Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45
“Pen klub” verilişinin bu dəfəki qonağı şair Rasim Qaracadır.

...hər gecə ağlayıb zingildəyəcək o qadın,
hər gecə ağlayıb zingildəyəcək...

Beləcə
gənc yaşlarında bir qadın
öz göz yaşlarında əriyib
kimsəsiz,
tənha
və yaralı bir itə çevriləcək...

AzadlıqRadiosu:

- Rasim bəy, “Oxu zalı”nda oxucuların bəzisinə bu şeirdəki obrazlar bir az qəribə gəldi.

Rasim Qaraca:

- Rəylər müxtəlifdir. Bilirəm, belə adlandıranlar varsa da, ona bir şairin münasibət bildirməsi düzgün olmaz məncə.

Önəmli olan odur ki, yaradıcılıq sahəsində nisbətən böyük bir canlanma var.

Həm nəsr, həm də şeirdə yeni imzalar çıxır. Bunlar gözəldir və bu prosesdə tərif də, tənqid də olacaq.

Ələmə prosesi gedir. Ədəbiyyat meyvəsinin yetişməsi zamana bağlı hadisədir.

Bir şeiri ilə yaddaşlarda qalan, nəsillərdən nəsillərə ötürülən şairlər də var. Məsələn, Əli Kərimin şeirlərini götürək.


"Diqqətimi çəkən o olmuşdu ki, müxtəlif dərdi olan 70-ə qədər uşaq evinin hamısının “bitə qarşı şampuna” ehtiyacı var idi...

“Siz ey ordakılar” deyəndə də mən kosmik təfəkkürü yer üzündə əl uzadılmayan uşaqların köməyinə çağırıram".

Bunun arxasında nə br təşkilat var, nə övladları bu işlə məşğul olurlar. Amma hər gələn nəsil bu şairi tirajlayır, dildən dilə ötürür.

Amma şairlər də var ki, arxasında böyük bir qurum dayanıb. Övladları gecə gündüz onların təbliği ilə məşğul olur, arxalarında dövlət dayanır. Amma yenə də bir ayaqları unudulmaq məqamındadır.

AzadlıqRadiosu:

- Amma şairlər də var ki, onların arxasında həmin o böyük qurumlarla çarpışan, mübarizə aparan təşkilatlar dayanır. Məsələn, AYO.

Rasim Qaraca:

- Birdən-birə obrazlardan, o gözəl, incə temadan aralanıb təşkilati məsələlərə gedirsiniz...

AzadlıqRadiosu:

- “Böyük qurum” dediyiniz üçün xatırladım.

Rasim Qaraca:

- Onu demək istəyirəm ki, mən bu məsələlərə tarixi prizmadan baxıram. Yeni ədəbiyyatın gəlişməsi, keçdiyi mərhələlər, üzləşdiyi çətinliklər, qazancı və itkiləri...

Bu baxımdan bizim çox acınacaqlı təcrübəmiz var. Qapalı sovet dövrü ədəbiyyatı, Yazıçılar Birliyinin ona nəzarət mexanizmi kimi nəzərdə tutulması və onun başında duran adamların adlarının süni şəkildə hallandırılması, onların böyük şairlər kimi yetişdirilməsi kimi bir acı təcrübəni biz yaşamışıq.

Ən acınacaqlısı da odur ki, bizim yeni gələn nəsillər də bu acı təcrübədən nəticə çıxarda bilmirlər. Tarixi unudurlar.

AzadlıqRadiosu:

- Məsələn, nə edirlər?

Rasim Qaraca:

- Tutaq ki, biz gənclərin, cavanların toplaşdığı müstəqil təşkilat yaratmışıq. Azad Yazarlar Ocağı.

Buna qarşı nə qədər təpkilər var. Bürokratik mexanizmlər də buna qarşıdır.

Biz təşkilatımızı qeydiyyatdan keçirdə bilmirik. Digər tərəfdən də dövlətin himayə etdiyi bir qurum var ki, bir çox istedadlı gəclər, yeni imzalar köhnə təcrübəni nəzərə olmadan o təşkilatdadılar.

Halbuki, yaradıcılıq azad bir anlayışdır və təşkilatlanma da azad olmalıdır.

AzadlıqRadiosu:

- Siz AYO-nun rəhbəri deyilsiz artıq. Rəhbər dəyişikliyi kənardan baxdığınızda nəsə yeni bir şey göstərir sizə?

Rasim Qaraca:

- Bəli. Bir təşkilatın rəhbərliyində eyni adam uzun müddət qalanda orada durğunluq, böhran yaranır.

Narazılıqlar çoxalır.

Mədəni ölkələr artıq kokret qaydaları qanuniləşdirməklə bütün sahələrdə bu məsələni həll ediblər.

Amma bizdə Yazıçılar İttifaqının adı yalandan da olsa dəyişdirilsə də, bir insan artıq 30 ilə yaxındır onun rəhbərliyində qalır və bu xoş olan hal deyil.

Əgər hələ yaradıcı təşkilatda demokratik münasibətlər yoxdursa, görün başqa sahələrdə vəziyyət necədir.

Mən hiss edəndə ki, AYO-da artıq belə narazılıqlar var, sədrliyi ötürdüm dostlarımıza.

Və belə qayda qoyduq ki, hər ildən bir sədrlik dəyişsin. Bu cür idarəetmənin daha sağlam olacağını düşündük.

AzadlıqRadiosu:

- AYO-da MKM müsabiqəsini boykot etməyə qarşı olanlar da var. Təşkilatın daxilində vəziyyət necədir?

Rasim Qaraca:

- AYO-nun daxilindəki vəziyyət hər zamankı kimi sağlamdır.

Deməzdim ki, hər hansı mübahisə, anlaşılmazlıq var.

Bu təşkilat elə qurulub ki, orada heç bir rəsmiyyət yoxdur. Bu bir arkadaşlıq cəmiyyəti kimi nəzərdə tutulub və özünü də doğruldub.

AzadlıqRadiosu:

- Deyək ki, üzvlərdən birinə, məsələn Qan Turalıya narazılıq ifadə edən bir məktub yazırsınız, o arkadaşlıq pozulmur?

Rasim Qaraca:

- Tənqidə dözümlülük deyən bir anlayış da var.

Tənqidə dözümlü olmaq lazımdır. Şəxsən mən bu keyfiyyəti özümdə də tərbiyə etməyə çalışıram, digər dostlarımızda da.

AYOdaxili tənqidi mesajlar dəfələrlə olub. O cümlədən Qan Turalının AYO üzvləri, məsələn Aqşın, Seymur, Həmid haqqında yazdığı tənqidi məqalələr var.

Bunlar prosesin içərisində olan normal şeylərdir.

AzadlıqRadiosu:

- MKM-nı boykot etməyinizdən peşmançılıq yoxdur?

Rasim Qaraca:

- Mən bunu boykot adlandırmazdım. Düzdü, mətbuat bunu boykot kimi qələmə verir.

Amma biz sadəcə bu müsabiqəyə qatılmırıq. Təşkilat olaraq biz əsər verməmək barədə qərar qəbul etmişik.

Amma yenə də iştirak məsələsini sərbəst buraxmışıq, istəyən əsər verə bilər.

Bu addımda da məqsəd ondan ibarətdir ki, keçən il müsabiqənin birinci mərhələsində nöqsanlara yol verilib.

İndidən - bu il də həmin nöqsanların buraxılacağı hiss olunur.

AYO-nunsa müəyyən mənada adı, imici, korporativ maraqları var.

Ona görə iştirak etməmək qərarı verdik. Bundan müsabiqənin təşkilatçıları özləri nəticə çıxartmalıdılar ki, hansı səhvlərə yol veriblər.

Əgər bu tənqidi qeydlər nəzərə alınsa, 3-5 ildən sonra MKM ciddi, mədəni bir müsabiqəyə çevrilə bilər.

Amma hələ ki, bu hiss olunmur.

AzadlıqRadiosu:

- Sizcə təşkilatçılar AYO-nun bu müsabiqədə iştirak etməməsinə təəssüflənirlər?

Rasim Qaraca:

- Bilmirəm. Amma AYO-nun iştirak etməməsi onlar üçün ciddi hadisə olmalıdıdr və bundan nəticə çıxartmalıdılar.

Çünki əsas yaradıcı qüvvələr AYO ətrafındadır və onlar da öz əsərlərini verməyəcəklər.

AzadlıqRadiosu:

- Bəzən sizi, ola bilər üzdə yox, amma hər halda çağdaş ədəbiyyatın “boz kardınalı”, yaxud “dirijoru” və sair bu kimi ifadələrlə adlandırırlar. Nədən irəli gəli bu?

Rasim Qaraca:

- Mətbuatda bu məsələni təşkilatın mövqeyi kimi hallandırırlar. Mən AYO-nun yox, öz adımdan danışıram.

Bilmirəm mənim bu boz kardinallığım və başqa deyilənlər nə dərəcədə yerindədir. Amma gah deyirlər “heç nə”di, gah da deyirlər “boz kardinal”dı.

Onda qoy bizim opponentlərimiz bu ikisinin arasında bir qərar versinlər.

“Səni aparan suya sel demək lazımdı” deyib atalar. Əgər boz kardinalamsa, onda qoy hesablaşsınlar mənimlə.

Bunu əlbəttə ki, məcazi mənada deyirəm. Amma belə bir iddiam yoxdur.

AzadlıqRadiosu:

- Bir adamın özündən razı olması - onun haqqında “özünü daha üstün sayır”, “özünü əsas fiqur hesab edir” kimi təsəvvürlər yarada bilər ya yox?

Rasim Qaraca:

- Bu mənim özümü üstün saymağımdan irəli gəlmir. Amma bu, tarixən belə alınıb.

AYO-nun yarandığı bu kiçik tarixdə, 10 il ərzində belə vəziyyət yaranıb ki, həqiqətən də AYO sıralarında Rafiq Tağı, Həmid Herisçi, Aqşin Yenisey, Seymur Baycan, Nərmin Kamal, Azad Yaşar kimi ciddi imzalar toplaşıb.

Belə götürəndə bunlar zəmanəmizin öz qiymətini almayan tarixi şəxsiyyətləridir.

İllər sonra onları etiraf edəcəklər hər halda. Yəni biz bir təsadüf deyil, zərurət nəticəsində bir araya gəlmişik və kollektiv şəkildə öz iradəmizi ifadə etməyə çalışırıq.

AzadlıqRadiosu:

- Sizi onların komanda verəni adlandırmaq olar?

Rasim Qaraca:

- Mən Həmid Herisçiyə, Rafiq Tağıya necə komanda verə bilərəm?

AzadlıqRadiosu:

- Amma gənclər də var orada.

Rasim Qaraca:

- Mümkün deyil, Seymur Baycana heç yaxın getmək olmaz.

Yəni absurddur bu sözlər. Sadəcə olaraq bəzən mən sözçü kimi danışıram. Müsahibələr verirəm.

AYO adından bəzi fikirləriim olur. Buna da müəyyən haqlarım var.

Yəni təşkilatın yaranmasında əməyim var. Amma özümü boz kardinal, yaxud yüksək idarəediçi funksiyasında görmürəm bu təşkilatda.

AzadlıqRadiosu:

- Yeni şeirlər kitabınız çıxıb bu günlərdə - “Siz, ey ordakılar”. Təbrik edirik! Dinləyici Vüqar soruşur ki, kitabın adı hardan gəlir?

Rasim Qaraca:

- Kitabın içindən. Kitabda “Siz, ey ordakılar” adlı şeir var.

Bu şeirin maraqlı tarixçəsi var. Bu, bir QHT-nin Uşaq evləri haqda hazırladığı kataloqdan-daha doğrusu orada uşaqların ehtiyacları barədə qeyd olunan statistikadan təsirlənərək yazılmış bir şeirdi.

Diqqətimi çəkən o olmuşdu ki, müxtəlif dərdi olan 70-ə qədər uşaq evinin hamısının “bitə qarşı şampuna” ehtiyacı var idi...

Düşündüm ki, çağırış anlamlı bu şeir başqalarını da təsirləndirə bilər...

“Siz ey ordakılar” deyəndə də mən kosmik təfəkkürü yer üzündə əl uzadılmayan uşaqların köməyinə çağırıram. (Şeiri oxu)

AzadlıqRadiosu:

- Fevralın 18-də 51 yaşınız tamam olur. Özünüzü gənc yazarlara, ya hansılara aid edirsiniz?

Rasim Qaraca:

- Türkiyədə 90 yaşa yaxın yaşamış İlhan Bərkə hər zaman gənc şair deyiblər.

Çünki şeirlərinin ruhunda gənclik var idi. Modernist, avanqard şeirlər yazırdı.

Mən məsələn, onun kimi olmaq istərdim. Qismət olsa 80 il yaşasam mənə də gənc şair desinlər.

Bundan fəxr ediləsi bir hal da ola bilməz.

Fəqət bizim nəslə qalsa, deyim ki, 60-cı illərdə doğulan yazarlar, şairlər, bunlar bəxtsiz yazarlar, şairlərdir.

Çünki, sovet dönəminin son illəri... ondan sonraki müharibə. Durğunluq dövrləri bizim həyatımızdan-şəxsən mənim həyatımdan 10 illəri kəsib qoparmış durumdadır.

Ona görə də o 20 ili əgər çıxsaq, demək olar ki mənim 30 yaşım var.

AzadlıqRadiosu:

- Deməli, 60-cı illərdə doğulanların bəxti 60-cı illərdə yazanlarınkı kimi olmadı.

Rasim Qaraca:

- Hə, o cür olmadı. Amma onlar kimi tanınmaq, çox populyar olmaq, hər gün gündəmdə olmaq, şeirlərinə mahnılar yazılmaq mənim ən çox sevmədim hal olardı.

Mənim şair konsepsiyam mümkün qədər kölgədə olmaq, 3-5 əsl oxucunu tapmaq və az görünməkdir.

Düzdü bu qismət olmur. Sağ olsun jurnalistlər, dəyər verib müsahibələr, açıqlamalar götürdüklərinə görə hər zaman adım mətbuatda hallanır, amma inanın ki, mən bunun arzusunda deyiləm.

AzadlıqRadiosu:

- AYB katibi Rəşad Məcid də bu verlişdə danışanda AYO, orada olan yazarlar barədə fikirlər söylədi. Yəni qarşı tərəfin də öz ittihamları və arqumentləri var.

Rasim Qaraca:

- Həqiqət obyektiv anlayışdı, Rəşadın və digərlərinin deməsinə görə deyil.

Digər tərəfdən də arqumentasiya ilə yalanı da həqiqət kimi göstərmək olar.

Məsələn, bizim hörmətli yazıçımız Anara irad tutanda ki, 37-ci ildə kimlərsə kimlərisə satdılar, kimlərsə güllələndi, kimlərsə vəzifəyə keçdi, o saat məsələn, arqument gətirir ki, Mikayıl Müşfiq də sovet dövrünə poema yazmışdı.

Yəni bu çür arqumentlərlə yalanı həqiqətə, həqiqəti yalana çevirirlər.

Amma mən arqumentasiyaya ümumiyyətlə hörmət etmirəm. Bu, yalanın əlində bir silahdır.

Və Rəşad Məcid kimi orta savadlı insanların da arqumentləri mənə gülünc görünür.

AzadlıqRadiosu:

- Amma siz belə deyirsiniz. O özünü istedadı qiymətləndirəcək səviyyədə bildiyini deyirdi.

Rasim Qaraca:

- Bizim özümüz haqda xəyali düşüncələrimiz ola bilər.

Amma həqiqət də həqiqətdir axı. Rəşad Məcidə hörmətim var. Amma o mənim haqqımda desə ki, istedadlıdır, mən buna sevinmərəm.

Yəni ki sözün düzü Rəşad Məcidin qiymətinə mənim ehtiyacım yoxdur. Pis mənadə qəbul etməsin.

Rəşad Məcid dostumuzdur. Hörmətimi də ifadə edirəm ona. Amma poeziya başqa sahədir.

Mənim axtarışlarım var poeziya sahəsində. Yəqin ki, Rəşad bəyin o sahələrə varmağa, o inciləri tapıb görməyə və seçməyə vaxtı yoxdu.

AzadlıqRadiosu:

- Vaxtı olsaydı bunu edə bilərdimi sizcə?

Rasim Qaraca:

- Vaxtı olar deyəndə ki... yaradıcılıq məhrumiyyətlə dolu bir yoldur.

İnsanlar bəzi maddi şeylərdən özlərini məhrum edib o işlərin dalınca getməli və o dərinliklərə girməlidir.

Rəşad Məcidsə özünə başqa yol - karyera yolunu seçib.

Əlində bir neçə vəzifə var. Hətta Yazıçılar Birliyində gənclər üzrə hansısa katibliyin sədridir.

Yəni bu cür ictimai yüklənmələr insana həqiqət dalınca getməyə, poeziyanı, onun incəliklərini araşdırmağa imkan vermir.

AzadlıqRadiosu:

- Amma Rəşad Məcid ədəbiyyat sahəsində gördüyü işləri, məsələn “525-ci qəzet” vasitəsilə yazarlara etdiyi köməklikləri, sizlərin də orada çap olunmağınızı və sairəni misal gətirib bu müstəvidə haqqı olduğunu deyir.

Rasim Qaraca:

- Kömək edib, bunlar hamısı gözəl işlərdir.

Amma poeziyaya qiymət vermək, insana dəyər biçmək, hətta gedib hansısa münsiflərdə təmsil olunmaq Rəşad Məcidlik deyil.

Tək Rəşaddan getmir söhbət. Onun adını çox hallandırdıq. Bu cür insanlar çoxdur. Münsiflərdə təmsil olunan, AYB-nin yuxarı dairələrində hər kəsə qiymət biçən insanlar ki var, onları mən bu işdə səriştəli, səlahiyyətli hesab etmirəm.

Poeziyanın dəyərini biləcək insanlar az-azdı. Və onlar da görünmür. Məsələn mənim aləmim - Azad Yaşar, Həmid Herisçi poeziyaya qiymət biçə bilər.

Rus filologiya məktəbini tam mənimsəmiş, rus dilini yüksək səviyyədə bilən Nicat Məmmədov, tanıyırsız, yox. Azərbaycanda yeganə savadlı filoloqdur mənim nəzərimcə.

Əsərləri bütün rus dərgilərində çap olunur. Amma kölgədədir, heç kim bilmir.

Dəyər amma bax o insandadır. Yəni bu cür bir-iki adamlar var. Biz bu şeylərin dalınca getməliyik ya ədəbiyyat ətrafının. Bax bu məsələlər də önəmlidir.

Bəli, ədəbiyyat şousu ilə məşğul olanlar var. Kənardan elə görünür ki, guya biz də ədəbiyyat şousu ilə məşğuluq. Amma mən bununla razı deyiləm.

AzadlıqRadiosu:

- Kimsiniz siz, narahat adam ya rahat?

Rasim Qaraca:

- Sözün düzü heç bilmirəm. Hər halda narahatam.

AzadlıqRadiosu:

- Nə çox narahat edir sizi?

Rasim Qaraca:

-....Bu daha çox Zəlimxan Yaquba verilən suallara oxşayır...

AzadlıqRadiosu:

- Hec də yox. Zəlimxan Yaquba daha çox folklorla bağlı suallar vermək xoş olardı. Ədəbiyyatdakı narahatçılıqdan gedir söhbət.

Rasim Qaraca:

- Ümumiyyətlə insan narahat olmalıdır. Doymuş məhlul oldusa, özündən razı oldusa, artıq axırı çatıb.

AzadlıqRadiosu:

- Aqşin Yenisey əvvəlki verilişlərin birində demişdi ki, onu indiki ədəbi mühitdə 25 yaşlı qocaların peyda olması narahat edir.

Rəşad Məcid də ötən verilişdə dedi ki, onu narahat edən, gəncləri qoca adlandıranlar, onların əhatəsi təəssüf ki, ciddi bir iş görmədən artıq sıradan çıxırlar. Belə şeylər sizi narahat etmir?

Rasim Qaraca:

- Ümumi mənada narahat edir əlbəttə. Amma əsas narahatçılıq başqa şeydəndir.

Biz sovet dövrünün məhrumiyyətlərini də, müstəqilliyin sevinclərini də yaşamışıq.

Fəqət üstündən artıq 20 il keçdiyi bir halda daha pis yerlərə gəlib çıxmağımız, nəticələrin az olması, millətin hələ də əsarətdə olması, istedadlıların özlərinə çətinliklə yol acması kimi məsələlər narahat edir məni.

Mən şəxsən öz imkanlarım daxilində, şeirdə və nəsrdə yeniliklərin gətirilməsi yolu ilə, vaxtında bezdiyimiz, doyduğumuz şeylərə qarşı çıxıram və belə də davam edəcəm.

AzadlıqRadiosu:

- Haqqınızdakı məlumatlarda da ədəbiyyata yeniliklər gətirmiş yazar kimi təqdim olunursunuz. Nə olub sizin yeniliyiniz, konkret demək olar?

Rasim Qaraca:

- İlk növbədə müstəqil təşkilatlanmada mənim iştirakım olub.

2000-ci ilin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixində ilk müstəqil təşkilat yaranıb.

İlk müstəqil jurnal - “Alatoran” yaranıb, artıq 16 –cı sayı çapdan çıxıb.

Məsələn ilk ədəbiyyat saytını yaradanlardan olmuşam. Yeni dizaynın zəruriliyi və sair məsələrdə sözümüzü demişik.

Yeniliklərdə iddialı deyiləm. Amma gücüm çatan bəzi işləri görməyə çalışmışam...

Sonda Rasim Qaracadan bir şer oxuymasını xahiş etdik. O da yeni kitabından “Nar” şeirini oxudu:

Uçuq divar kölgəsində
İki könül bir olacaq
Yarı sınıq bu ürəkdə
Yarı açıq sirr olacaq ..

Ağlasan da uzaq başı
Gözün altı mor olacaq
Nəmli həyat mənzərəsi
Gündüz çağı tor olacaq

Sevgi dolu bu ürəyə
Yerin altı dar olacaq
Mərmər üstə qara şeir
Buz tutacaq qar olacaq.

Biz getsək də bu daş, divar
Hələ bir az var olacaq
Yola düşən budaqlarda
Qıp-qırmızı nar olacaq

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ
Prodüsser Maarif Çingizoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG