Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Beşillik plan, qaçqınların evlərinin satılması və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Keçmiş sovet dövründəki beşilliklər baxımından indi nə qədər qəribə görünsə də, BİZİM BEŞİLLİK PLANIMIZ VARDIR və ümumiyyətlə, belə bir müddət əsaslıdır».

Bunu prezident İlham Əliyev «Mir» Dövlətlərarası Teleradio şirkətinə müsahibəsində deyib.

Müsahibənin tam mətnini «Azərbaycan» qəzeti dərc edib.

«Azərbaycan artıq neçə illərdir ki, inamlı iqtisadi artım nümayiş etdirir. Sizcə, bu uğurların sirri nədədir» sualına cavabında İ. Əliyev deyib ki, «Bu, ilk növbədə, əsrlərin qovuşuğunda Azərbaycanda yaranmış vəziyyətin düzgün qiymətləndirilməsinin nəticəsidir –sabitləşdirmə və iqtisadi inkişaf sahəsindəki ciddi nailiyyətlərlə yanaşı, çox sahələr vardı ki, səylərimizi ikiqat, üçqat artırmaq, strategiyanı düzgün seçməyimiz və konkret proqramlar lazım idi və bunlar bizə iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələndirməyə imkan vermişdir. Sizin dediyiniz 2009-cu ildəki 9.3 faizlik iqtisadi artım mənim üçün əvvəlki illərdəki 25-30 faizdən qat-qat əhəmiyyətlidir, çünki bu artım böhranın ən şiddətli ilində, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü vaxt olub, bizim iqtisadiyyatımız isə, hər halda, daha çox məhz enerji sektoruna istiqamətlənmişdi. Bu nəticə onu göstərirdi ki, bizim apardığımız islahatlar sayəsində iqtisadiyyatın digər sektorlarında inkişaf başlanılıb. Son 7 ildə biz 900 mindən çox yeni iş yeri yaratmışıq, yoxsulluğun səviyyəsi demək olar, 50 faizdən 9 faizə endirilib. Bütün sosial proqramlar yerinə yetirilib».

İNQİLAB MİSİRƏ İXRAC OLUNUB?

«18 günlük inqilab Misirə nə verdi, nə dəyişdi?» başlıqlı yazıda «Yeni Azərbaycan» qəzeti Misir hadisələrini şərh edib.

«İnqilab Misirə milyardlarla dollar ziyan vurdu» deyə ilk yarımbaşlıqda qeyd olunur.

«Misirdə baş verən son hadisələrdən sonra ölkədə əvvəllər normal fəaliyyət göstərən müəssisələr hələ də işləmir. Onların çoxuna basqınlar olub və bir müddət bu sahədə işləri nizama salmaq lazımdır. Birjalar, fabriklər, iş yerlərinin çoxunun bərpası üçün həm də maliyyə vəsaitlərinə ehtiyac var. Bu isə sosial vəziyyəti bir qədər də çətinləşdirəcək. Qeyd edək ki, Misirdə sosial durum daha da pisləşib».

Qəzet yazır ki, «Bu inqilab Misirə, sadəcə, ixrac olunub. Böyük Orta Doğu və Şimali Afrika Projesinin bir halqasını təşkil edən Misirdə hakimiyyət çevrilişi beynəlxalq güclərin məhsulu olmaqla, sadəcə, onun maraqlarına xidmət edib».

«MAAŞLAR ARTMASA, RÜŞVƏTİN QARŞISI ALINMAYACAQ»

«Azadlıq» qəzeti iqtisadçı Nemət Əliyevə istinadən yazır ki, «Maaşlar artmasa, rüşvətin qarşısı alınmayacaq».

Nemət Əliyev hesab edir ki, hökumətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərindən danışması eşidən hər kəsdə yalnız ironiya və gülüş doğurur:

«Çünki bu illər ərzində hökumət özünü belə tanıdıb. Hökumətin bu məsələdə nə dərəcədə ciddi olduğu verilən bəyanatlardan yox, görülən tədbirlərdən dərhal hiss olunur. Hələ bir müddət əvvəldən dövlət səhiyyə müəssisələrində tibbi xidmətin və bəzi dərman preparatlarının pulsuz olduğu elan edilmişdi. Amma ötən dövr ərzində biz bunun şahidi olmadıq. Əksinə, rüşvət alma prosesi əvvəlkindən də kəskin formada davam etdi. İnsanlar yaxşı başa düşürlər ki, bu hökumət səhərdən-axşama qədər onları aldatmaqla məşğuldur».

QAÇQINLARIN EVLƏRİ SATILIB

«Yeni Müsavat» qəzeti Bakıda qaçqınların etiraz aksiyasından yazır. Qəzetdə qeyd olunur ki, məcburi köçkünlərə tikilən evlər rüşvətlə paylanır:

Məcburi köçkün Mətanət Ağalarova qəzetə müsahibəsində deyib ki, onlara Yevlaxda qaçqınlar üçün tikilən evlərdən vermək üçün 4 min manat pul istəyiblər:

«Ev verilməsinə «Qaçqınkom»un nümayəndəsi Elman müəllim baxır, yəni evləri o, satır. Onun istədiyi məbləği verməyə imkanımız olmadı, bu səbəbdən adımıza olan evi başqasına satdılar, halbuki babama da, bizə də ev verilməli idi. Babam Elman müəllimə yalvardı ki, yaşayış şəraitimiz bərbaddır, bizə də ev versin. O isə babamı hədələdi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG