Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39
“Qafqazinfo”ya verdiyi “Şahbaz bəy çap etdirdiyi muəlliflərə öz “oyuncaqları” kimi baxır” başlıqlı müsahibədə Milli Kitab Mükafatı Müsabiqəsinə təqdim edilmiş bəzi əsərləri tənqid edən AYB katibi Rəşad Məcidə qarşı tərəfdən cavab gəlib.

“İks günü” romanının müəllifi Xalid Kazımlı hesab edir ki, Rəşad Məcidin fikirləri nə qəbulediləcək səviyyədə səmimi dost tənqididir, nə də peşəkar tənqiddir:

“Rəşadın 100-dən artıq əsərin içindən ikisini seçib hədəfə alması qəribə görünür.

Ayrıca onun işlətdiyi “oyuncaq” ifadəsi nə mənə, nə Şahbaza, nə də Rəşadın özünə yaraşan sözdür.

Biz oyuncaq olsaydıq, insanları oyuncaq kimi, marionetka kimi oynadanların yanında olardıq.

Ona görə də nə heç kəs mənə oyuncaq kimi baxa bilməz, nə də bu sözü dilə gətirmək düzgündür”.

AYB katibinin səsləndirdiyi tənqdi fikirlərə gəlincə, “İks günü” müəllifi tamam başqa cür düşünür:

“Rəşad Məcid deyir, “İks günü” publisitik əsərdir. Mənim romanım isə satirik janrda yazılıb. Azərbaycan nəsrinin ilk nümunəsi “Aldanmış kəvakib” də satirik janrda olub.

Bundan başqa, bu janrda Mirzə Cəlil, Əbdürrəhim Haqverdiyev şedevrlər yaradıb.

Hələ rus klassiklərini – Saltıkov-Şedrini, Çexovu, Qoqolu xatırlayaq. Onların yaradığı satirik əsərlər – “Poçt qutusu”ndan ta “Şinel”ə qədər hamısı satirik janrdadır.

İlf və Petrovun bütün yaradıcılığı, Voynoviçin “İvan Çonkin”i dünyaca məşhurdur və oxunaqlılıqda nə Heminqueyin “Əcəl zəngi”ndən, nə də “Hərb və sülh”dən geri qalmır.

Hər kəs onları ciddi bədii ədəbiyyat nümunəsi sayır, hər gün minlərlə adam məhz satirik janrda yazılmış əsərlərdən misal gətirir.

Söz yox, “İks günü”ndə publisistikaya tuş gələn məqamlar, real həyatda prototipi olan personajlar var, amma mən orada çoxlu ümumiləşdirilmiş obrazlar da yaratmışam və onların fərqli situasiyalardakı yaşantılarını qələmə almışam.

Klassik yazıçılarımız öz dövrlərinin acı, sarkastik reallıqlarına bədii-publisistik qələmlə yanaşdıqları kimi, mən də müasir dövrün reallıqlarına münasibətdə onların yolu ilə getməyə çalışmışam.

Özümü Mirzə Cəlil məktəbinin şagirdi sayıram və hesab edirəm ki, necə şagird olduğumu artıq felyetonlarımla təsdiq eləmişəm”.

Xalid Kazımlının fikrincə, hər bir müəllif və hər bir yazı tənqid oluna bilər, ancaq əsəri yarımçıq oxuyaraq rəy bildirmək və bir epizoda görə bütöv bir romanın kənara atılmasını tövsiyə etmək obyektiv münsifə yaraşmaz:

“Rəşad deyir, Şahbazın «Yad dildə»ni və «X günü»nü ədəbi hadisə adlandırmasına hər hansı bir ciddi ədəbiyyat adamı yalnız istehzalı təbəssümlə cavab verə bilər.

Bu da yanlış fikirdir. Sözü gedən romanların bənzəri son 100 ildə, nə çar Rusiyası vaxtı, nə də sovet dövründə yazılmayıb.

Senzorlar qoymayıb – bir, yazmaq istəyənləri repressiya ediblər - iki.

Bu cür əsərlər indi-indi, ölkədə rəsmi senzuranın olmadığı bir vaxtda, ölkədə avtoritarizmlə demokratik prinsiplər arasında çarpışma getdiyi bir vaxt yazıla bilər və yazılır.

Bu cür romanları yazmaq üçün müəllifdə təkcə bacarıq və istedad yox, həm də cəsarət olmalıdır.

Şükürlər olsun ki, yüksək dəbi zövqü olan dəyərli qələm adamları adı çəkilən kitabları oxuyur və müsbət rəylər bildirirlər”.

Qafqazinfo

Həmçinin oxu
Xalid Kazımlı "X günü" (Romandan parça)

Rəşad Məcid: “Şahbaz bəy çap etdiyi muəlliflərə öz “oyuncaqları” kimi baxır”
Şahbaz Xuduoğlu: "Rəşad Məcid qərəzlidir"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG