Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Oliqarxların korrupsiya ilə mübarizəsi, Türkiyə ilə hərbi əməkdaşlıq və...


Mətbuat icmalı
Mətbuat icmalı
«KORRUPSİONER KORRUPSİYAYA QARŞI MÜBARİZƏ APARA BİLMƏZ»

Bunu «Bizim yol» qəzetinə müsahibəsində sabiq deputat Pənah Hüseyn deyib.

«Hətta baş prokuror təsirlənib bildirmişdi ki, anti-korrupsiya tədbirlərini özümüzdən başlamalıyıq. El dili ilə desək, xaric oxumuşdu. Bəs niyə tədbir görmürlər? Bunlar təsəvvür edirlər ki, əhali müsəlman ölkələrində olduğu kimi yaşamalıdır və sabitlik də bu cür olur. Amma xalqların universal qanunlarına əmin olmalıdırlar, son hadisələri göz önünə gətirməlidirlər, özlərini görməzliyə vurmaqla bir şey çıxmaz. Artıq azərbaycanlılar bu vəziyyətə dözmür. Əlbəttə ki, bunlar özlərindən başlamayacaqlar, amma bunlardan başlayacaqlar».

«OLİQARXLARA ÖLKƏDƏN ÇIXMAQ YASAQLANDI»

«Yeni Müsavat» qəzetinin 19 fevral tarixli sayında manşet yazısı belə adlanır.
Qəzet yazır ki, «Azərbaycanda orta və iri vəzifələrdə işləyən məmurlara, hətta tanınmış oliqarxlara ölkə xaricinə çıxmaq qadağan edilib. Hətta rəsmi səfərlər də məhdudlaşdırılıb. Qərar nazirlərə, komitə sədrlərinə, dövlət nəzdində olan səhmdar cəmiyyətlərin sədrlərinə və onların müavinlərinə şamil olunur. Hətta ən yaxın xarici ölkələrə belə bütün şəxsi səfərlər yasaqlanıb».

«AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIĞIN YOLU AÇILMAQ ÜZRƏDİR»

«Ayna» qəzeti yazır ki, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası Azərbaycan və Türkiyə arasında imzalanmış «Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» müqaviləni təsdiqləyib. Komissiya müvafiq qanun layihəsi hazırlayaraq ratifikasiya üçün parlamentə təqdim edib.

«Onillik müddəti əhatə edən müqaviləyə əsasən, dövlətlərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən təcavüzə məruz qaldıqda, tərəflər hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla bir-birinə qarşılıqlı yardım göstərəcək», - deyə yazıda qeyd olunur.

«MƏN ÖZ İŞİMDƏ AZƏRBAYCAN XALQINA ARXALANIRAM»

«Yeni Azərbaycan» qəzetindəki «Mən öz işimdə Azərbaycan xalqına arxalanıram» başlıqlı yazıda prezident İlham Əliyevin gördüyü işlərdən bəhs edilir.

«Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, ölkə daxilində aparılan siyasi islahatlar nəticəsində Azərbaycan Qərb standartlarına yiyələnir...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG