Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23
Prezident İlham Əliyev fevralın 14-də, yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib.

Həmin sərəncam bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizinin yol polisi əməkdaşlarına verilməsini nəzərdə tutur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, qanunvericiliyə sərəncamdan irəli gələn dəyişikliklər edildikdən, və bu yenilik qüvvəyə mindikdən sonra bu barədə ətraflı danışmaq olar. Amma dövlətin atdığı bütün bu addımlar vətəndaşların və bütövlükdə cəmiyyətin rifahı üçündür.

«Sərəncam şəffaflığın qorunmasına xidmət edir»

«Şübhəsiz ki, çıxarılan bütün qərarlar vətəndaşların xeyirinədir. Düşünürəm ki, bu yenilik sürücülər üçün yaxşıdır. Çünki sürücü ilə yol polisi arasında yarana biləcək hər hansı bir mübahisəli məsələni həll edir. Dövlət başçısının bu sərəncamı eyni zamanda şəffaflığın qorunmasına xidmət edir».

Vaqif Əsdovun sözlərinə görə, prezidentin bu sərəncamı mümkün korrupsiya hallarının aradan qaldırılmasına ciddi dəstək olacaq.

Prezident həmin sərəncamında Nazirlər Kabinetinə törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək tapşırır. Yəni bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi barədə hökumətdən təkliflər istənilir.

Dövlət başçısı həmçinin Nazirlər Kabinetinə tapşırırb ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşların vəzifələrinin icrasına nəzarəti gücləndirsin.

Bakıda söhbətləşdiyimiz sürücülərin bu məsələyə münasibəti isə birmənalı deyil. Prezidentin sərəncamına ümidlə yanaşanlar da var, yol polisinin bu yenilikdən də sui istifadə edəcəyini düşünüb bədgüman olanlar da.

Məsələn taksi sürücüsü Fikrət kişi deyir ki, prezident bu fərmanla yol polisini yerində oturtmaq istəyir:

«Preziden avtomobil cərimələrindən 25 faiz alıb yol polisinə verməklə deyir ki, alın maaşınızı oturun yerinizdə. Camaatla işiniz olmasın. Məncə bunun nəsə xeyiri olmalıdır...

-Xeyiri dövlətə və yol polisinə olacaq. Ziyanı isə biz sürücülərə. Əgər qayda-qanunla olsa, yaxşıdır. Bir də var ki, heç nədən cərimə edəcəklər, özlərinə xeyirdi də. Çnaq yenə də bizim başımızda sınır də...
-Mənə elə gəlir yaxşı olar. Biz də sürücüyük də. Bizə nə qanun qoyulacaq onunla da gedəcəyik...
-Az qazanırlar, hələ bir 25 faiz də üstünə getsin. Dolu dəryaya yağar də. Hamısı biz kasıbların belindən çıxır. O gün heç nədən yazıb mənə cəriməni. 3 bal, özü də 40 manat. İndi mən onu necə qazanıb aparım verim... »

Hüquqşünas Bəhruz Kərimov isə hesab edir ki, prezidentin bu sərəncamının mənfi göstəriciləri daha çox olacaq. Belə ki, əslində cərimələrdən əldə edilən vəsaitin 25 faizinin cərimə edənlərə verilməsi yol polisi –sürücü münasibətlərində özünü neqativ hal kimi büruzə verəcək. Onun fikrincə, bundan sonra yol patrul xidmətini həyata keçirənlər sürücüləri daha çox cərimələməkdə maraqlı olacaqlar.

«Cərimələrin, inzibati xətaların sayı bundan sonra artacağ».


«Bu sərəncam sürücülərin daha çox cərimə edilməsində, olan-olmayan inzibati xətaların daha çox qeydə alınmasında yol polisi əməkdaşlarına stimul verəcək. Ona görə də cərimələrin də, inzibati xətaların da sayının bundan sonra artacağını gözləmək olar. Ona görə də məncə bu düzgün mövqe deyil».

Bəhruz Kərimov düşünür ki, ümumiyyətlə qanunun icrasının tətbiqində maddi maraqlandırma heç bir məntiqə sığmır. Dövlət qulluqçusu öz vəzifəsini yerinə yetirir və buna görə maaş alır. Belə olduğu halda ona qanunu düzgün tətbiq etmək üçün əlavə pul verilməsi düzgün addım deyil. Ekspertin fikirincə əgər məqsəd yol polisinin öz vəzifəsini layiqincə yerinə yetirməsi və yaxşı əməkhaqqı almasıdırsa, məntiqlə onun maaşı artırılmalıdır. Onsuzda bütün cərimələr dövlət büdcəsinə ödənilir. Bəhruz Kərimov deyir ki, büdcədən ayırmaqla polisin maaşını artırmaq daha düzgün olar. Bu halda polistlər də heç nədən inzibati xəta uydurmağa meylli olmazdılar.

Şərhləri göstər

XS
SM
MD
LG