Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:59

«Rüşvət azalıb, məbləği çoxalıb»


Astara Gömrük İdarəsi
Astara rayon Səncərədi kənd sakini Bayram Bayramov fevralın 9-da İrandan geri qayıdarkən Astara gömrükxanasında onu saxlayıblar. Gömrükxana işçisi ona deyib ki, İrandan gətirilən naringini Azərbaycana çıxarda bilməzsən. B.Bayramov bunun səbəbini soruşub. Ona deyiblər ki, naringi monopoliyadadır. Buna etiraz edəndə B.Bayramova deməsinə görə, zor tətbiq ediblər. B.Bayramov ona edilən haqsızlığa etiraz olaraq Astara gömrükxanasında şüşə ilə bədənini doğrayıb. Onu qan içində Astara rayon Mərkəzi Xəstəxanaya çatdırıblar. İlkin yardım göstərilib. Xəstəxananın həkimi Etibar Cəlilovun dediyinə görə də, Bayram adında xəstə onlara daxil olub. Astara rayon Polis Şöbəsindən bildiriblər ki, bütün sənədlər toplanaraq rayon prokurorluğuna göndərilib. Bu barədə araşdırma gedir.

NARİNGİ MONOPOLİYASI...

«Ev üçün 5-6 kiloqram naringi almışdım. Əlimdən aldılar. Təhqir etdilər. Halbuki, naringi qadağan edilmiş məhsul deyil. Buna görə özümü şüşə ilə kəsdim. Nə edim? Gömrükxana monopolistlərlə doludur. Bəs nə etməli idim?»


«PREZİDENTİ ÇIXMAQ ŞƏRTİ İLƏ HAMI RÜŞVƏT ALIR»

«İki nəfər gəlmişdi. Mənə dedilər ki, vergidəndirlər. Bu yoxlamanın qanunsuz olduğunu bildirdim. Şikayət edərəm, dedim. Onlar gülüb dedilər ki, şikayət etdiyin adamı, ola bilsin ki, işdən çıxartsınlar. Çıxarılan adam acından ölməz, biz onu dolandırarıq. Necə ki, işdən çıxarılan məmurlara hər ay pul verilir. Ondan sonra sən burda işləyə bilməzsən».

Bunları da AzadlıqRadiosuna iş adamı Fayıq Cəfərov söylədi.

Bu hadisələr respublika prezidenti başda olmaqla hökumətin korrupsiyaya qarşı ciddi mübarizə apardıqları məqama təsadüf edir. Rayonların icra hakimiyyəti aparatlarında korrupsiyaya qarşı mübarizə komissiyaları yaradılıb. İdarə və müəssisə rəhbərlərinə bu barədə xəbərdarlıq
Fayıq Cəfərov
edilib.

İş adamı F.Cəfərov isə deyir ki, prezident səviyyəsində rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan kampaniya bir neçə aydan sonra səngiyəcək. Sonra həmin aylar üçün də bizdən haqq istəyəcəklər:

«Rüşvətxoru, korrupsioner məmurların arasında axtarmaq lazımdır. Rüşvəti də alan, korrupsiyaya rəvac verən də özləridir. Prezidenti çıxmaq şərti ilə qalan məmurların hamısı rüşvət alır və verirlər».

F.Cəfərov düşünür ki, hələ ki, rayonlarda bu mübarizə özünü göstərmir.

«KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ HAKİMİYYƏTLƏ YAŞIDDIR»

Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov isə bütün bunların səbəbini ərəb ölkələrində baş verən xalq etirazlarında görür:

«Korrupsiya və rüşvətxorluq bu hakimiyyətlə yaşıddır. Bu illər ərzində bu dəhşətli halları görmürdülər? Özləri tərəfindən yaratdıqları korrupsiya piramidası indi onlar üçün təhlükəyə çevrilib. Ölkə iqtisadiyyatını mürgünə kimi yeyən bu dəhşətli hallarla həmişə mübarizə aparsalar, nəticə verər.
Yadigar Sadıqov
Əyalətlərdə çox çətin olacaq. Korrupsiyanı, rüşvətxorluğu həyata keçirdən əsas icraçılar rayonlarda kök salıblar. Rayonlarda morqa aparılan meyiti də onun sahibinə pul ilə satırlar. Məhkəmələr sərbəst deyil, hansı tərəf çox pul verir məsələni onun xeyrinə həll edirlər».

Lənkərandakı Hüquqi Məsləhətlər və Vətəndaşlara Xidmət Mərkəzinin direktoru Sədrəddin Kazımov isə hesab edir ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün kifayət qədər qanunlar var:

«Belə olan halda rayonlarda korrupsiyaya qarşı mübarizə aparmaq üçün komissiyaların yaradılması başa düşülən deyil. Əslində bu acizliyin əlamətləridir. Neçə vaxtdır ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün kampaniyaya başlayıblar. Lənkəran rayonunda bunun təsirini görmürük. Belə görünür ki, bu kampaniyanın təsiri rayonların sərhədlərinə çatmamış sönəcək».

«BƏS MÜBARİZƏ NECƏ OLUR?»

Lənkəran şəhər sakini Zahid Şükürov isə deyir ki, əvvəllər olduğu kimi yenə xəstəxanalarda xəstələrdən pul alırlar. İdarələr köhnə qayda ilə işləyirlər:

«Deyirlər ki, rayonda korrupsiyaya qarşı komissiya fəaliyyət göstərir. Öyrəndim ki, bu komissiyanın üzvləri o adamlardır ki, onlar korrupsiyaya rəvac verirlər. Ancaq ehtiyat edirlər. Vətəndaşlarla kobud rəftar etmirlər. Rüşvət azalıb, lakin rüşvətin məbləği artıb».

Lənkəran rayonun Sütəmurdov kənd sakini Azad Şəfiyev də rayonda korrupsiya ilə bağlı yenilik olmadığını söylədi:

«Mətbuatdan bilirəm ki, korrupsiyaya qarşı ciddi mübarizə gedir».

YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev isə deyir ki, prezident səviyyəsində korrupsiyaya qarşı mübarizə gedirsə, müsbət nəticə verəcək:

«Rayonda keçirilən tədbirlərdə bu barədə dönə-dönə söhbət gedir. İctimaiyyətin nümayəndələri bu işə cəlb olunublar. Bəs mübarizə necə olur?»

F.Ağayev belə hesab edir ki, qısa müddətdə bu mübarizənin nəticəsi olacaq.

Astara rayon Gömrük İdarəsindən isə bildirdilər ki, B.Bayramov adlı vətəndaşı tanımırlar. Ümumiyyətlə, belə hadisə baş verməyib.

Şərhləri göstər

XS
SM
MD
LG