Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

Sirus Təbrizlinin dörd il öncəki xəbərdarlığı, adambaşına düşən 9 min dollar və...


Mətbuat icmalı

Mətbuat icmalı

Türkiyə rəsmilərinin təxirə saldığı səfərlər, Sirus Təbrizlinin dörd il öncəki xəbərdarlığı və adambaşına düşən 9 min dollar

Fevralın 17-də çıxan qəzetlər bu mövzularda yazır.

«SİRUS TƏBRİZLİ YAP-A QAYTARILACAQMI?»


Bu sualı «Yeni Müsavat» qəzeti qoyur. Qəzet Sirus Təbrizlinin partiyadan çıxarılmasına səbəb olan dörd il öncəki çıxışını xatırladır. O çıxışında Sirus Təbrizli hakimiyyəti tənqid etmişdi:

«Siz bu xalqın içinə çıxın, görün camaat nə vəziyyətdədir. Xalqın qədrini bilmək lazımdır. Qeyrətli oğlanlar acından ölür. Bu gün qaz, işıq yoxdur. Mən bunları prezidentə deyirəm».

Qəzet yazır ki, zamanında YAP Sirus Təbrizlinin eşitsəydi, nə ölkədə indiki vəziyyət olardı, nə də hakimiyyət ərəb inqilablarından dolayı təşvişə düşərdi.

«TÜRKİYƏ RƏSMİLƏRİ AZƏRBAYCANA SƏFƏRLƏRİNİ TƏXİRƏ SALIRLAR»


«Exo» qəzeti yada salır ki, bu ilin əvvəlindən Baş nazir Rəcəb Tayyip Ərdoğan, Ədliyyə naziri Sadullah Ergin, Hava Qüvvələri Baş Qərargahının rəhbəri İlker Başbuğun Azərbaycana səfərləri qeyri-müəyyən müddətə təxirə salınıb.

Politoloq Pərvin Darabadinin qənaətincə, səbəblərdən biri Azərbaycanın viza rejimini ləğv etməməsidir:

«Viza rejiminin ləğvi iki dövlətin bir-birinə etimadının işarəsidir».

«AZƏRBAYCAN İQTİSADİYYATINA YÖNƏLDİLMİŞ XARİCİ SƏRMAYƏLƏRİN HƏCMİ 50 MİLYARD DOLLARI ÖTÜB»

«Yeni Azərbaycan» qəzetinin manşetində belə yazılır. Qəzet yazır ki, adambaşına düşən sərmayənin həcmi 9 min dollardan artıqdır:

«Respublikamıza xarici kapital qoyuluşları intensiv şəkildə davam edir və hər ay təxminən iqtisadiyyata 700-800 milyon dollar həcmində investisiya qoyulur. Məsələn, 2010-cu ildə xarici ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın xarici investisiyalar yönəldilib ki, bu da ay ərzində 750 milyon dollar kapital deməkdir. Sərmayələrin sərf olunduğu sahələr isə daha çox infrastruktur, tikinti, nəqliyyat, sənaye və yenidənqurma bölmələrindən ibarətdir. Digər tərəfdən, sərmayə qoyuluşlarının çoxunun qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm uğurlarını təsdiqləyir».

«17 İCRA BAŞÇISI KORRUPSİYAYA «QURBAN» GEDİR»

«Bizim yol» qəzeti hakimiyyətdəki mənbələrə istinadən belə məlumat yayıb.

«Hökumətin antikorrupsiya tədbirləri ayrı-ayrı nazirlik və dövlət qurumlarındakı müşavirələrlə bitməyəcək. Yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən çıxarılacaq.

Məlumata görə, artıq Prezident Administrasiyasında işdən kənarlaşdırılacaq icra başçılarının siyahısı müəyyənləşdirilir. Bu siyahı isə ölkənin rayonlarından Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı ilə müəyyən ediləcək. İlkin araşdırmalara görə, barəsində PA-ya və dövlət başçısı İlham Əliyevə şikayət göndərilən icra başçılarının sayı hələlik 17 nəfərdir. Mənbə onların hamısının işdən çıxarılacağını vurğulayıb.

Bu siyahıda Abşeron, Sumqayıt, Cəlilabad, Gəncə, Yevlax və Ağdamın icra başçılarının adları var».

«İNQİLAB DALĞASI ÇOX SÜRƏTLƏ AZƏRBAYCANA YAXINLAŞIR»

«Demokrat» qəzetinə müsahibəsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı belə deyib.

O, həmçinin hökumətin korrupsiya ilə mübarizəsinin uğursuzluğa düçar olacağını da deyib:

«Bu mübarizə Azərbaycan hakimiyyəti üçün böyük fəsadlar törədəcək. Çünki insanlar öz haqlarını daha cəsarətlə tələb edəcək, rüşvət ala bilməyən və çox az maaşı olan məmurlar hakimiyyətin müdafiəsində durmayacaq, onlar da vəziyyətin dəyişməsinə çalışan kütləyə qoşulacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG