Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13
Qazax rayon sakini Nəzirə Yusifova Azadlıqradiosunun «Qaynar xətt»inə şikayət edib ki, məhkəmələr tərəfindən çıxarılmış iki qərar aylardır icra məmurları tərəfindən icra olunmur.

Qərarlardan biri mənzilə yerləşdirilmə, digəri isə müalicə üçün əlavə xərclərin ödənilməsi ilə bağlıdır. Məhkəmələrin çıxardıqları qərarlara əsasən, Nəzirə Yusifova azyaşlı uşaqları ilə keçmiş ərinin mənzilinə yerləşdirilməlidir. Bundan başqa, övladının müalicəsi üçün keçmiş əri hər ay alimentdən əlavə müalicə xərcləri ödəməlidir. Ancaq qərarların ikisi də icrasız qalıb. Nəzirə Yusifova:

«VÖEN-i BAĞLATDIRIB, GUYA HEÇ YERDƏ İŞLƏMİR»

- 2009-cu ilin sentyabr ayında boşanmışam, iki azyaşlı uşağım var, qızım anadangəlmə xəstədir. Həmin ilin oktyabr ayında məhkəmə hər uşağa görə 20 manat aliment kəsdi. Bir ildən sonra alimentin artırılmasına görə məhkəmədə iddia qaldırdım. Məhkəmə alimentin məbləğini artıraraq hər uşağa görə 40 manat təyin etdi. Sonra iddia qaldırdım ki, uşaqlardan biri anadangəlmə xəstədir, müalicəyə ehtiyacı var.

Keçən il fevralın 14-də rayon məhkəməsi müalicəyə görə alimentdən əlavə hər ay keçmiş ərim tərəfindən 150 manat ödənilməsinə dair qətnamə çıxartdı. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verdi, məbləğ 100 manata endirildi. Cavabdeh tərəf yenə razılaşmadı və bu dəfə Ali məhkəməyə kassasiya şikayəti verdi. Ancaq Ali Məhkəmə birinci məhkəmənin kəsdiyi 150 manatı qüvvədə saxladı. Qərar icra olunmaq üçün icraçılar qrupuna göndərilsə də bu günə kimi icra olunmur. İndi cavabdeh tərəf yığılıb qalmış 1 illik borcun ləğvi üçün Qazax rayon Məhkəməsinə müraciət edib. Vergilərdən VÖEN-i bağlatdırıb, saxta işsizlik kağızı düzəltdirib ki, guya heç yerdə işləmir. Həqiqətdə isə toylarda «manıs»lıqla məşğul olur və yaxşı pul qazanır. Bundan başqa, mənim uşaqlarımla birlikdə keçmiş ərimin evinə köçürülməyim də Ali Məhkəmə tərəfindən təsdiq olunub, keçən ilin dekabr ayından o qərar da icra olunmur.

«NƏ VAXT GƏLSƏ, EVƏ YERLƏŞDİRMƏYƏ HAZIRIQ»

Qazax rayon İcra Qrupunun rəhbəri İlqar Məmmədov deyir ki, mənzilə yerləşdirilmə ilə bağlı qərarı bu günlərdə icra edəcəklər. O ki qaldı müalicə üçün əlavə xərclərlə bağlı qərarın icrasına, İlqar Məmmədovun deməsinə görə, cavabdeh tərəf 1 il ərzində yığılıb qalmış borcların ləğvi üçün rayon məhkəməsinə müraciət edib. Bu səbəbdən də onlar hələlik Ali Məhkəmənin qərarını icra edə bilmirlər:

- İcraatımızda qadının tələbkar kimi üç icra qərarı var. Biri alimentə, biri uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə, biri də evə köçürülməyə dairdir. Aliment vaxtlı-vaxtında ödənilir. Əlavə xərclərlə bağlı qərara gəlincə, cavabdeh tərəf məhkəməyə bir də müraciət edib. Biz də məhkəmənin çıxaracağı qərarı gözləyirik. Nə qərar çıxarılsa, onu da icra edəcəyik. O ki qaldı evə köçürülmə ilə bağlı qərara, Nəzirə Yusifova nə vaxt gəlsə, onu evə yerləşdirməyə hazırıq. Məhkəmə qərarları dövlətin adından çıxarılır və ola bilməz ki, bu qərarlar icra olunmasın.

Vəkil Xalid Bağırov məhkəmə qərarlarını icra etməyən icra məmurlarının və icranı həyata keçirməyə mane olan şəxslərin məsuliyyətindən danışır:

“QƏRARLARIN İCRASI İLƏ BAĞLI BÖYÜK PROBLEMLƏR VAR”


- Vətəndaş şikayət edir ki, məhkəmə qərarları icra olunmur. Məhkəmə qərarlarının icrası çox önəmli məsələdir. Avropa Məhkəməsi də bununla bağlı Azərbaycanla bağlı bir neçə qərar qəbul edib və konkret göstərib ki, məhkəmə qətnaməsi icra olunmadıqda bu artıq göstərir ki, ədalət mühakiməsi həyata keçirilməyib. İcra mərhələsi ədalət mühakiməsinin çox önəmli mərhələsidir və onsuz ədalət mühakiməsi yoxdur.

Azərbaycanda icra olunmayan qərarlarla bağlı böyük problem var, məhkəmə qərarlarının icrası haqqında qanunda məhkəmə qərarlarının icrasının həyata keçirilməsinin müddətləri nəzərdə tutulub. Məhkəmə qərarları iki ay ərzində icra olunmalıdır. Tutaq ki, aliment ödənişləri mütəmadidirsə, onlar mütəmadi şəkildə icra olunmalıdır. Qərarların icra edilməməsinə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Hər bir icraçı ona icranı həyata keçirməyə mane olan və qəsdən icraetmədən imtina edən borclu haqqında müvafiq məhkəməyə, rayon prokurorluğuna müraciət edib cinayət barədə məlumat verməlidir ki, həmin şəxs barədə cinayət işi başlansın.

- Şikayət icra məmurlarının hərəkətlərindərdir.

- O zaman icraçının hərəkətlərindən məhkəməyə şikayət verilə bilər. Amma burda bir məsələ var ki, əgər icra məmurunun özünə də icranı həyata keçirməyə mane olan hallar varsa, icra məmurunun birbaşa məsuliyyətə cəlb etmək imkanları var.

Fevralın 15-də isə Qazax rayon Məhkəməsində Nəzirə Yusifovanın keçmiş əri Qurban Abbasovun müalicə üçün əlavə xərclər kimi keçən ilin fevral ayından təyin olunmuş və yığılıb qalmış 1 illik borcun ləğvinə dair iddiasına baxılıb. İddia təmin olunmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG