Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:23

“Bundan sonra ölsəm də vecimə deyil"


Yazar Xanəmir Telmanoğlunun “Dokkuziklim” saytına müsahibəsi. Onunla qələm dostu Əsəd Qaraqaplan söhbətləşib.


– Artıq 40 – peyğəmbərlik yaşına çatmısan. Yazmadığın, ya yaza bilmədiyin, demədiyin və ya deyə bilmədiyin nəsə qalıbmı?

– Bu yaşı çoxdan gözləmişəm kimi gəlir mənə. Bu rəqəmə qədər içimdən gələn mövzularımı yazdığımı düşünürəm.

Bundan sonra nələr olacaq, bilmirəm. İndiyə kimi yazıb bilərəkdən saxladığım, yaxud çap elətdirə bilmədiyim kifayət qədər əlimdə əsərlər yox, kitablarım var.

Yazdığım o çap olunmamış kitablar ədəbiyyatın müxtəlif sahələrini əhatə edir. Bundan sonra ölsəm də, vecimə deyil.

Lazım olan kitablarımı zamanı gəldiyində, oğlum da üzə çıxara bilər.

Mən inanmıram ki, bu gün Azərbaycanda yox, dünyanın harasında olur olsun, hansısa bir yazar öz əsəriylə, ya şeiri, ya nəsriylə məni heyrətləndirə bilər.

Mən illərdir bütün yazıyla, sözlə, ədəbiyyatla bağlı heyrətləri içimə çəkmişəm.

Ruhumun bütün boşluqları heyrət adlı sərvətdən lazımı yükünü tutub.


"Əsl kitab oxunmamalıdır. Ədəbi sürəcin bu dönəmləri üçün. Oxucu yeni dövrün əsl kitabını oxuya bilməyib əsəbləşməlidir... Həm də oxucu öz səviyyəsindən aşağı kitabları, öz səviyyəsinə tay kitabları sevər, ardınca qaçar".
Bircə qalır Xanəmirin illərdir ədəbiyyatda, yaradıcılığında uzaqdan görünən oyunlarının gerçəkliyi dışa vursun.

Bu özündən razılıq deyil. Bu illərdir özünü sorğulayan birisinin, indi elədiklərinin onun özüylə dialoqudur. Mən əslinbdə heç nə üzə çıxarmamışam. (qoy yaşasınlar)

– Ama nə qədər çap olunsan da, kitabların yayımlansa da, sanki kölgədə qalmış kimisən. Bu, günün reallığıdı, yoxsa həqiqət?

– Bu gün oxucu oxumaq üçün kitab istəyir. Bu gün oxumaq üçün kitab lazım deyil.

Əsl kitab oxunmamalıdır. Ədəbi sürəcin bu dönəmləri üçün. Oxucu yeni dövrün əsl kitabını oxuya bilməyib əsəbləşməlidir.

Bunu mən söz xatirinə demirəm. Kural budur. Həm də oxucu öz səviyyəsindən aşağı kitabları, öz səviyyəsinə tay kitabları sevər, ardınca qaçar.

Kitabın içindəki dünya onun aləminə tərs düşüb, onun dünyası olmadığı halda əsəbləşər, hirslənər, heç saymaz ki, burda yazar var, kitab var, ya yox.

Bu gün yazılan mətnlər oxucu dünyasının qoxusunu, aləmini, mühitini, gələcəyini belə gülləbaran eləməlidir.

O, söyüşlə, pornoqrafiya, qətl, seks səhnələriylə, hakimiyyətə qarşı gəlməklə mümkün deyil.

O, içindəki ortaçağ keşişini öldürməklə, içindəki bu ortaçağ keşişinin qanına əllərinin batmasıyla mümkündü.

Bizim təfəkkürümüz orta çağ keşişlərinə, papazlarına hamilədir. Biz kurtaj elətdirib bu şər züriyyətindən qurtulmalıyıq.

Çünki zaviyələrdə, çiləxanalarda, təkkələrdə, ən azından minarə kölgəliyində dərvişlərin HU çəkməsi varkən, orta əsrlərin papazlarının, keşişlərinin, rahiblərinin uşaqbazlıq etməsi sapıqlıq deyil, nədir? (qoy çay içsinlər)

– Oxucuyla yazar arasındakı fərq necə?

– Bir sözlə desəm, mən Azərbaycanda oxucularla yazarların arasında heç bir səviyyə fərqi görmürəm.

Belə yazarları olan ədəbiyyatın, belə də düşük əsərlərə tamsınan oxucusu olar. (qoy həqiqət olsunlar)

– Bəs o zaman niyə əsl yazarlar zamanında brendə çevrilib, öz yazdıqlarının əsl dəyərini zamanında ala bilmirlər?

– Biz, ümumiyyətlə, vaxt anlayışını hiss etməyən toplumuq. Bunu əvvəlcə ədəbiyyat dadızdırmalıdır.

Biz yuxudan kal oyanmış adamlar kimi vaxtı qarışdırırıq.

Bir də yazarlar vaxtı hiss eləyib, ədəbiyyat vasitəsi ilə mədəniyyətin damarına, bədəninə vurmayanda, dövr üçün ciddi, vaxtında yazılmış əsərlər özünə məkan aramalı olur.

Bir maraqlı mətn bu gün üçün zamanı (doyuzdurusa) həll edirsə, sabah üçün məkanı (yedizdirir) arayır, adı üzərində məkan, yer möhürü gəzdirir.

Çünki içəridən çıxıb dışarı vurduqca, gələcəyə yetişə bilir.

Vaxt yalnız kosmoqonik, metafizik yanaşmalarla milli yaddaşın işə düşməsiylə dışa vurur.

İndi hakimiyyətlərin, yönətimlərin əziciliyini 50-100 il bundan öncəki eyni qaydalarla tənqid atəşinə tutmaq, o zülmə, istibdada xidmət etmək sayılır.

Böyük şəri görməklə onun mehvərinə yanaşan kitablar müxalif missiya yüklənən əsərdir.

Bu gün mənim düşmənim Azərbaycanda ailə sülaləsinin dözülməz əzazilliyi, möhtəkirliyi deyil. Bu planeti idarə edən güclərin millətlərə, ölkələrə uyğun sərgilədikləri mədəni sistemləridir.

Dəhşət odur ki, özümüzə məxsus olan hər hansı qutsal dəyər sisteminin sərhədlərini də bir baxırsan, sən yox, onlar ciziblər.

Onlara qarşı özün istehsal edib tuşladığın silah bir də görürsən ya öz əlində partlayır, ya da şifrəsi, kodu Şər sisteminin böyük güclərində olduğundan, silah açılmır (qoy dözsün).

– Necə düşünürsən, bu gün öz məqsədinə çata bilməyən bir yazarın gələcəkdə nəsə eləyə biləcəyinə inanmaq olarmı, yaxud tərsinə?

– Ölkələr təkcə prezidenti ilə idarə olunmur (“Surda gizlənən səs” ramonum-da bu mövzu gen-bol işlənilib).

Azərbaycanı idarə edənlərdən biri də qələmin sehirli çubuq olduğunu başa düşənlərdir. Mənim üçün ədəbiyyatda məqsəd kitab yazmaqdır.

O kitabların görünən, görünməyən gücü Azərbaycanın mənəvi məkanının sərhəd gözətçiliyini kişi kimi yapdığına və yapacağına inanıram.

\
Bu məmləkətin öz durduğum yerimdən – mənəvi keçidindən içəriyə düşmən sızdırmadığıma, casus heç keçirmədiymə inanıram.

Bu söhbət qəliz söhbətdir. Maraq eləyənlər varsa, getsin, mənim “Göyə qayıdan mətnlər” kitabımı tapıb oxusun, sonra yandırsınlar (qoy eləsinlər).

– Bəs bu gün qismətinə minlərlə oxucusu olmaq düşsəydi, yazdıqlarına şübhə edərdin, yoxsa....

– (Gülür) Allah məni o gündən – minlərlə oxucusu olmaqdan qorusun.

Yazarın bu şəkildə öz əliylə arxadan vurulmasını özümə arzulamazdım (qoy təəssüflənsinlər)

Ədəbiyyat din deyil.

“Minlərlə” anlayışı dində olur. Yalnız ədəbiyyat dindən hesabat sorar, onu yarqılaya bilər.

Hansı üsulla. Nizaminin, Nəsiminin, Füzulinin, Cavidin yaradıcılığı əsl dini yarqıdır.

Bilirsinizmi, Azərbaycanda “minlərlə oxucu” demək, bizim yazarların təfəküründə oxucuya fahişə gözüylə baxmaq kimi bir şeydir.

Oysa oxucu, mənim öz anlayışıma görə, yazarın ailəsi sayılmalıdır.

Onu dəyişə bilməyəsən deyə, yalnız artım edəsən -çoxaldasan deyə. Ailə üzvün olmalıdır.

Yazarın öz oxucusunun olmamsı, yəni mənim oxucumun həm də sənin oxucun olması, yazardan da – onun fərqli estetikaya, təfəkür tərzinə bələd olmamsından irəli gəlir.
Ədəbiyyat dini yarqılar, fəlsəfəni azdırar, siyasəti təzdirər, politikanı ekstaza gətirər, ideologiyanı isə xədim eliyər.

Minlərlə oxucu anlayışına yiyələnən yazarda mən həmişə mütilik, köləlik, qorxaqlıq görmüşəm.

Ədəbiyyatın təlqinləri “minlərləyə” ünvanladığın zaman havadan diktatorluq, rejim, monarxiya iyi gəlir.

Minlərlə oxucusu olan yazarın başı gedib saraylara, padşahların qoltuğunun altına dirənir.

Təsəvvür elə ki, bütün milçəklər, qarışqalar, fillər, inəklər qurd olmaq istəyir.

Hansı ki, milçəyin yer üzündən çəkilməsi dünyanın dağılmasına gətirib çıxarar.

Hərənin öz oxucusu olması lazım. Bizdə elə deyil, bütün yazıları elə biləsən bir adam yazır.

Mənim oxucum sənin, sənin oxucun da mənim sayılır. Bu faciədir (qoy sabah açılsın bir).

– Deyirlər qəliz yazırsan, anlaşılmır yazdıqların. Bəs o zaman niyə yazırsan?

– Ədəbiyyat yalnız oxucu alditoriyası üçün deyil.

Ədəbiyyat ilk nöbədə yüzdə 99 faiz olaraq yaranacaq ədəbi nümunələrə stimul vermək, proses, sürəc yaratmaq, ədəbi ərəfələrə zəmin hazırlamaq üçündür.

Mən ömrümü puça verən heç deyiləm.

Özümü dara çəkən adamam.

Həmişə də həm fiziki, həm mənəvi, həm də ədəbi mənda formada qalmağın nə demək olduğunu anlamış, buna da şanlı şəkildə əməl etməyə çalışmışam. (qoy axsırsınlar, məsələn)

Bir dəfə özündən razı birisi qəlizliklə əlaqədar sualı verdi mənə. Dedim sevdiyin yazar kimdi. Dedi Coys.

Dedim onun o zırı bir əsəri var ey (hələ Dublinləri demirəm) oxumusan, dedi hə.

Dedim necə olur o cür girdirmə bir yazarı oxuyursan, qəlizliyin qəbul edib sevirsən, mənə ikrahla yanaşırsn...

Bilirsən, əfəndi, sorun heç də qəlizlik –filan deyil. Bu bir təbliğatın formasıdır.

Sorun Azərbaycan oxucusunun, içi yazarları qarışıq “sarı sarı” kimi mahnıların ritminə uyğun ədəbi mətinlərlə tərbiyə olunmasından qurtuluşun zor olmasıdır (qoy hıçqırsınlar).

Sualına ikinci qatda cavab:

Ədəbiyyatımızın uzun zaman kəsimində ortaya qoyduğu “mən” tarixin bəzi aşamalarında ideoloji savaşçı kimi qavranılsa da, əsir düşmüş bir mücahid kimi təqdim olundu. Ədəbiyyat ancaq ziyalı doğurdu.

Ədəbiyyat həm də maarifçilik sürgünü yaşadı. Bu gün isə bu əsir mücahidin xatirəsini ara-sıra yad eləmək üçün heykəllər, büstlər ucaltmaq kimi işin içindən sıyrılmaq oyunu görünür.

Bunu Türkiyə ilə Azərbaycan arasındakı aparılan - ədəbiyyat sonrası və ədəbiyyat içində-dışında - mədəniyyət qarşıdurmasıyla görmək mümkün.

Ayrı-ayrı yönətimlər, ayrı-ayrı toplumlar linqivistik olaraq eyni dildə danışsalar da, ayrı-ayrı dillərdə danışan bu toplumlar və ideologiyalar, hədəflər meydan sulamağındadır

– Ədəbiyyatımızda son dövrlərdə baş verənlər sənə daha çox nə anladır?


– Mən burda gerçək aqonistika (yarışmadır, qarşılıqlı mübarizə üsulu.

Qarşı-qarşıya döyüş şəklində tərəflərinin mübarizəsi) görə bilmirəm.

Ədəbiyyatın bostanına girib orda xırraşanları görürəm. Bu xırraşmalar əsasən sümük üstündə baş verir.

Sağdan sola - Xanəmir, Əsəd Qaraqaplan, Cəlil Cavanşir
Sadəcə bu xırraşma ədəbiyyatın ərazisində aparılanda, qıraqdan baxanlar elə zənn edir partizan hərəkatı başladılıb.

Ədəbiyyatın torpağında bu xırraşanlar özlərinə sənət donu geyindirmək istəyirlər.

Oysa mənim kimiləri bunların nəinki çılpaq olduğunu, darvinizmin meymunçalarını, hətta onların iç orqanlarını gerçəkdən görürlər.

Görürəm ki, meymunçanın biri əlindəki iki-üç qəpik-quruşu qapdırmamaq üçün udur.

Əskinazlar ilişib bağırsaqlarında qalır. Ara sakitləşən kimi gedib o əskinazı min bir törənlə, min naz ilə eşib çıxaracaq, hətta ağıllı olduğunu xatırlayıb təbəssümü üzünə buraxacaq (qoy tanış olsunlar).

– Ətrafında ədəbi qruplaşmalar, ədəbi monopoliyalar var. Hərə həqiqətin özündə olduğunu bağırır.

Qısacası, meydanı ələ alıblar. Bəs sən niyə öz səsini çıxarmırsan, həqiqəti ortaya qoymursan?


– Mən Azərbaycanda bütün ədəbi münaqişələrin içində bir alverin olduğunu görmüşəm.

Mənə Azərbaycanda dəyişik, fərqli estetikaya, təfəkkürə, yazı tərzini özündə daşıyan neçə yazar göstərə bilərsən?

Şəxsi münasibətlərdən doğan, şəxsiyyətlərə hesablanan qovğalara mübarizə donu geydirib üstümüzə göndərməyin, lütfən.

Ədəbiyyatın savaşı estetik baxışlar, dünyagörüşlər, fərqli təfəkürlər arasında tozu dumana qatar.

Mənim Azərbaycanda turbinam yoxdur. Bu ökədə mənim kimilərinin turbinasına rast gələməzsən.

Demək, bu hakimiyyət mənim kimilərinə deyil, mənim təfəkürümə deyil, digər yazarların, axşama kimi atılıb düşənlərin zövqünə, ehtiyacına, lap olsun belə şüuraltına hesablanıb.

Kimsə deməsin ki, “bu nə danışır əə, illərdir bu hakimiyyətə qarşı dişimizin dibindən çıxanı demişik.

Bizim mübarizəmizi kimsə yerə vura bilməz”.

İstəsən də, istəməsən də, bu, sənin sorunundu, dostum, elədiyini eləmisən - adını dedim.

Mən gerçəkdən bu ölkədə illərdir çap olunmaq sorunu yaşayıram.

Köşə yazacağın bir qəzet yoxdur. Varsa da, sənin deyil.

Öz dünyagörüşünü əks elətdirəcəyin bir məkan olmalı. Durub səsini çıxarasan. İnsan öz yerində durub səsini çıxarmasa, onun səsi itin, pişiyin səsinə qarşır.

Başqasının durduğu yerdən gedib səs çıxarmaq səsini batırmaq sayılır. İndi gör İlham Əliyvin nə qədər yazar adı qazanmış havadarları, hakimiyyətə xidmət edən qələmovçuları mövcuddur.

Onların səsi ona görə çıxır ki, onlar hakimiyyətin sıldırım dağlarında hayqırmasaydılar, aşağılarda qayalara dəyən o səslər yanğı oyandırmaz, üstlərinə gəlməzdi.

Onların səsi üstlərinə qayıtdığından, əks-səda verdiyindən elə bilirlər başqasının - oxucunun səsidir.

Bütün bu ikiüzlülüyün kökündə fərqli yazı tərzinin, fərqli mövzunun, fərqli dünyagörüşlərin ədəbiyyatda öz əksini tapmamsı durur.

Belə bir ədəbi yoxsulluq, “müxalifətçi yazar” adı altında səni hakimiyyətin dağlarına elə bu şəkildə - ədəbi səsindən istifadə etməklə qaldırır.

– Bəs 60-cılara qarşı mübarizə necə?

– Məlum olur ki, 60-cılar deyilsi bir ədəbi nəslin estafetini indi daha çox yaşadanlar var, nəinki onlara qarşı mübarizə aparanlar.

60-cılara qarşı ən çox hücum edən həpəndlər, sən demə, onları təbliğ eləməklə uğraşırlar.

Bu ədəbiyyatdı. Bu vadinin öz sahibləri olub, olacaq da.

Sən estetik dəyər baxımından, ədəbi zövq baxımından, bədii təfəkür baxımından 60-cılardan heç də fərqlənmə, onların təsiri altında, təfəkkür, estetik hegamonluğu altında əsər yaz, sonra da onlara qarşı mübarizə apardığını söylə.

Yaxşı, adə. Deyirsən mən simvolizmi sevmirəm, posmodernistəm, bu yandan da simvolizmin ən düşük nümunələrini yaradırsan (qoy fit çalsınlar).

İndi bizim sorunlarımızdan qısa bəhs etsəm, sənin dediyin hər kəsdə olan həqiqət iy verər.

Sualına ikinci qatda cavab:

Mədəniyyətdə energetik şifrələrimizin üstünü qəzəl sistemi ört-basdır elədi. əlifba anlayışına gəlib çıxma yöntəmi azdırıldı.

Biz orhun yeniseyi ya davam etdirməli,ya da bu əlifba sistemini (sağdan sola) ikinci bir etabla davam etdirməliydik.

Sonrakı dönəmlərdə qəzəlçilik bir başa əlifbaya gedən yolu qapadırdı. ( bu söhbətin içərisində mən hələ bu torpaqlara zaman gəlib gedən işğalçı axınları hesaba qatmıram.ama işin içində bu da var.) öz əlifban səsin, ritmin.... mədəniyyət əlinə ov keçməyən qurd kimi acıxırdı.

Mədəniyyət bizdə artıq özündən yeməyə başlamışdı.elə indi də yeyir. ( gerizəkalılığımız buralarda başladı.sabir də düz elədi füzulinin belinə minib millət anlayışına girişərək ədəbiyyatda poetikanın hüquqi davasını açdı.) bəzən kimyəvi pepraparatlarla ədəbi bərpaçılığı tənzimləyirik.

Bu ötəridir, ölməmək instiktidir, bir dəfəlik tarix səhnəsindən çəkilməmək qorxusudur.

Mədəniyyətin əlifbadan və ritmdən başqa qanlı, canlı şikarı ola bilməz..

bizdə şeirdə şairin qılıncla qələmi bir əlində tutması söylədiymiz sürəci yazıdan uzaqlaşdırıb şifahi təfəkkürə bel bağlaması , sığınması dönəmində, əlifbaya yaxınlaşma, mədəniyyətin başında ideoloji təmayül gücünü dövlət sindromuna təslim edidi.

Koroğlu da saz, qılınc, Xətaidə yenə saz,qılınc, şeiriyyət,söz, silah.... kimi.( bu həm də əsl hiperxemaydı- satirik oxumalarla müşaiət olunan rəqs oyunlarıdır ) bütün bunların fonunda yazılı ədəbiyyat şifahi imitasiyasını, israrçılığını, metafizik qərarlılığını əldən vermirdi.

Bəs bu şifahi təfəkkür daşıyan yazılı ədəbiyyatda bu əlifba sayaxlaması hardan peyda olur, gahdan doğur, gahdan batır, əqilləri əsl Başlardan alırdı? ...bu sualı Azərbaycan ədəbiyyatının bağrına söykəyirəm. (qoy, sovuşsunlar)

– Sözün səni vurmasından çoxmu qorxursan. Ümumiyyətlə, sözün yazarı vurması nə deməkdir.yaxut da söz hansı yazarları vura bilər?


– Ədəbiyyatda mənim yazılarımdan başqa bir yazar kəsin dilindən,qələmindən belə bir kəlmə keçdiyini eşitməmişəm.

Yazı o kəsləri vurur ki, yazarın xarakterinin, ruhunun sahib olduğu bir qalıb var, o havanı yazmır, tuta bilmir.

Yazar axına qoşulub yazır. Düşüncəsizdir. Elə bilir ki, bir qələm, kağız oldu iş bitdi. Basıb keçir.

Onun daxili aləminin əsl havası baxır ki, bu nankor heç qıpırdamır, onu hərəkətə gətirmir. Küsüb geri çəkilir. “məni yükə çevirir”- kimi..

Bilənlər yaxşı anlar ki, yazı işi ən qədim, qutsal ayinlərin mehvərini təşkil edir.

Azərbaycanda o qədər istedadlı admlar tanıyıram ki, başqalarının lıjalarını ayaqlarına geyinib qum üzərində sürüşmək eşqinə çıxıb.

Yaxud başqasının “butsi”sini geyib buz üzərində sürüşmək istəyir. Söz adamı necə vurur.

Hər kəsin ruhaniyyətinə, karmasına məxsus söz dalğası mövcuddur.

Əsəd Qaraqaplan
Onu öz sahibi kullanmayanda, yaxut yanlış istiqamətə yönəldəndə, o yazı, söz dalğasını zorlayanda, yazarın taleyinin meydançası qana bulaşır, qırğın gedir.

Söz energetik olaraq reaksiyaya girəcəyi bir emosianal dalğa gəzir.

Bu reaksiya tez baş tutur və kod yazarın vasfında olduğu üçün yenə ona yönəlir.

Başına min bir oyun açır. Ancaq yazar yuxuda olduğu üçün, - ayıq deyil də, -anlamır.

Bəlkə də dünyanın ən sakit adamı kimi gəzib dolaşır.(qoy, baxışsınlar).

– Səni bu qədər Şərqli – Doğulu olmağa sürükləyən nədi? Günün Qərb -Batı reallıqlarıyla ayaqlaşa bilməməyin, yoxsa başqa səbəblər?


– Doğu anlayışına mən sürüklənmirəm, Doğunu doğuram, qafil. Mənim üçün doğu anlayışı kosmoqonik, ezatorik mahiyyət daşıyır.

Bəlli çizgiləri, xətləri keçərkən cərimələnirəm. çoxlarına zərbə vurmuş olaram.

Mən deyəcəyim sözün hara qədər lazım olduğunun fərqindəyəm. Mən bu özgürlüyümü kimsəyə verməmişəm və vermərəm.

Ədəbiyyatınan da elə mənin kimiləri məşğul olmalıdır.

Bu hesabla dünyada ədəbiyyata ən uyğun, ədəbi parametirlərə ən tanış gələn yazarlardan biri mənəm.

Doğu demişkən, doğuya vurğunluğum həm də məkan məsələsidir.

Bayaq dediyim kosmoqoniyanın,metafizikanın bu qavrama dəxli olan məkanları özündə ehtiva edərək, insanlıq mədəniyyətinə, insanın vasfına uyğun olaraq yeni, fərqli inkişaf, yaşam sistemlərinin rüşeymlərini qoruması, davamlı cücərməsidir. ( qoy, qışqırsınlar)

Sualına ikici qatda cavab:

Biganələşmiş “mən” - şərq ədəbiyyatında “mən” ellinlilərin yunan mifindəki biganələşmiş “mən” deyil.bir başa alt qatda məsuliyyət daşıyan “mən”dir.

Bu məsuliyyətli ”mən” bu gün özünü ora- bura, sağa-sola, mənaya, ritmə çırpıb sağ qalıb. Nəsli tükənməyib.

Hətta bəzən latınlar kimi özləri olmasa da, “dili, əlifbası,mədəniyyəti” yaşayır.

Oysa şərq mədəniyyətinin yeraltı axınını lazım olan yerə yönəldən ədəbiyyatın təzahürü olan o “ mən”(zaman fonundakı qürbətçiliyi) birbaşa öz deportasiya həyatını sonlayıb, ədəbiyyatın yenidən əski torpaqlarına qayıdır.

Qayıdış hər zaman olacaq. “ surda gizlənən səs” ramon-umdakı kimi. “saz” ramon-umdakı kimi.

Bu ostrakizm (sürgün ölüm cəzasının əvəzi olaraq) doğulur. Ostrakizm həm də məhkumu öz şəzxsiyyətindən ayırmaq deməkdir.

– Kölə olduğunu dediyin ədəbiyyatın bir nümayəndəsi olmaq səni nəylə xilas edir?

– Ədəbiyyat qəsrinin içinə bələd olan dəyərli 3-5 kişi varsa, yaxşı bilirlər ki, mən bu ədəbiyyata aid deyiləm.

Bu ədəbiyyat da son 150 illik bir tarixi ilə, bəzi istisnalarla, mənə məxsus deyil.

Minlərlə kitablar yaza bilərsən, ən yüksək şöhrət zirvəsinə sürünə bilərsən, ama bu ədəbiyyatın əsl mahiyyətini öləndən sonra da anlamamaq, anlaya bilməmək bədbəxtliyi olduğunu da unutmamq gərəkir.

Heyif, bu kütlə yazarları, bu kütləvi yazarlar axırda sifarişli, təşkil olunmuş yazı tərzi, mövzularıyla köləliyin ağuşuna elə atıldılar,dedilər bəs əsl Azərbaycan elə buradır-Köləbaycan-dı.

Qalxıb özünə bu ölkədə “azad yazaram “ , deyən kəs elə bilir ki, söyüş söyməklə, müxalif deyilən düşərgədə divar yazıları qaralamaqla iş bitmişdir. ”Yaxşı yazar, yaxşı oğlandır” – kimi səfsəfələrdən qorxunc nə var.

Bir dəfə də demişəm, bu ölkənin yazarlarının öz mövzusu yoxdur. Bu uzun söhbətdir.

Sonra, Azadlıq sözü bugünkü siyasiləşmiş dünyada hansı ictimai məna daşıyır, onu bilirsənmi. Kimə desən ki, sən dekansan, sevinər.

Ancaq 10 papz olduğunu hardan biləcək. Həm də niyə 10 papz, əfəndi? Azadlıq sözünü kölələr işlədir bu gün. Azadlıq sözünü kölələrə yükləyirlər, onlara bu adın yarlığını biçirlər.

Azad adam azaddırsa, niyə deməlidir azadam. Demək onun bu məsələylə bağlı çox ilginc, gizli sorunu var. Əsl azadlıq insanların cinsiyyətini bəlirləməsi kimi bir şeydir.

Qadın qadın olduğunu , kişi də kişi olduğunu heç vaxt deməz. Ehtiyac varmı.

Bu ölkədə ən özgür yazar, yazılarının kökündə imperializmə, böyük şərə qarşı savaş açan yazarlardır. . (qoy, acısınlar)

Sualına Ikinci qatda cavab:

Bizdə mədəni qapsamda ədəbiyyatdakı “mən” –lik yenidən dəbərib fəzalar qət eləsə də, (şaqraq poeziya nümunələri yarandı) “mən”in geriyə dönüşünü kimsə düşünmədi.

Üst-üstə gələn, məmləkətə və o cümlədən sözün, düşüncənin, poetikanın məkanına soxulan fikir, düşüncə, ideoloji axınlar uzun müddətdə başqa eyforiyalara uydu.

Cavid əfəndi də elədiyini gec elədi. əslinə qalsa Cavid olayı bizdə Axundovun ədəbi dönəmində tamamlanmalıydı.çünki mədəniyyət energetikamızda tiranlıq yaratma xüsusiyyətimiz əzəldən yoxudu..

Şeirdə gizlənən “mən” ədəbi bədii despotluğu, konservatizmi, sonrakı dönəmlərdə müxtəlif, fərqli kimi görünən ritmlərin eyniliyində toparlanmış hədəflə -ideoloji dayanacaq kimi üzə çıxdı. (dövlət quruldu) demək əlifbaya dönüş mərhələsi başlayacaqdı. (niyə dövlətlər yıxıldı.

Öz əlifbasından istifadə səriştəsi ağla gəlmədi. )sir bilgi “mən” – hamısı burdaydı, əlifbada. əlifbanın tapılması, üzə çıxarılması, ritmlərin, sözün ecazı vasitəsi ilə gerçəkləşirdi.

Bunu Azərbaycan düşüncə məkanında görən tapılmad. Axundov da yanılırdı. ərəb əlifbası əsasında cəhdlərinə görə. Ancaq sağdan sola yazı manevrini əsla itirilmədiyindən, mədəniyyətin düzgün yöntəmi onda təzahür edirdi.

bizdə tarix sürəcində mədəni gedişatda yaranan qatlar arasındakı itmiş unudulmuş məkanlar, səslər, zamanlar Ellinlilərdəki kimi sözlərin musiqisində eşidilən harmonik sədalarla şifrələnmirdi.

Bizdə bu sözün kosmaqonik oyunu həm də əlifbada şifrələnirdi-ta ədəbiyyat-mədəniyyət – dövlətçilik aşamalarına qədər. bu anlayışın təbiətin özü qədər heç bir uydurma nəzəriyyəsi olmur. bizdə fikirdən, sözdən, ritmdən əlifba yadlaşdırıldı- dəhşətli məsafələrlə bir-birindən uzaqlaşdırıldı.

Ona görə mədəniyətimizin varlığında bir qürbətçilik havası hökm sürməkdədir. ( bu qürbətçiliyin digər üzündə isə başqa bir yaradıcılıq suları çağlayırdı.

Nizami yaddilin torpağında-fars dili. Füzuli bağdadda.

Vətənin vətəndən uzaq yerində. Nəsimi hələbdə. Axundov Ttiflisdə. Məmməd əmi rəsulzadə Almaniyada.) Bunu görənlər az deyil.(qoy, təbəssümündən təşbeh tutsun.)

ƏSƏD QARAQAPLAN
Doqquziklim.net

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG