Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:41

Nazim Məmmədov: «Vətəndaşlar prezidentdən kadr islahatı gözləyir»


Nazim Məmmədov
Nazim Məmmədov
«Hökumətdə kadr islahatlarına ehtiyac olacaq».

AzadlıqRadiosunun «İşdən sonra» proqramına qonaq olan iqtisadçı, keçmiş deputat Nazim Məmmədov hökumətin korrupsiya ilə mübarizəsinə münasibət bildirərkən belə deyib.

Onun fikrincə, qanunvericilik baxımından korrupsiya ilə mübarizədə problem yoxdur və bu mübarizə mütəmadi xarakter daşıyır:

«Bəziləri bunu kampaniya xarakterli görürlər. Ancaq hər halda cəmiyyəti narahat edən problemlər barədə dövlət başçısına da məlumat verilir. Bu problemlər haqqında yuxarıdan addımlar atılması müsbət qarşılanmalıdır... Geniş ictimaiyyətin bu prosesə qoşulmasını təqdirəlayiq hesab edirəm. Güman edirəm ki, biz bu problemlərdən danışmaqdansa, problemlərin həlli yollarını axtarmalıyıq - hansı islahatları biz aparmalıyıq, hansı dəyişiklikləri etməliyik. O cümlədən, institusional islahatlar, müxtəlif nazirliklərdə struktur, kadr islahatları daha da sürətlənməlidir. Vətəndaşların dövlət başçısından ən çox gözlədiyi kadr islahatlarıdır».

Nazim Məmmədov deyir ki, problem sistemdə deyil, adamlardadır. Korrupsiyanın kökündə duran məsələlərin ən birincisi kadrların uzun müddət bir yerdə işləməsidir.

Ancaq o, bəzi iqtisadçıların bütün hökumətin istefaya göndərilməsi barədə dediklərini təqdirəlayiq saymır:

«Müxtəlif kadr islahatlarına ehtiyac olacaq. Güman etmirəm ki, bütün hökuməti buraxmaq lazımdır. Heç də bir naziri onun müavini ilə əvəzləməyə də ehtiyac yoxdur. Yəni bunlar bu günə qədər belə işləyiblərsə, sabah da bu sistem belə davam edə bilər. Bu ehtimallar daha böyükdür. Düşünürəm ki, daha çox islahatçı insanları, gənc kadrları, yaxşı təhsil görmüş, liberal bazar münasibətlərinə uyğun idarəetməni bacaran şəxsləri idarəetməyə cəlb etməliyik».

«NAZİRİN MAAŞI 5 MİN MANATDAN AŞAĞI OLMAMALIDIR»

Nazim Məmmədov bildirib ki, mənfi halların qarşısını almaq üçün ilk növbədə məmurların maaşlarının artırılmasına başlanmalıdır. Onun fikrincə, nazirin maaşı 5 min manatdan aşağı olmamalıdır.

Keçmiş deputat deyir ki, Rusiya və Gürcüstanın deputatları Azərbaycan həmkarlarından qat-qat çox maaş alır. İqtisadçı istəyir ki, dövlət idarələrində işləyən bütün məmurların maaşlarına yenidən baxılsın:

«Aşağıda oturan məmur yuxarıdan göstəriş gəlmədən heç bir təşəbbüsdə bulunmur. Yəni, öz sahəsində islahatların dərinləşməsinə heç kəs maraq göstərmir. Çünki o, adət edib öz idarəetmə prinsipinə və o metodla da davam edir. Güman edirəm ki, islahatların aparılması cənab prezidentin marağındadır. Çünki istənilən hakimiyyətin ömrünün uzunluğu xalqın rifah halından və xalqın səsindən asılıdır. Azərbaycan da istisna deyil». Nazim Məmmədov bildirir ki, bir çox hallarda dövlət başçısına doğru-dürüst məlumatlar verilmir:

«Mən dəfələrlə şahidi olmuşam ki, məlumat verən şəxslər hər şeyin gözəl olduğunu, hər şeyin yüksək səviyyədə təmin olunduğunu birbaşa məruzə edirlər»...

XS
SM
MD
LG