdırardı. Bundan sonra başlardı : - repressiyalar, cərimələr, maaşdan kəsilmələr və sairə və ilaxıra. – O, çayını içib qurtardı. Xidmətçi oğlan onun stəkanını yenidən doldurub həmin şəxsin qabağına qoydu. İsti çaydan bir-iki qurtum alıb yenə sözünə davam elədi : - Günlərin bir günü bax beləcə, bu günkü kimi, - sağ əlini havada gəzdirib iri bir qövs cızdı – gözəl hava vardı. Müdirim məni çağırdı kabinetinə. Dedi ki, sən ingiliscə bilirsən? Dedim az-maz bilirəm, necə bəyəm? O da cavabında : - Onda bu gün Conu sən yola salmalı olacaqsan.- dedi.

Yaxşıca geyinərsən, necə lazımdı, hər şey öz qaydasında. Gərək Conu yaxşıca yola salaq. O bu gün bizə təftişə gələcək...

- Sənin bu “Con əmin” əməlli başlı ev yıxanıymış ki? – ev sahibi özünü saxlaya bilmədi və bərkdən gülməyə başladı. Digər iki şəxs də onlara qoşuldu.

- Hə, mən necə lazımdısa forma geyindim, başımda ağ dəbilqə, ayağımda çəkmə, əllərimdə əlçəklər, gözümdə eynək. Hamısı da təptəzəydi. Anbardan indicə gətirmişdilər. Əlimə də almışdım xüsusi ölçü-çihaz çemodanımı. Beləcə “Con əmi” və müdirimlə qalxdım iş görülən qurğunun yanına. “Con əmi” qıraqdan baxırdı, özünü elə biganə aparırdı ki, guya burda deyil, təftişdə iştirak eləmir. Arabir cib dəftərçəsini açıb qeydlər edirdi. Mən də ona proseduru göstərməliydim. Pilləkənlə çıxdıq qurğunun başına. Ardımca da müdirim və Con. Hər dəfə də ingiliscə qırıq-quruq kəlmələrlə onu başa salırdım. “Bu belə, o elə”. Con başa düşməyəndə deyirdi : “What?” Yəni ki, ingiliscə - “Nə? Bu nədir?” demək idi. Xülasə, hər şeyi göstərib qurğunu ölçmək üçün xüsusi ölçü lentini buraxdım. Con çox həsasıydı. Ağzımdan çıxan hər kəlməni “udurdu”. Müdirimnən öz dilimizdə danışan kimi o saat ingiliscə “Vot? Vot?” kəlməsini işlədirdi. Birdən ölçü lenti nəyəsə ilişdi. Ha dartdımsa xeyri olmadı. Nə geri gəlirdi, nə də aşağı düşürdü şoğərib. Yavaşca mızıldana-mızıldana müdirə dedim : - müəllim, gəlmir e... Deyəsən ilişib. Müdirdə dodaqaltı mənə : - dartda dart, bir təhər elə. Gör neynirsən. Con qulaqlarını sallayıb bu pıçıltını eşitdi. Bizə yaxınlaşıb yenə : “Vot? Vot?” dedi. Mən onu bir təhər başa saldım ki, heç elə belə söz soruşurdum. Həmin gün sanki “Con əmi” öz “Vot? Vot?” kəlməsiylə, ölçü lenti də öz ilişməkliyi ilə “ortaq məxrəcə” gəldilər. Beləcə əsəblərimi korlayıb lenti necə dartdımsa lentdə qırıldı, qurğuda, hələ üstəlik özüm də möhkəmcə yıxıldım yerə. Bax beləcə, “Con əmi” sayəmizdə pullar qazandı, müdirim vəzifəsindən düşdü, mənsə işimdən oldum. Amma, hər dəfə bu Con yadıma düşəndə gülməkdən özümü saxlaya bilmirəm...

Çay dəstgahı hələ də davam edirdi. Ətirli, təbii çaydan adam heç vaxt bezməz. Elə hey “gətir birini də içim deyər”. İndi də beləydi. Sanki çay içmək yarışına çıxmışdılar. Bu dəfə ikinci şəxs – həmin o uzunboylu, arıq olanı dilləndi :

- Condan danışmışkən mənim də bir Conum olub axı.

- Həmin “Con əmi?” – dedi ev sahibi.

- Yox əşşi. O deyil. Ona min şükür. – böyük təəssüf hissi ilə başını o tərəf bu tərəfə buladı. – Mənim tanıdığım Con əsl əclafın birisiydi. Dəyyus köpəkoğlunun yekəsiydi. Hər dəfə yadıma düşəndə qanım qaralır, dilxor oluram.

- Çoxmu əclafın yekəsiydi, bu Con? – ev sahibi həmsöhbətini daha da qızışdırmaq istəyirdi.

- Mən də əvvəl işlədiyim xarici şirkətdə Con adlı bir ingilis vardı. Lap böyükləri dəqiq bilmirəm şotlandiyalı idi yoxsa ingilis. Yadımdan çıxıb. Zalımın oğlu godək boyuynan bütün günü fırfıra kimi başımızın üstündə fırlanırdı. Bic gözləri oyum-oyum oynayırdı. İşləyən heyət bizimkiləriydi hamısı – azərbaycanlılar. Balaca bir nöqsan tapan kimi özümüzə deməz, qaçıb tezcənə yuxarılara xəbər verərdi. Nəticəsini də təsəvvür eləyində...- o danışığına bir qədər fasilə verdi. Elə bil ki, o günlərə bir də qayıtmışdı. Gözləri yol çəkməyə başlamışdı. Sonra davam eləməyə başladı : - Hamımız o əclaf Conun əlindən yığmışdıq. Ən çox da mən. Bir gün belə bir şey oldu. İyirmi yanvar günüydü. Ümumxalq hüzn günü. Lövhədə xatirə şəkilləri və yazılar asmışdıq. İndi bütün iş yerlərində bu ənənə var, yəqin bilirsiz. Bu alçaq da görün neynəyib, götürüb lövhədəki şəkilləri və yazıları hamının gözü qabağında atıb yerə, üstünə çıxıb başlayır tapdalamağa... Elə hirslə də eləyir ki, elə bil ayağının altındakı şotlandiyalıdı...Başqa sözlə bu alçaq Conun ingilisliyi tutmuşdu. Kimsə də dillənmir. Hamı mat-məəttəl baxır. Hirs vurmadı beynimə? – bunu deyib stəkanındakı soyumuş çayı birnəfəsə içib yerinə qoydu. – yaxınlaşıb ingiliscə ona insan kimi dedim bu nə hərəkətdir? Nə elədiyinin fərqindəsən ya yox? O isə, daha da coşub ingiliscə çox pis söyüş söydü. Daha məni saxlamaq mümkün deyildi. Yaxşıca çırpdım onu. Nöyüt iyi gələnəcən.

- Sonra nooldu bəs? – maraq getdikcə artırdı müsahiblər üçün. – Cona cəza verdilərmi?

- Ay hay. Evdə bir uşaq necə ərköyünlük edirsə, bu Conda ondan min qat artıq ərköyünlük edirdi. Məni işdən çıxartdılar. Həbs eləməklə qorxuzdular. Uşaqlar da sağ olsun, sözü bir yerə qoyub tətil etdilər, tələb elədilər ki, Con da getməlidir, vəssalam. Axırı da elə oldu. Bu biznesdi, kapitalizmdi. Bir qotur Cona görə gəlirindən, milyonundan vaz keçməli deyildi ki? Conu da göndərdilər İngiltərəyə. Londona. Bizim yüz il gecə-gündüz işləsək də ala bilməyəcəyimiz pulla doldurdular cibini yola saldıar evinə, hələ bir “yaxşı yol sənə” də dedilər.

- Hə bəs necə? Hələ orda da döşünə medal asacaqlar ki, halal olsun sənə. İngilisliyivi göstərmisən orda. - bunu müsahibi dedi.

- Məni sevindirən o oldu ki, dar gündə birləşməyi bacarırıq. Bax əsas budu. Birlik...

Çaylar da içilib qurtarmışdı, keçmişdilər siqaret çəkməyə. Ev sahibi masanın üstündə ağzı bağlı qabda kababdan saxlamışdı. Çox güman o qonaqlar üçün naməlum qalan “Conun” payıydı...

Qəflətən böyük bir it onlara yaxınlaşdı. Qonaqlara tərəf baxıb hirslə mırıldadı. Ev sahibi tezcə ayağa qalxıb mehribanlıqla dedi :

- Con, toxunma özümüzkülərdi.

İt həqiqətən də çox böyükdü, vahiməliydi. Yalan olmasın bir metr hündürlüyü olardı.

Rənginin qaralığı onu daha da qorxunc göstərirdi. Allah eləməmiş gecə qaranlığında kimsə bu iti görsəydi yəqin ki qorxudan ürəyi gedərdi.

Ev sahibi Conun – sevimli itinin başını tumarlayıb, bişmiş tikələrdən bir-bir ona tərəf tullamağa başladı.

Qonaqları sual dolu gözlərlə mat-məəttəl ona tamaşa edirdilər. Nəhayət ki, ev sahibi də dilləndi :

- Hə, sizə deyəcəyim həmin Con budu. - ətdən bir-iki tikə də götürüb itə atdı.- Hələ balaca olanda Londonda bir ingilisdən almışdım onu. Od qiymətinə. Xalis “nemes doqu”du. Özümdən artıq istəyirəm onu. – boşqabdakı ətlər qurtarmışdı. Onun iştahası isə elə böyükdü ki, qonaqları da yesəydi doymazdı. – o vaxtdan saxlayram Conu. Bu adı da elə o ingilis qoymuşdu. Mən də day dəyişmədim adını. Elə o vaxtdan Con qaldı. Indi ona baxmaq üçün iki nəfər ayırmışam. Yeməyinə-içməyinə baxırlar, gecə-gündüz. Ayda bir dəfə də həkimə baxdırıram. Göz dəyməsin. Maşallah turp kimi sappasağlamdır.

- Axı bu itin – Conun sənə nə xeyri var ki, bu qədər xərç çəkirsən, bir məni başa sal görüm? – gödəkboy şəxs dilləndi.

- Bu Conun mənə xeyri çox böyükdü. İstintaq vaxtı ipə-sapa yatmayan ən bərk gedən canini, oğrunu nə bilim cinayətkarı salıram Conun yanına. Beş dəqiqədən sonra hər şey hazırdı. Elə Conun zəhrimar sifətini kim görsə ayaq üstə ölər. Sən bir Conun ağzına bax da!... Dişlərinə bir bax... Qollarına, qıçlarına, duruşuna tamaşa elə. Bunun əlindən kimsə canını qurtara bilər ? Əlbəttə ki yox...

- Hə, hər halda dəyər buna. – dedi uzunboylu şəxs.

- Əlbəttə dəyər. Siz heç “Baskervillərin iti” kitabını oxumusuz? Ya da ki filminə baxmısız? – qonaqlarından cavab gəlmədiyini görən ev sahibi davam elədi : – Hə, bax orda birisi beləcə qorxunc it saxlayır. Lazım olan anda itini daha qorxunc göstərmək üçün ona parıltılı rəng sürtür və gecə qaranlığında parıldayan vahiməli iti görən adamların qorxudan ürəyi partlayaraq ölürlər. Mənim isə rəng sürtməyə ehtiyacım yoxdu. Onun elə öz rəngi kifayətdir ki, hamını qorxutsun...

Günəş yavaş-yavaş batmaqdaydı, səhərki üsyankarlığından əsər-əlamət qalmamışdı.

Qonaqlar ev sahibi ilə görüşüb, bu günkü qonaqlıq üçün, xoş söhbət elədiklərinə görə ona dərin təşəkkürlərini bildirdilər.

Hərə öz maşınına minib yola düzəldi. Quru, torpaqlı yolda maşınlardan qopan toz tezliklə çəkildi və yol yenə də aydın görünməyə başladı.

Elə bu an ev sahibi sevdiyi itini – Conu götürüb dəniz qırağına gəzməyə getdi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG