Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13


«Biz həbsxanada olanda məlumat mənbəyimiz BBC və Azadlıq radiolarının qısa dalğada yayımlanan proqramları idi. Orda internet yoxdur, yeni mediaya çıxışımız da yox idi. Minlərlə həbsdə olan insan üçün BBC-nin azərbaycan xidmətinin yayımının məhdudlaşdırılması böyük itki olacaq»

Blogger Emin Millinin həbsxana xatirələri BBC dünya xidmətinin azərbaycanca yayımı məhdudlaşdırmaq haqqında qərarından sonra canlanıb.

Aprelin 1-dən BBC azərbaycancanın proqramlarını qısa dalğada dinləmək mümkün olmayacaq. Böyük Britaniyada hakimiyyətə gələn konservatorların xərcləri azaltmaq cəhdləri BBC dünya xidmətini ixtisarlara məcbur edib. Büdcə qayçısının güdazına rusca, azərbaycanca yayımlar da gedib. Serbiyalılar, albanlar, makedoniyalılar, portuqaldilli afrikalılar və Karib hövzəsi ölkələrində yaşayanlar isə bundan sonra doğma dildə BBC xəbərlərini ümumiyyətlə almayacaqlar.

BBC FƏRQİ

Keçmiş məhbus blogger deyir ki, onların həbsi zamanı xarici radioların qeyri-rəsmi senzuranın hökm sürdüyü ölkə üçün əhəmiyyəti özünü konkret misalda göstərdi. Yerli telekanallar bütün dünya ictimaiyyətinin diqqətində olan bu həbs barədə susur, yalnız BBC və Azadlıq radioları bu məlumatları ictimaiyyətə çatdırırdı.

Senzuranın yan keçdiyi informasiya kanallarından birinin yayımına son qoyması alternativ mövqenin çıxış imkanlarının azalması deməkdir. Fevralın 16-da BBC dünya xidmətinin qərarına etiraz etmək üçün Azərbaycan Media Mərkəzinə toplaşan ictimaiyyət və media nümayəndələri beynəlxalq yayımçının ixtisar planlarının dəyişəcəyinə hələ də ümidlidirlər.

«AZƏRBAYCANCA TƏKCƏ AZƏRBAYCAN ÜÇÜN DEYİL»

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli deyir ki, BBC-nin yayımının məhdudlaşdırılması ilk növbədə Azərbaycan jurnalistikası üçün itkidir. Çünki çətin şəraitdə keyfiyyətli reportajlar hazırlayan həmkarlarının işi Azərbaycan jurnalistləri üçün həm də bir nümunədir:

«Azərbaycanca BBC-yə ehtiyac var. Bu radionun yayımını davam etdirməsi üçün əlimizdən gələni etməliyik».

Hüquqşünas Erkin Qədirli isə deyir ki, ixtisar planından heç Britaniya hökumətinin özü də qazanmayacaq.

«Azərbaycanca yayım bir tək Azərbaycan Respublikası üçün deyin. Bu dildə həm Gürcüstanın, həm Rusiyada Dağıstanın, həm də İranın əhalisinin əhəmiyyətli hissəsinə xitab edilir. Məncə, bu qərar heç praqmatik deyil».

BAŞQASINA ÜMİD OLAN...

Vaxtilə, 2009-cu il yanvarın 1-də Milli Teleradio Şurasının qərarı ilə xarici radioların milli tezliklərdə yayımına qadağa qoyulana qədər BBC-nin yayımlandığı 103.3 FM tezliyindən isə may ayından etibarən «Araz» radiosunun sədaları gələcək.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov deyir ki, həmin tezlik üçün bu yaxınlarda keçirilən tender qeyri-obyektiv və qeyri-şəffaf olub.

Hazırda, onun təsisçisi olduğu Obyektiv teleradio şirkəti və RATİ əməkdaşı Rəsul Cəfərovun təsis etdiyi «Alternativ Radio» tezliyin onlara verilməməsi ilə bağlı Milli Teleradio Şurasını məhkəməyə veriblər. Emin Hüseynov deyir ki, başqasına ümid olan şamsız qalar:

«Mən düşünürəm ki, xarici yayımlardansa, milli tele və radio tezliklərə hökumətyönümlülərin inhisarına son qoymağa ehtiyac var».

Buna baxmayaraq, o da Media Mərkəzinə toplaşmış digər ictimaiyyət və media nümayəndələri kimi Böyük Britaniya hökumətinə ünvanlanan müraciətə imzasını atdı.

BBC-nin qısa dalğada on beş dəqiqəlik iki səhər buraxılışı, və yarım saatlıq axşam proqramı yayımlanırdı. Bundan sonra BBC məlumatlarını yalnız internet istifadəçiləri ala biləcək. Qərar dəyişməzsə, BBC azərbaycanca daha radio olmayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG