Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Hikmət Carçılı ORHUN. Gedirdin















Şairəm...


...şairəm
siqaret damağımda,
hər gün araq
“butulka”ları qabağımda
bala-bala dəmlənirəm,
qəmlənirəm sevdiyim qız
hər yadıma düşəndə...

göz yaşlarım quruyanda
unuduram baxışlarına şeir yazdığım qızı,
və həftədə bir qıza ümid verirəm,
söyüşlə yazıram şeirlərimi yenilikçiyəm deyə...
saçılarımı uzadıram Qazan xana oxşayım deyə...

...hər məscidin qabağından keçəndə
mənə kafir kimi baxır
Məhəmməd tərəfdarları,
nədi, nədi allahları
şeir yazanları,
rəsm çəkənləri,
şairləri,
rəssamları
allahsız adlandırıb
(özlərisə fala baxır,
fal düz çıxanda müştərilərdən gəvə yığır,
xurustal qablar tələb edir
əməyini qarşılığında)...
qoy nə təhər baxırlar baxsınlar,
haqqımda nə düşünürlər düşünsünlər,
lap desinlər kafirdi,
kafirsə, onlardan olmayana deyilir,
onlardan olmamaqsa mənim xoşbəxtliyimdi...

mən azad insanam,
gözlə görünməyən,
ağıla batmayan heç nəyə inanmaq zorunda deyiləm,
mənim xoşbəxtliyimi
kimsə əlimdən ala bilməz,
dinlə allah arasında,
allahla din arasında
bağlılıq ola bilməz...

şairəm,
arada Anara söz atıram,
Elçini görəndə ürəyim ağrıyır
Azərbaycan ədəbiyyatının halına...
ağıllı görsənmək üçün
Dostoyevskini oxuyuram,
cırıb atmışam Səməd Vurğunun kitablarını,
Əli Kərimin kitabı daimi balıncımın altında...

Yunis İmrə kimi arada dərvişlik eşqinə düşürəm,
piyada kilometrlərlə yol gedirəm əlimdə çomaq...
Nizami Gəncəvi kimi şahların tərifini
yazmaq keçir ürəyimdən mübarizədən yorulduğum anlar...
Nazim Hikmət kimi axına qarşı gedirəm hər gün...
özümü axtarıram klassiklərin arasında...
axı, şairəm....

13.II.2010


Gedirdin

sən gəlin gedirdin bir yad evinə,
sevinə-sevinə
gözlərində sevinc yaşları,
dostlarım tanışlarım
səni getdiyin yoldan saxlamağı istəsələr də,
məndən
mən istəmədim...

mən istəməzdim,
çünki sənin kipriklərindən
mənim ürəyimin qanı axırdı,
məni ürəyimdən bıçaqlamışdın

sən müstəntiq
qabağında soğru-sual olunmalıykən,
vəkilin “bu oğlanı sevib evlənirsən?”
sualına “hə” cavabı verirdin...

mən səni saxlaya bilməzdim,
sənin üzündən Azərbaycan xalqı kimi
unutqanlıq yağırdı
bəlkə də səni yolundan alardım,
üstümə bağırdı mənim qürurum ki,
alçaltma məni...

sən gedirdin
yadıma düşdü ki, bir zamanlar səninlə
nə xəyallar qurardıq,
nə evlər tikərdik...
əynində geyindiyin gəlinlik paltarını
sənə mən alacaqdım
belə danışmışdıq yadındamı...

gedirdin xəyallarımın arzusu, gedirdin
arxada qoyduqların yadından çıxmışdı
artıq səndən heç nə qalmamışdı
tökülüb itmişdin
gedirdin xəyallarımı
tapdaya-tapdaya, gedirdin...

2.2.2011


Nə zaman sevdim səni?

bilmirəm nə zaman sevdim səni,
necə oldu ki, sevdim,
hansı şəraitdə
ürəyimə hakim kəsildin...
necə oldu,
necə doldun ürəyimə;
günəş şüasıylamı,
yağış damlasıylamı,
yoxsa dünyaya qaranlıq çökəndə,
göz-gözü görməyəndə girmisən ürəyimə...

axı, necə sevdim səni,
səni unutmaq çətin...
qanıma o qədər işləmisən ki,
səni unutsun deyə
bir zaman
ürəyimi bir şairəylə ovundurmuşam,
mümkün olmayıb,
sənə nə zaman yaxın durmuşam,
hansı gün sarmaşıq kimi sarılmısan canıma,
bircə bilsəm,
bilsəm ki, hansı saat hipnoz etmisən hisslərimi
o zamanı, o günü, o saatı
siləcəm ömrümdən
bir kərpic yeri əskik qalsa belə ömrümün sarayından...

12.11.2010

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG