Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:51

Sürücülərin boğazında «rastamoşka» sümüyü


«Prezidentin qərarı olmur, kimin qərarı olur-olsun. Bunlara keçmir. Prezidentin qərarı gömrükdən ötrü deyil»

Bakı Baş Gömrük İdarəsinin Sulutəpədəki Yasamal və Binəqədi Gömrük postunda avtomobilini qeydiyyatdan keçirmək istəyən Muradxan Tahirov bu fikirdədir.

Son günlər gömrük postunun qarşısında avtomobillərini qeydiyyatdan keçirmək istəyənlərin sayı daha da artıb. Hökumətdə korrupsiya ilə bağlı gedən müzakirələrdən həvəslənən vətəndaşlar bu fürsətdən istifadə etmək istədiklərini deyirlər.

Malik Əliyev deyir ki, 1997-ci ilin maşınını qeydiyyata aldırmaq istəyir. Bir neçə gündür gömrük postuna ayaq döysə də, gömrük işçiləri 1.6 mühərrikli avtomobilə 1920 manatdan aşağı qiymət qoymurlar.

«XOŞUN GƏLSƏ DƏ BUDUR, GƏLMƏSƏ DƏ»


«Mən də eşitmişəm qiymət enib, getmişəm evi banka qoymuşam, pul çıxartmışam ki, maşın alacam. Gəlmişəm bura, deyir qiymət budur. Xoşun gəlsə də budur, gəlməsə də».

1998-ci ilin 1.6 mühərrikli avtomobilini 2000 avroya aldığını deyən Muradxan Tahirovdan isə dövlət rüsumu üçün 3000 manat pul istəyiblər. Muradxan Tahirov bu rüsumun nəyə əsasən hesablandığını bilmir:

«Kefləri necə istəyir, elə də hesablayırlar. Konkret demir ki, budur. Məndən 3000 istəyir, ondan 2500 istəyir, o birisindən 4000. Kefləri necə gəlsə».

Rüşvət verməyə etiraz edən vətəndaşların aqibəti heç də yaxşı qurtarmır. Vətəndaşlar deyirlər ki, bu etiraz rüsum haqqının daha da artırılması ilə nəticələnir.

RÜŞVƏTİ NECƏ «FIRLADIRLAR»?


Məsələn, Həsən Məmmədovdan 2.4 mühərrikli 4500 manata aldığı 2001-ci ilin avtomobili üçün 5500 manat rüsum tələb ediblər.

«Məsələn, səndə qiymət yazılıb ki, 4500 dollar. Bunlar sənin qiymətinin üstündən cızıq çəkir, deyir, 8000-dir bu qiymət. 8000-i 18-ə vururlar, 18 faiz ƏDV çıxır. Sən belə rüşvət verməyəndə o, sənin malının qiymətini qaldırır. Bax, bununla fırlayırlar».

Eyvaz Mustafayev 2000-ci ilin maşınını 3,2 motorla 6200 manata alıb, bu maşını sürmək üçünsə 5900 manat rüsum qoyulduğunu deyir.

«Orda belə şey yoxdur ki, kassaya gələsən, kassada hesablasınlar sənin üçün, pulunu köçür, çek versinlər. Elə bir şey yoxdur»

«Hansı dövlətdə 4-5 minə aldığın maşın üçün gətirib 5000 də bunlara verirsən? Elə bir şey yoxdur axı».

«2000-ə almışam maşını, sən 3000 də məndən «rastamoşka» alırsan. Bu necə olur?»

Avtomobillərini qeydiyyata aldırmaq istəyənlər deyir ki, hüquqlarını bilmək də vətəndaşların köməyinə çatmır.

Gömrük Komitəsinin 192 nömrəli qaynar xəttinə müraciətlərinin də cavabsız qaldığını bildirirlər.

«SAYTA GİRİSƏN, ORDA 4000 DEYİR, BURDA 8000 DEYİR»

«Dünən də dedik, deyir çıx eşiyə. Qaynar xəttin də nömrəsini ordan götürüblər. Zəng edirsən, o nömrəni də götürmürlər, xeyri yoxdur».

«Gedib deyirsən ki, niyə belə çox yazırsan pulu? Deyir ki, xoşuna gəlmir, çıx get. Burda da 3 gün, 72 saat vaxt qoyurlar. 3 keçdisə, günü 50 manat cərimədir. Yenə də həmin pulu alırlar səndən. Boş şeydir».

Gömrükdəki alış-veriş prosesinin müzakirəsi çoxaldıqca postun mühafizəçisi də söhbətə qoşulmalı olur.

«VSE DA, QURTARDI, BAŞQA NƏ SÖHBƏT EDİRSƏN?»

- Səndən rüşvət istəyən var? Gəl gör içəridə çek verilir, yoxsa yox.
- Qiyməti enməyib də, 3 min idi, indi də 3 mindir.
- Dövlətin rüsumudur da. Vse da, qurtardı, başqa nə söhbət edirsən.

İçəridə baş verənlərlə bağlı gömrük postunun rəisiylə görüşməyə icazə verilmədi. Komitənin yazılı icazəsi olmalıymış. Gömrük Komitəsinin mətbuat xidmətindən isə telefon zənglərini cavabsız qoydular.

Bu isə Komitənin «192» nömrəli qaynar xəttinin bizə cavabı:

«Hörmətli abunəçi, yığdığınız nömrə mövcud deyildir».

«NECƏ OLDU Kİ, GÜRCÜSTAN PREZİDENTİ RÜŞVƏTİ YIĞIŞDIRDI, BİZİMKİ İSƏ YOX?»

Gömrük Postunun qarşısına toplaşanların müzakirə etdiyi suallardan biri də bu idi.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icra direktoru Vasif Mövsümov deyir ki, təkcə göstəriş verməklə rüşvətin kökünü kəsmək mümkün deyil:

«Heç bir məmur öz xoşuna mövqeyini əldən verməyəcək. Ona qarşı zor tətbiq etmək, dövlət orqanlarının gücünü tətbiq etmək lazımdır. Ona görə də yuxarıda iclas oldu, nəsə həll olunacaq demək bir az sadəlövhlük olardı. Burda güclü məmur müqavimətini qırmaq lazımdır. Bunun üçün də vətəndaşların özlərinin bir müqaviməti olmalıdır».

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə www.rusum.az internet portalı hazırlanıb. Nümunə üçün bu saytda söhbətləşdiyimiz vətəndaşların ödəməli olduğu dövlət rüsumunu hesabladıq. Bəlli oldu ki, Muradxan Tahirov 1628 manat,

Həsən Məmmədov isə 3058 manat ödəniş etməlidirlər.Halbu ki, Bakı Baş Gömrük İdarəsinində Muradxan Tahirovdan 3 min Həsən Məmmədovdan isə 5 min 500 manat tələb edilirdi.
XS
SM
MD
LG