Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:29

Yeganə Cansail "Məkansızlıq" (Esse)


Burda adamlar gülümsəmir...

Küçələrdə evinə tələsən insanların üzündən zəhrimar tökülür... burda adamlar çiyinlərində yığılıb qalaqlanmış dərdlərin altında əzilib gəzir.

Mənsə orda...orda itirilmiş xoşbəxtliyi axtarıram... axı bu şəhər bizi xoşbəxt edə bilmir, halbuki günahkar adamlar... bilirsən necə kədərlidir Bakının gecələri?

Bilirsən necə dəhşətlidir qlamur vitrinlərdə hər şeyin heç də bu qədər parıltılı olmadığını görüb təəssüflənmək... burda hər şey uzaqdan görünən ilğım kimi... yaxınlaşdıqca üşüdür maneken kuklaların soyuq təbəssümü... burda yazılmamış qanunlar, oxunmamış mühakimələr, yerinə yetirilməmiş hökmlər var... burda pilləkənlərin, skamyaların bir küncündə dizlərini qucaqlayıb yuxularında cənnəti görən bomjlar, uşaqlar var... burda hələ də xoşbəxtliyin notunu, rəngini, sətrini axtaran bəstəkarlar, rəssam və şairlər var...

Mənsə orda...orda sənə məktublar yazıram...

Burda adamlar ürək əvəzinə daş gəzdirir.

Bilirsən necə kədərlidir hər gün burda, xəstəxana divarları arasında yan otaqdan gələn inilti səsini eşitmək... həmin otaqda 4 gündür ki, yatıb heç bir həkim müalicəsi almayan o bomjun ağrılarını sən mənə dünyanın heç bir haqsızlığı ilə müqayisə edə bilmərsən.

Adamsızdı... Kimsəsizdi.... Həkimlər ölməyini gözləyir...mənsə hələ də onun sağalacağına inanıram...

“Mənə çörək lazım deyil, o çörəyi mən küçədə də tapıram. Məni müalicə edin” – deyir, hər gün. Amma ona yaxın dayanan həkim yoxdu... O Allaha inanır. Mən də. Ürəyində daş gəzdirən o həkimlər də... Mənə dini anlatma!.. mənə adamları anlat...

Burda hamı sol qulağını sağ əlilə qaşımağı sevir... burda nədənsə hamı ağıllı görünmək istəyir, içlərindəki axmağı unudub... burda hamı bir-birini vəsf edib tərif etməyi sevir, halbuki orda indi atılmış qoca “Eybi yox gəlsin lap söysün məni, amma gəlsin, üzünü görüm. Öpüm oxşayım balamı. Nəvələrimçün darıxmışam” – deyir, gözü yol çəkir.

Mənə atılmış körpələrin, qocaların gözlərindəki kədəri, o əclaf ümidi anlatma...

Mənə bu adamlarla bacara bilməyən, susub ağlayan Tanrını anlat...

Burda konsertlərdə, premyeralarda sinəsi açıq təzə dar paltarını gözə dürtən, üzündəki ifadəsizliyi makiyajla ört basdır edən və özünü aristokrat cəmiyyətin içi puç nümayəndəsi sayan yüzlərlə adamlar var.

Mənə onları anlatma... Mənə Fantinanı, səfilləri, alçalmışları, təhqirolunmuşları və o yad qadını anlat...

Burda adamlar qeyri-səmimi biçimdə, heykəl kimi soyuq, ifadəsizdir... mənasızdır... satılıblar... burda məişət söhbətləri, problemlər, bura bir absurdistan...

Mənsə orda... Orda hər gecə sizi bir neçə saatlıq unutmağa çalışan şairin ruhu ilə anlatmağa çalışıram... İncitmə məni...

Onsuz da bu məkansızlıq, ümidsizlik hər gün bir az daha çox yeyib tükəndirir ömrümü.

Burda hər şey sadədir.... Sil gözünü... Bəsdir... Üzünə yağış yağıb...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG