Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:01

Ülvi Dann. Heykəl



Heykəl


sən heç vaxt bilmədin,
niyə günəş şərqdən çıxır,
de görüm, içimdəki qaranlığı görürsənmi?
soyuqdur, çox soyuqdur bugün,
bir gözüm boşaltdığımız şüşədə,
digəri də güzgümdəki Merlin Manroda.


yadımdadır, uşaqlıqda sürütlərdim anamın tərliklərin,
çünki, çox yekəydi mənə.
sonralar əlim boyda olacaq çəkmələri deyirəm.
bir balaca bədənində, qadınlıqdan başqa hər şey var,
əslində, buna görə sevirəm səni,
öpüşəndə ağzından gələn konyak iyi,
bir də qeyri-peşəkar çəkilmiş siqaret,
səndə olan ən ləziz nəsnədir.

yaxşı bilirsən, bir otaqda yuxudan və masturbasiyadan başqa
daha nələr ola bilər,
sən idin, sabahların gəlişini jalüzün zəncirini dartmaqla elan edən.
bir də taykeş geydiyin bağsız ayaqqabılar,
daşlaşıb, təmir gedən keçiddə kimsəsizdir.

anlamaz bizi kimsə,
zatən anlamaq üçün deyilməli deyil bütün sözlər,
zatən yaşanmaq üçün verilmir bütün ömürlər.
təkliyimizdə dostlar tapıb, seviriksə,
bu qədər ciddi obraz və qlamurluq kimə lazım?
utancaq gözlər,
və ala sifət.. Hə, bugün səndə bütün əlamətlər tərs idi.

“Queen”dən oxuyan dodaqlarıvın pıçıltısı,
ayaqlarım üzərində fırlanan ləpirlərin,
gəlmiş-keçmiş tapdaqlar içində ən doğmasıydı, əzizim.
dəliliyin içinə bir qığılcım atır,
və sən, nəfəs tıncıxdıran bir bürküdə Tanrını tapırsan,
o öz işində, sən də əl çalırsan, kinodaymışsan kimi.

amma səhnəarxası həyat fərqlidir onda,
bütün klassik işbazlar kimi.
bugün bir heykəl ucaldıldı, qalaydan,
dağıldı digər köhnə tikililər,
palçıqlı şüşələrdə heykəllər,
səni axtarıram, yağışsız gecələrdə.

deyirlər, barmaqların izi fərqli hər kəsdə,
istinad edim ki, həyatlar da belə.
amma yalnız barmağın varlığımı,
yoxsa insan olmağımızmı bizi birləşdirən?

ironiya, istehza, bir az da çılğın həyat,
düsturu məlum olmayan aksiomadır,
bizi birləşdirənin varlığı nədir əslində sorsan,
tənhalıq və trivial hisslərdir deyərdim,
əgər sən hələ də yatmamış olsan.


sürutopiya

sən olardın sevgilim,
almanca danışardın “Der Steppenwolf”dan.
bir az içərdik və polis bizdən sənədlərimizi istərdi,
steplerlə birləşik pasportu göstərərdik.
küçədən tapdığımız bir küçüyün
boğazına kəndir keçirib gəzərdik.

səhər. yerdən saldığımız döşəkdə
sənin narahat yuxundan durardım,
yuxuda görərdin
dünən gəzdiyimiz qayıq artıq suda gedir.
kitab vərəqləriylə silərdik burnumuzu,
şaxtadan hər səfərində burnumuzun düşəcəyindən qorxaraq.
bir də sənin batıq gözlərinin üstündə,
qoxusuz bədənimin iyi qalacaq.

özümüzdən iy gəlmir,
və biz də varlığımızı hiss etmək üçün
biraz gec-gec çimərik.
“əgər sən ağlayarsansa, tanrı yoxdur” demək ki,
“əgər sən yoxsansa, səni uyduracam” demək ki,
“əgər sən yazırsansa, tövratını oxuyacam”,
ayələrində adıma rast gəlməyincə,
bütün aforizmləri sənlə bağlayacam.
şüşə ayaqqabılarımızı cırıq yerdən doldurub,
şar edəcəyik. uçacayıq göylərə.

ürəyimin paytaxtında sənə qəsr düzəldəcəm,
həbs edərək özümü,
səni gözətçi edəcəm.
boynundan asılı dini simvolları,
svastikayla dəyişib fürer olacam.
beləliklə sözlər verib
ayrılarıq bir gün, sən buxarlan göylərə,
əvvəl axır balıq tutanda,
sən bulud olaraq ilişərsən toruma.

corabın ucun cıracam,
bütün otağı dolaşıb son ucun sənə gətirəcəm,
toxuyarsan evimizə parçadan dam.
salamat qal, əzizim,
içkili baş reallıqdan ayırdı məni,
artıq nə yazdığımın fərqində də deyiləm,
günəş əgər təzdən çıxsa bu sabah,
qızınmaqçün sinənə ehtiyac bilmərəm.

məni məndən alan dünyamıza,
bir də xoş gəlmisən,
indi arzumu bilmək istəsən,
qaranlıq küçədə
kola butulkasına təpik vurmaq istərəm.
hə, bir də. əgər tikib qurtamasan,
paytaxtımızı zirzəmiyə keçirərsən.


Nağıllar

biz uçuruq,
siqaretin qadağan olunduğu ölkədə,
hamının qucaqlaşıb tüstülətdiyi daxmaya.
orda bizi gözləyənlər var,
ərpləşmiş dişlərində,
həyatın ironiyasını gizlədən var.
konfetin əzilmiş bədəni,
somrulur onun kəsik-kötük dişlərinə,
və uşaq gülüşünün sadəliyində,
küləklər alır onu sinəsinə.

sənin məxməri təbiətin,
mənim inqilablarıma nal döydürür,
yenidən qayıdıb sənin için olmaqçün,
üzüm gülür, içim göynüyür.
bir də qalx ayağa,
bəlkə qolundakı İran saatına yox,
səhradakı qum saatına yox,
Yerlə fırlanan günəşə ehtiyac duydun.

damarlarımın içində axan qanın şırıltısı,
dizəcən qalxmış palçıq,
bir də onu təmizləyən həmin su çalası.
nə deyim?!
onsuzda sözlər qoşulur dalbadal,

hər vaqonunda bir sərnişin olan qatar kimi,
yalnızlığın dadını dar küçələrdə çıxaran pişiklərin,
yuxuma calaq etdiyi
küçə itlərinin hürüşməsidir,
sənin duruxmuş halın.
mağazalar üstündə “qapalıdır” yazılarkən,
bir də gördün biz də qapandıq,
altşüurun təntənəli gəlişində,
qaranlıq içində qaranlıq.

səpələnmiş arzular,
muncuqların dağılmış halıdır,
sarı saçının arasında gəzən fikirlər,
pəki, kimə lazımdır?
qocal, bir az tez qocal,
ölməyib yaşasan sən də oğraş olarsan,
bəlkə onda bu şeri yazdığıma peşman olub,
keçmiş otaqlarımdan qovularsan.

Dahibazlara ithaf olunur

Sənin səssizliyin mənim səsimdən daha gur idi,

Cızdığın qaval daşının qığılcımı,

Qıraqda ət bəkləyən körpənin gözlərini didişdirdi.

Bilməm niyə təkrar edirlər səni,

Bu təlqinmi? Ya parodiyanın ironiyası?

Sən elə bir insan idin ki,

Adın nə imtahan suallarına düşəcək tarix kitabında,

Nə it dəftərində,

Nə polisin qeyd dəftərçəsində,

Nə də ki, mühasibin işçiləri arasında olub.

Sən yalqızlığın və şüurun,

Tarixin və qürurun,

Dönüş nöqtəsiydin.

Özünü təlxəkliyə qoyub intihar edənlər,

Bəlkə heç vaxt anlamazlar ki,

Özümüz doğulmadığımız kimi,

Özümüz də ölməməliyik.

Çünki özünü öldürən bir insan,

Suiqəsdin bünövrəsini elə qoymuş ki,

Ana bətnində insan şüurlu olsa,

Çıxmaz yəqin, o qaranlıq otaqdan.

Sən! Məhz sən kimsənsə bilmirəm,

Ey bəşər tarixinin ilk intihar etmiş şəxsi!

De görüm pulmu, dövlətmi günahkar?

Həyat, sevgi, insanlıqmı günahkar?

Amma sənin dövründə,

Ağzından çiy ətin iyi gələn qoca müdriklər də,

Saqqalını balinanın onurğa sümüyüylə darayan tanrının da,

Döşləri dizlərinə çatmış rəngbərəng birçəkli qarıların da,

Bu qədər poetik olmağına hələ çox var idi.

Sən necə bütün dünyanın istiqamətin dəyişdin!

Tənhalara ən gözəl yolu göstərdin!

Asqıranda “K” ilə başlayan bütün vulkan ocaqları,

Sən artıq qəbilənin ilk intihar etmişi idin.

Və çox güman ki,

Necə ki indi hadisədə yaralanların kafasını kəsdirib,

Tum çırtlayıb, papiros tüstülədən insanlar mərakda,

O zaman da muncuq düzəldən, saç hörən gerizəkalılar,

Hind polisi kimi sonradan çatmaq istəyirdilər dadına.

Amma, ancaq və ya lakin…

Hər şey gec idi,

Sənin adın Təbiət qanunlarına uyuşmayan,

İnsan xəncərinə sığışmayan,

Tanrının havadakı tale adlı cızma-qarasına inanmayan,

Yalnız özünə inanan və gücünü göstərən biri,

İlkin İntihar Edən İnsan oldu.

Çox güman ki, Neandertallar bir-birin yeyib qurtarmışdı,

Dinozavrların skeletləri tükənmiş,

Və insan sümüklərindən qəbilə başçısının qızına,

Çox qiymətli aksesuarlar düzəltmək dönəmi yetişmişdi.

Dözə bilmədi yəqin ədalətsizlik qoxusuna,

Və böyük təəssüf ki, Peyğəmbər olmaq,

Hələ ki, heç kimin ağlına batmamışdı,

Məgər hansısa Peyğəmbər intihar edəmi bilər?

Bəlkə də, elə o vaxtdan başladı təkrarçılıq,

Biri insan həyatını yedi,

Biri həyatın dəyərini,

Biri isə dəyərlərin mənasını.

Göydən üç alma düşdüsə də,

Biri öz yerində Nyutona,

Biri söz deyənə,

Birin də ki, ilk intihar edən insanın,

Əziz və ölməz ruhu naminə,

Ucaldılmış bir xəyali memuarın qarşısına qoyuldu.

Doqquziklim

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG