Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05
Azər QARAÇƏNLİ

əvvəli burda

İnsanın başına gələn bir çox bəlanın kökündə görməmişlik durur.

Biz maddi görməmişlikdən danışmayacağıq, söhbətimizin mövzusu ictimai‐siyasi görməmişlikdi.

Gəlin mövzunu bir az da konkretləşdirək: biz azadlıq uğrunda mübarizə aparan adamların görməmişliyindən danışacağıq.

Mövzunu bu qədər konkretləşdirməyin səbəbi var.

Görməmişlik bizim cəmiyyətdə elə biabırçı həddə çatıb ki, onun birindən danışıb, o birindən danışmamaq doğru deyil, həm də daha böyük, daha dəhşətli görməmişlikləri qoyub azadlıq uğrunda mübarizə aparanların görməmişliyindən danışmaq insafdan deyil.

Əslində bu, ədalətsizlikdi, çünki azadlıq uğrunda mübarizə aparanların istər maddi, istər ictimai‐siyasi görməmişliyi başqalarının həm maddi, həm ictimai, həm də siyasi görməmişliyindən qat‐qat azdı.

Ancaq azadlıq uğrunda mübarizədən danışırıqsa, onda bu mövzuya da toxunmalıyıq.

Çünki bizi narahat eləyən azadlıq uğrunda mübarizə aparanların görməmişliyi deyil, onun həmin mübarizəyə vurduğu ziyandı.

Görməmişcəsinə şöhrətpərəstliyin azadlıq uğrunda mübarizəyə vurduğu ziyansa az olmayıb.

Mövzunu bir az da dəqiqləşdirək: biz azadlıq uğrunda mübarizə aparanların maddi görməmişliyindən yox, ictimai‐siyasi sahəyə aid hər bir görməmişliyindən də yox, məhz şöhrət görməmişliyindən, həm də onun məhz həmin mübarizəyə ziyan vuran hissəsindən danışırıq.

Mövzumuzun dəqiq adı belədi: azadlıq uğrunda mübarizə aparan insanların özünü reklam eləməsinin bəzən onların işinə və ümumən azadlıq uğrunda mübarizəyə ziyan vurması.

Lap dəqiqi, biz bu haqda yalnız bir neçə söz deyirik.

Birdən görürsən biri azadlıq uğrunda nəsə yaxşı bir iş görüb, bir faydalı addım atıb, zəhmət çəkib, bəlkə fədakarlıq da eləyib, o dəqiqə istəyir bütün aləm bundan xəbər tutsun, bunu bildirməkdən ötrü dəridən‐qabıqdan çıxır.

Ay sağ olmuş, nolub, nə qoyma‐haraydı, adam bir az gözütox, bir təvazökar olar, elədiyini gözə soxub, başa qaxıb qiymətdən salmaz və nəhayət, adamın bir bicliyi də olar, özünü bu qədər ifşa eləyib yandırmaz.

Görürsüz, mən niyyətimi dərhal ifşa elədim. Azadlıq uğrunda mübarizə aparanların şöhrət görməmişliyinin əleyhinə danışanda təkcə mənəvi yox, həm də siyasi amillərə söykəndiyimi dərhal büruzə verdim.

Əgər azadlıq uğrunda ictimai‐siyasi mübarizədə özünüreklamın ictimai‐siyasi fəsadları olmasaydı, onda mən bu reklamın əleyhinə ya danışmazdım, ya da ancaq mənəvi arqumentlərlə danışardım.

İndisə mən burda mənəvi arqument qədər də ictimai‐siyasi arqumenti yada salıram, çünki azadlıq uğrunda mübarizə aparanların təkcə mənəvi təmkini yox, ictimai‐siyasi təmkini də itirdiklərini görürəm.

Orta və yaşlı nəsli bir qırağa qoyaq, heç olmasa gənclər bu səhvə yol verməsinlər, onların gələcəyi irəlidədi və şöhrət qazanmağa hələ çox vaxt, çox imkan olacaq. Tələsmək lazım deyil.

Şöhrətə tələsməksə heç lazım deyil. Şöhrət elə bir şeydi ki, bir gündə də gələ bilər. Özündə mənəvi güc hiss eləyən adamın itmək qorxusu olmamalıdı.

Əsas məsələ iş görməkdi, insana xoşbəxtlik gətirən budu, insanı gördüyü işdən aldığı zövq xoşbəxt eləyir, hələ bilmək olmaz şöhrət də bu hissi yaradacaq, ya yox.

Şöhrətə tələsmək ən birinci ona görə təhlükəlidi ki, mənəvi səslənişi geridə qoyan hər bir çağırış qəzaya aparır, geci‐tezi var.

Şöhrətin sürəti mənəviyyatın sürətini keçməməlidi, əksinə, bir az geridə dayanmalıdı, buna təvazökarlıq deyirlər.

Mənəviyyatın sürətinə uyğun olan hər bir irəliləmə ən etibarlı irəliləmədi, axır‐əvvəl gəlib o birilərini keçəcək və ötüb keçəndə də yol qırağında saysız‐hesabsız qəzanın şahidi olacaq, onda qəzaya uğrayanlar ona həsrətlə baxacaqlar.

Yanından yavaş‐yavaş ötüb gedəcək həmin arxayın və dayanıqlı şöhrətə həsrətlə baxmaq istəmirsənsə, sürəti vaxtında aşağı salmalısan. Ən maraqlısı odu ki, şöhrətə, məhz şöhrətə heç vaxt tələsmək lazım deyil, ən gülməlisi də odu ki, adamlar çox vaxt elə məhz şöhrətə tələsirlər.

Azadlıq uğrunda mübarizə hər şeydən əvvəl mənəvi prinsiplərə görə təvazökar olmalıdı, şöhrət görməmişliyi eləməməlidi.

İkincisi də, bu mübarizənin bir ağlı, sözün yaxşı mənasında bicliyi olmalıdı, şöhrət nə olan şeydi ki, özünü onun güdazına verəsən.

Görürsüz, biz təkcə mənəviyyatdan danışmırıq, həm də hiyləgərlikdən danışırıq, ancaq bunun hər ikisinə ehtiyacımız varsa və təkcə mənəvi zəifliyimizə görə yox, həm də ağılsızlığımızın ucbatından qurban gediriksə, onda bunu nə cür ört‐basdır eləyək.

Nə cür inkar eləyək ki, azadlıq uğrunda mübarizədə bəzi səhvlər adicə şöhrət görməmişliyinə görə buraxılır, nədi‐nədi, kimsə özünü reklam eləmək istəyir, kimsə lider kimi görünmək istəyir, kimsə qəhrəman olmaq istəyir və sair.

Hər kəs vicdan borcu olan işdən mükafat umduğuna görə xəcalət çəkməlidi.

Adi işini qəhrəmanlıq kimi qələmə verib onu vicdanın borc bildiyi işlərin siyahısından çıxarmağa çalışan adam insanlığı təhqir eləyir, insanı cılızlaşdırır, tərbiyəsizlik yayır, başqalarına yanlış istiqamət göstərir.

O yolu getməyinədəyməz.

Orda siz bir dənə də gözütox, mərd, səviyyəli adama rast gəlməyəcəksiz. Gördüyünüz ancaq cır‐cılız adamlar olacaq.

Onlarda sanbal deyilən şey yoxdu. Elə cılızlıqlar eləyəcəklər ki, onların əvəzinə siz xəcalət təri tökəcəksiz. Nə belə dostunuz olsun, nə də belə düşməniniz.

Görməmişlik insanın həmişə sanbalını əlindən alır. Şöhrət görməmişliyi azadlıq uğrunda mübarizəni sevimli olmağa qoymur.

Təvazökarlığı olmayan varlığı və prosesi ürəkdən sevmək olmur.

Hətta təbiət mənzərələri arasında da ən sevimli mənzərələr təvazökar görünən mənzərələrdi.

Şöhrət hərisliyi azadlıq uğrunda mübarizəyə şübhə yaradır.

İstər‐istəməz bu mübarizənin şəxsi mənafe uğrunda olduğunu düşünürsən, inamın azalır, fikirləşirsən ki, azadlıq pərdəsi altında adamları aldatmaqla məşğuldular.

Gözütoxluq, o cümlədən şöhrət görməmişliyinin olmaması inam yaradan faktordu.

Azadlıq uğrunda mübarizə aparan adamın heç nəyi yox, eləcə şöhrət hərisliyi axırda elə bir vəziyyət yaradacaq ki, bir adam da onun səmimiyyətinə inanmayacaq, nə desə, neyləsə, adamlar onun yalnız özü üçün çalışdığını düşünəcəklər.

Şöhrət elə bir şeydi ki, insan onu, ona can atmaya‐atmaya qazanmalıdı.

Mübarizənin məqsədi var, ona görə şöhrətin məqsədə çevrilməsi mübarizəylə bir araya sığmır – ikisindən birini seçməlisən.

Əlbəttə, mübarizəni seçən adamın şöhrəti də qazana biləcəyinə ümid eləmək olar, şöhrəti seçən adamsa yalnız bir məqsədinə çata bilər, o da sağlığında, çünki zamanın şöhrəti sınağa çəkmək xüsusiyyəti var, zaman – adların başını yeməkdə mahirdi.

Şöhrət görməmişi adamları özünə borclu sayır, çünki o, hər xırda işinə qəhrəmanlıq kimi baxır və buna görə minnətdarlıq, mükafat istəyir.

Həmin mükafatı adamlar ona bir verəcəklər, iki verəcəklər, axırda da nifrət eləyəcəklər.

Şöhrət hərisiylə cəmiyyət arasında həmişə daxili bir gərginlik olur, şöhrət hərisinin varlığı cəmiyyətin həmişə əsəbinə toxunur.

Şöhrət hərisini görəndə adamlara elə gəlir ki, elə bil kimsə əlini onların başının içinə salıb əsəblərinin ucunu cırmaqlayır.

Bu, çox pis hissdi. Azadlıq uğrunda mübarizənin onunla assosiasiya olunması lap pisdi.

Azadlıqla əsl münasibət həmin əsəblərin üstündən sığal çəkməlidi, bütün mənfi duyğuların dağılıb getməsi, yerində sevgi və ümidin baş qaldırmasıyla nəticələnməlidi.

Azadlıq uğrunda mübarizə cəmiyyətdə müsbət duyğuları oyatmalıdı.

Bu absurddu ki, azadlıq uğrunda mübarizə aparasan, həm də mənfi duyğuların vurğunu olasan. Azadlıq uğrunda mübarizə müsbət duyğulara vurğunluqla aparılmalıdı.

Azadlıq uğrunda mübarizənin tamahı olmamalıdı, o cümlədən şöhrət tamahı.

Adamları özünə borclu bilmək – heç nəyi özünə borc bilməmək deməkdi. Azadlıq uğrunda mübarizə özünü borclu saymalıdı, başqalarını yox.

Özünü borclu biləndə mükafat ummursan, mükafat ummursansa, deməli, məqsədin şöhrət qazanmaq deyil, şöhrəti məqsəd seçməmisənsə, deməli, azadlıq uğrunda mübarizə apara və həmin mübarizəni cılızlıqlara qurban getməkdən qoruya bilərsən.

Şöhrət görməmişliyinə xırda məsələ kimi baxmayın, təkcə elə onun azadlıq uğrunda mübarizəni korlamaq gücü var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG