Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38
«PULLADIR DA HAMISI, HƏR ŞEY PULDUR»

Bu, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində Qarabağ veteranı, İmişlidən gələn Hafiz adlı pasientin sual verməzdən də əvvəl dediyi idi.

«PULUM YOXDUR, MÜALİCƏ GÖTÜRMƏDİM»

- Nədən müalicə olunurdunuz?
- Böyrəklərimdən.
- Neçə gün burda qaldınız?
- Qalmamışam. Sadəcə gəlmişəm, pulum yoxdur deyə, müalicə götürmürəm.
- Nə üçün pul istəyirlər?
-Müalicə aparmaq üçün
- Nə qədər pul istəyirlər?
- Fərqi yoxdur nəyə görə istəyirlər. Eləcə pul istəyirlər.
- Təxminən nə qədər pul istəyirlər ki, sizin imkanınız çatmır?
- Demirlər də. Deyirsən bax, baxmır. Pula görə baxmır.
- Siz müraciət etdiniz, baxmadımı sizə?
- Baxırdı, amma müalicəyə pul istəyirdi.
- İndi nə edəcəksiniz?
- Heç nə. Qayıdıb rayona gedirəm.

«HƏKİMLƏRƏ HALAL OLSUN»


Xəstəxanaya gələnlər arasında tək-tük pasient tapılardı ki, müsahibəyə razılıq versin. Söhbətləşdiyimiz xəstələr və onların yaxınları isə əsasən həkimlərdən razılıq edirdilər.

- Heç xərc çəkməmişik. Yalan demirəm. Həkimlərə də halal olsun. Allah haqqı.
Dərmanları da özləri verib.
- Mən inanmazdım belədir. Çox gözəl.
- Hamısını xəstəxana verib, bir qəpik pulum çıxmayıb.

İndi isə növbə bizim idi. «100 dəfə eşitməkdənsə, bir dəfə görək» deyib xəstəxananın burun-qulaq-boğaz şöbəsinə üz tutduq. Əməkdaşımızın qulağını həkim müayinə etməyə başladı.

10 MANATLIQ QULAQ MÜAYİNƏSİ

Qulaq müayinəsi pasientin qulağına «10 manat» pıçıldayışıyla başa çatdı. Bu sövdələşməni həkimin avadanlığını hazırlayan tibb bacısı aparırdı.

- Axı qapının girişində «pulsuz» yazılıb...
- O, burda yatan xəstələrə aiddir. Gəlib- gedənlərə yox.
- Bəs nə edək, pulumuz yoxdur bizim.
- 2 manat mənə verin, 10 manat da həkimə. Danışın da həkimlə.

Həkim müalicəni pasientə başa sala-sala əlavə etdi ki, «gücünüz nəyə çatır verin». Gücümüzün «heç nəyə çatmadığını» dedik və həkimlə sağollaşdıq.

«HƏKİMƏ NİYƏ HÖRMƏT ETMƏDİNİZ?»


Yolüstü «Travmatologiya və ortopediya şöbəsi»nin qapısından bərk-bərk yapışmış qapıçıya gözümüz sataşdı. Qapıdan girib-çıxan bu xanımı «görməliydi».

Onurğa problemlərinə baxan bir həkim istədik. Qapıçı xanım həkimlə bizi tanış edib laboratoriyaya yolladı. Həmin xanımla bir də müayinənin ortasında laboratoriyada rastlaşdıq. Ardımızca gəlib vəziyyətlə maraqlanırdı. «Müalicə yazım, ya yox?» – həkim soruşdu. «Yox, ailəmlə məsləhətləşim, sizinlə əlaqə saxlayarıq».

Bu yerdə qapıçı xanım müdaxilə etdi: «Məncə, müalicə yazmalısınız. Yazın, getsin də».

Həkimə təşəkkür edib otaqdan çıxanda qapıçı xanımın canfəşanlığının səbəbi bəlli oldu:

- Bəs həkimə niyə hörmət etmədiniz?
- Nə etdi ki? Müalicə yazmayıb ki.
- Nə olsun. Baxdı axı xəstəyə.

Bu il yanvarın sonundan başlayaraq dövlət idarələrində nazirliklərdə ard-arda keçirilən iclaslarda korrupsiya hallarının yolverilməzliyindən danışılır. Səhiyyə nazirliyində də oxşar iclaslar keçirilib. Nazir Oqtay Şirəliyev bildirib ki, «xəstəxanaların kifayət qədər dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir». Bu bəyanatdan bir neçə gün sonra bir neçə tibb müəssisəsinin rəhbəri işdən çıxarılıb.

Şərhləri göstər

XS
SM
MD
LG