Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:02

Qarabağ əlilləri də imtiyazlılara, imtiyazsızlara bölünür?


Qarabağ əlili Baba Atakişiyev

«Şəhid ailəsi kimi 2004-cü ildən ev növbəsindəyəm. Süründürməçilik edirlər. Hər dəfə komissiya bir sənəd istəyir. İndi də deyir ki, get, müvəqqəti yaşadığın yerdən «forma-2» gətir. Onu da ev sahibi vermir».

Fevralın 16-da bir qrup Qarabağ müharibəsi əlili və bu müharibədə həlak olanların ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirdilər. Bir qədər əvvəl fikirlərini sizə təqdim etdiyimiz Xuraman Tahirova da onların arasındaydı.

«BUDU MƏNƏ ETDİKLƏRİ HÖRMƏT»

İndi isə Qarabağ əlili Baba Atakişiyevi eşidək:

«Qarabağ əliliyəm. 2001-ci ildə qanuni olaraq mənzil növbəsinə dayanmışam. İndi mənə deyirlər ki, yoldaşın məcburi köçkün olduğu üçün sənə ev düşmür. Halbuki, əksinə, bu mənə əlavə haqq verir mənzil almaq üçün. Qoy, bunlar mənzilləri icra hakimiyyətinin bu barədə olan sərəncamında göstərilən ardıcıllıqla paylasınlar. Mənzil verdiklərinin əksəriyyətində o sərəncam yoxdur. Saxta sərəncamlardır. Mənə hədə-qorxu gəlirlər. Mənə nə edəcəksiniz, canımı qoymuşam? Bədənim aşsüzən kimidir qəlpədən. Qolumun yarısı yoxdur. Budu mənə etdikləri hörmət» .

Aksiya iştirakçıları iddia edirlər ki, nazirlik onlar üçün Bakının Yeni Yasamal yaşayış massivində tikilən 9 mərtəbəli binanın mənzillərini siyahı üzrə növbədə olanlara vermək əvəzinə başqalarına satır.

«İKİ DƏFƏ DƏ MƏNDƏN PUL İSTƏYİBLƏR, VERMİŞƏM»

Təranə Cəfərova

«Cəfərova Təranə, şəhid ailəsiyəm. Oğlum müharibədə həlak olub. 1994-cü ildən ev növbəsindəyəm. Növbədə 3-cü adamam. 50-ci adam ev alıb, mənə hələ də verilmir. Hər il gəlib yoxlayırlar, deyirlər veriləcək, amma vermirlər. İki dəfə də məndən pul istəyiblər, vermişəm. O pulu alanların biri vəfat edib, o biri də işdən çıxardılıb. İndi deyir ki, sizə ev düşmür. Düşmürsə, onda növbəyə niyə götürürdülər?».

Amil Rzayev:

«EVLƏR KOMİSSİYANIN SƏDRİNƏ, ONUN MÜAVİNİNƏ VƏ ÜZVLƏRİNƏ VERİLİB»

«Mənə əslində ev növbədənkənar düşür. Çünki, birinci qrup Qarabağ əliliyəm. Amma evlər komissiyanın sədrinə, onun müavininə və üzvlərinə verilib. 2 mərtəbəli evi olan alıb, sıravi əlillər kənarda qalıb. 40-cı adama ev verib, mən 4-cü adamam, sənədim də var, ev vermir. Deyir sənədində şübhəli nəsə var. Amma nə olduğunu demir. Deyirəm şübhələnirsən yenidən yoxla. Halbuki, yoxlamanı aparan komissiya üzvü mənim işimdə şübhəli heç nə olmadığını bildirir. 2008-də növbəyə duran artıq alıb, halbuki, mən 2005-dən növbədəyəm. Mən iddia edirəm ki, bunlar hər kəsdən rüşvət alıb ev verirlər. Yoxsa 4-cü adam qaldığı halda qohum –

Qarabağ əlili Amil Rzayev

qardaşı olmayan 40-cı adama niyə ev verir ki?» .

Narazılar deyirdilər ki, onları Prezident Administrasiyasından bura göndəriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini qəbul etsin. Amma o, qəbul etmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri Azad Tağızadə isə səsləndirilən ittihamlarla razılaşmır. Deyir ki, mənzil ala bilməyənlərin hamısına ayrıca olaraq bunun səbəbi barədə məlumat verilib. Sadəcə, bu cavabı qəbul edənlər olduğu kimi, qəbul etməyənlər də var. Azad Tağızadə deyir ki, narazılardan eləsi var ki, adına mənzil var. Bir başqasının isə sənədi qaydasında deyil. O, mənzillərin satılması barədə deyilənləri isə böhtan adlandırır.

«O İDDİALAR ŞÜBHƏSİZ Kİ, YALANDI»

«O iddialar şübhəsiz ki, yalandı. O mənzillərin satıldığını deyən adam bizə böhtan atır. İstənilən vaxt biz həmin adamları məhkəməyə çağırmağa hazırıq. Təxminən bir 500-600 nəfər ev alıb. «Qarabağ», «Çernobıl» , «20 yanvar» və sair bu kimi əlillər cəmiyyətlərinin üzvləridir, hamısı. Araşdırıb baxa bilərlər. Sənədləri düzgün olanların hamısına mənzil verilir» .

Azad Tağızadə insanların mənzil almaq istəyini təbii sayır. Amma deyir ki, qanunvericilikdə müəyyən məhdudiyyətlər var. Ona görə də bu, hamıya şamil edilə bilməz. Sənədləri qanunun tələblərinə cavab verənlər mənzil alır. Araşdırmalar ciddi aparılır və hələ ki, nazirliyin təcrübəsində bu məsələdə yanlışlığa yol vermə halı olmayıb.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova isə hesab edir ki, məsələyə nazirliyin indiki mövqeyi düzgün deyil. Çünki vaxtında insanlara ümid verilib və onlar artıq neçə illərdir ki, növbədə gözləyirlər. Onun fikrincə, vətəndaşların iradları haqlı, nazirliyin əsasları isə bəhanədir:

«BİZƏ BELƏ ŞİKAYƏTLƏR DAXİL OLUB»

«Bu, tamamilə məmurlar tərəfindən edilən özbaşınalıqdır. Keçən il, ondan əvvəlki illər də insanların bu kimi şikayətləri həddən artıq çox idi. Belə ki, hətta şəhid ailələrinə ev veriləndə, onlardan qeyri-qanuni ödəmələr-pul almışdılar. Özü də evlər, onların kommunikasiyaları da standartlara uyğun olmur. Bizə belə şikayətlər daxil olub».

İradə Cavadova deyir ki, narazılar bu məsələdə nazirliyi məhkəməyə verə bilərlər. Ancaq bundan əvvəl yaxşı olar ki, digər dövlət qurumlarına şikayət etsinlər. Çəkinmədən vəzifə səlahiyyətlərini aşmaya, yaxud süründürməçiliyə görə rəsmi müraciətlər etsinlər. Çünki son vaxtlar bu sahədə ciddi yanaşmalar müşahidə olunur.

Şərhləri göstər

XS
SM
MD
LG