Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:32

“Şahbaz bəy çap etdiyi muəlliflərə öz “oyuncaqları” kimi baxır”


Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Qafqazinfo” ya müsahibəsi


- Azadlıq Radiosunun «Pen klub» verilişindəki çıxışınızdan sonra «Qanun» nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu müsahibə verərək sizi qərəzli olmaqda suçlayıb.

- Həm də təkcə qərəzlilikdə yox. Mən bilmirəm jurnalistin telefon zəngi Şahbaz bəyi hansı namunasib şəraitdə yaxalayıb və o niyə belə əsəbi danışıb.

Ancaq Şahbaz bəyin leksikonu məni yaman təəccübləndirdi.

Şahbaz bəyi tanıyandan bəri onun belə emosional, çılğın çıxışlarının çox şahidi olmuşam.

Amma indi nə 1999-cu, nə də 2001-ci ildi. Təəssüf edirəm ki, aradan keçən zaman Şahbaz bəyin davranışlarında təmkinin çəkisini artıra bilməyib.

- Şahbaz Xuduoğlu həm də sizi «Ən yeni ədəbiyyat» seriyasından buraxılan kitablara qarşı kampaniya aparmaqda suçlayır.

- Yenə deyirəm, Şahbaz bəyin hansı şəraitdə jurnalistin suallarına cavab verməyi mənim üçün aydın deyil.

Amma bu böyük səhv və yanlış nəticədir ki, guya mən «Ən yeni ədəbiyyat» seriyasından çıxan kitablara qarşı kampaniya aparıram.

Mən jurnalistlərin konkret suallarına cavab verərkən müəyyən əsərlər barədə fikrimi bildirmişəm və bu fikirlərimdə də qalıram.

Burda hansısa qərəz axtarmaq gülüncdür.

- Konkret olaraq Pərvizin «Yad dildə» romanı barədə sizin fikirləriniz MKM-in münsifi kimi bu əsərə qarşı kampaniya kimi başa düşülüb.

- Pərvizin əsəri barədə ilk dəfə Günel Mövludla səhər yeməyi zamanı baş tutan söhbətimizdə onu suallarına cavab olaraq fikir bildirmişəm.

Və bu diktofonsuz söhbət zamanı da fikirlərimdən hansılarının Günelin «senzurasından» keçəcəyini də bilmirdim, biz sadəcə, söhbət etmişdik.

Həmin söhbət zamanı mən «Yad dildə» əsərini heç yarısınacan oxuya bilmədiyimi söyləmişdim.

Və Günel də mənimlə razılaşaraq özünün də bu əsəri oxuya bilmədiyini söyləmişdi.

Söhbət yayımlanandan sonra bir sıra qəzetlərdə mənim MKM-in münsiflər heyətinin üzvü kimi digər münsiflərə təsir etməyim, ekspertləri yönləndirməyim barədə gülməli iddialar səsləndi.

Amma mən Şərif Ağayarın kitabının təqdimatında Pərvizlə rastlaşarkən ona öz mövqeyimi bir daha bildirdim.

Maraqlısı o oldu ki, Günel də gəlib söhbətin üstünə çıxdı və dediklərimi təsdiqlədi.

Onda mən qəribə bir reaksiyanın şahidi oldum. Pərviz dedi: «Düşmən ocaq başında imiş».

Mən təəccübümdən quruyub qalmışdım.

Əgər öz zövqünə inandığı, estetik və siyasi baxışları eyni olan, bir cəbhədə guya ənənəvi ədəbiyyata qarşı mübarizə apardıqları istedadlı qələm yoldaşının səmimi fikirlərini də bu adam düşmən fikri kimi qələmə verirsə, onda, əlbəttə ki, heç bir tənqidə dözümlü yanaşası deyil.

Mən «Yad dildə»yə qarşı kampaniya aparmıram, əksinə, Pərvizin dəstəkçiləri mənə qarşı təzyiq göstərirlər.

Şahbaz Xuduoğlu
Mən yenə deyirəm və öz fikrimdə qalıram ki, əgər o əsər onluğa düşsə, MKM-in münsiflərinin əksəriyyəti, məhz elə mənim kimi, həmin kitabı yarsından o yana oxuya bilməyəcəklər.

- Nəyə görə?

- Şahbaz bəy mənim müsahibəmi diqqətlə oxumadığına görə dil məsələsini qabardır və hətta Pərvizi dünya ədəbiyyatının məşhur yazıçıları ilə müqayisə etməkdən də çəkinmir.

Və «əsərin dilini bəyənməyənlərin Azərbaycan türkcəsini bilmədikləri» kimi cəfəng bir iddia da irəli sürür. Söhbət əsərin dilindən getmir.

Mən orada bildirmişəm ki, əsərdə arxasında heç bir sistem olmayan xaotiklik var.

Yəni, qarmaqarışıq süjet xətti, təhkiyənin darıxdırıcılığı və sairə cəhətlər imkan vermir ki, oxucu əsəri sonadək oxuya bilsin.

Bunun səbəbini isə müəllif hər halda özündə axtarmalı, öz yaradıcılığında hansı məqamların çatışmadığı barədə dərindən düşünməlidir.

Buna da məhz səmimi tənqidləri qəbul etmək və bu barədə ciddi düşünməklə nail olmaq mümkündür.

Nəinki bu cür kampaniyalara girişib, əsərinin dəyərli olduğunu hay-həşirlə, vay-şivənlə kiməsə sübut etməyə çalışmaqla.

- Axı siz Şahbaz bəyin misal gətirdiyi, daha sadə dili olan «X günü» əsəri barədə də kəskin tənqid söyləmisiniz.

- Bəli, mən «Azadlıq» radiosunun «Pen klub» verlişində olarkən yenicə oxuyub bitirdiyim «X günü» romanı barədə də fikirlərimi demişəm və indi də həmin fikirdəyəm ki, asan dili olmasına baxmayaraq, bu, bədii ədəbiyyat nümunəsi deyil.

- Bu əsərlər ikisi də MKM-ə təqdim olunub. Belə çıxmırmı ki, siz məhz MKM-ə təqdim olunan əsərləri qəsdən tənqid edirsiniz?

- Qətiyyən. Şahbaz bəy səmimi olsaydı və özünün çap elədiyi bütün müəlliflərin təəssübünü çəksəydi, görərdi ki, mənim orada təriflədiyim müəlliflərin əksəriyyətinin əsərlərini elə o çap edib.

Mən MKM-in mükafatları barədə danışarkən keçən il ən böyük ədalətsizliyin İlqar Fəhmiyə qarşı edildiyini bildirmişəm.

Və söyləmişəm ki, əgər bu əsər onluğa düşsəydi, müsabiqənin qalibi ola bilərdi. İlqar Fəhminin «Bakı taririxindən kollaj» əsərini də «Qanun» nəşriyyatı çap edib.

Amma nədənsə Şahbaz bəy bunu görməzliyə vurur. Mən orada yenə Şahbazın çap elədiyi müəlliflərdən «Ən yeni ədəbiyyat»çıları - Günel Mövlud, Seymur Baycan və digərlərinin də istedadlı olduqlarını söyləmişəm.

Əgər mən qərəzli olsaydım, ümumiyyətlə, bu seriyadan çap olunan kitabların və müəliflərin hamısını qaralayardım.

- Bəs sizcə Şahbaz bəyin bu cür qəzəblənməsinə səbəb nədir?

Pərviz Cəbrayıl
- Şahbaz deyir ki, guya mən qəsdən bu əsərlərə qarşı kampaniya aparıram və «torbada pişik var» söyləyir.

Amma narahat olmasın, nəinki pişik, heç torbanın özü də yoxdur.

Və mən o müsahibədə bildirdiyim kimi, bir çoxlarının ağlına gəlməyəcək dərəcədə ədalətliyəm, münsif kimi də ən yaxşı əsərə obyektiv qiymət vermək gücündəyəm.

Amma bu əsəbin arxasında mənə bir şey aydın göründü ki, Şahbaz Xuduoğlu MKM-ə münsif olmaqla məhz öz seçdiyi kitabı, konkret halda, Pərvizin «Yad dildə» romanını qalib etmək istəyir.

Torba da, içindəki pişik də, bax, bu zaman ortaya çıxır. Yadımdadır ki, keçən il mən Milli Kitab Mükafatının münsiflər heyətinə qoşularkən bu ideyanı alqışladım və Nigar xanımın bu təşəbbüsünü dəstəkləməyi özümə həm də bir vəzifə və vicdan borcu bildim.

Bir sıra rayonlarda, paytaxtın özündə müxtəlif görüşlərdə ədəbiyyatımızn təbliğinə xidmət edəcək bu ideyanın saf məqsədlərini izah etməyə çalışdım.

Mən həqiqətən görürdüm ki, Nigar Köçərli xoş niyyətlə azərbaycandilli ədəbiyyatın kitab mağazalarında artması, insanlarımızda mütaliə vərdişinin güclənməsi arzusundadır və bu saf niyyətə səmimi qəlbdən dəstək verməyi özümə borc bildim.

Daha sonra isə hətta Nigar xanım haqqında «Özgə planetdən gələn» adlı esse də yazdım.

Bu esse məhz keçirdiyi müsabiqəyə və cəmiyyətdə kitaba diqqətin artması yönündəki işlərinə görə ona bir minnətdarlıq jesti idi.

Mən müxtəlif vaxtlarda öz çıxışlarımda Şahbaz bəyin də gənc yazarların «Ən yeni ədəbiyyat» adıyla kitablarını nəşr etməsini gözəl bir ideya kimi qiymətləndirmiş, bunun kitaba marağın artırılmasına xidmət etdiyini söyləmişəm.

Amma burada açıq-aşkar hiss edirəm ki, Nigar Köçərlidən fərqli olaraq, Şahbaz Xuduoğlunun niyyətlərinin arxasında heç də obyektiv olmaq məqsədi dayanmır.

Bəzən Şahbaz ifrata vararaq özünü bütün ədəbiyyatın təəssübkeşi, ən yeni ədəbiyyatın banisi və hamisi, hətta Azərbaycan ədəbiyyatına hər ay yeni bir ədəbi hadisə bəxş edə bilən naşir kimi görür.

Onun «Yad dildə»ni və «X günü»nü ədəbi hadisə adlandırmasına hər hansı bir ciddi ədəbiyyat adamı yalnız başını bulamaqla istehzalı təbəssümlə cavab verə bilər.

- Sizin Qaraqanın ötən il MKM-də qalib olmasında rolunuzun olduğunu söyləyirlər. Ola bilsin ki, Şahbaz da «Yad dildə»ni qalib etmək istəyir?

- Əvvəla, mən Qaraqanın qalib olması barədə dəfələrlə fikrimi bildirmişəm və özümün ötən il onluğa verdiyim qiymətləri də açıqlamışam.

Qaraqan özü qalib olub. Fərqli jüri, müxtəlif estetik baxışlara malik tanınmış insanlar məhz Qaraqanı birinci yerə layiq biliblər.

Mən də indi jürinin baxışlarını, ədəbi zövqünü təxmini hiss etdiyimdən demişəm ki, «Yad dildə»nin orada qalib gəlməsi mümkün deyil.

Ona görə də Şahbaz bəy havayı əziyyət çəkməsin. Hansı əsər həqiqətən dəyərlidirsə, mütləq öz haqqını qazanacaq.

- Şahbaz bəy MKM-in jüri üzvü olandan sonra «ən yeni ədəbiyyatçılar» arasında da bir mübahisə yarandı. Bir qism AYO üzvü MKM-də iştirakdan imtina etsə də, bəziləri müsabiqəyə qatıldı.

- Ola bilsin ki, Şahbaz bəyin müsabiqəyə qatılan «ən yeni ədəbiyatçılar» qarşısında hansısa öhdəliyi var, bunu deyə bilmərəm.

Amma mən bir hadisənin şahidi oldum ki, Şahbaz bəyin bu çılğın fikirlərindən sonra, məncə, bunu xatırlatmaq lazımdı:

Bir neçə ay əvvəl MKM-ə yeni jürilər, o cümlədən Şahbaz Xuduoğlu əlavə olunduqdan sonra «Azadlıq» radiosunda yenə belə bir söhbət keçirilirdi.

Bu söhbətə mən də qatılmışdım. Orada Həmid Herisçinin və digər AYO-çuların MKM-ə jüri olmaq istəkləri ilə bağlı da fikrimi bildirdim ki, mən münsiflər heyətindəki yerimi məmnuniyyətlə Həmid Herisçiyə və yaxud digər AYO üzvünə verməyə hazıram.

Bu şərtlə ki, onlar bu müsabiqəyə qatılsınlar və müsabiqənin əhatəliliyinə xələl gətirməsinlər.

Elə bu zaman söhbətə Lənkəranda yaşayan istedadlı yazar Cavidan xanım telefonla qoşuldu və bildirdi ki, keçən il o, Milli Kitab Mükafatına qoşulmaq istəyirmiş.

Jüri üzvləri arasında Vaqif Səmədoğlu və digər tanınmış şəxslər olduğuna görə Cavidan xanım arzu edirmiş ki, müsabiqəyə qatılsın və onun əsərlərinə bu tanınmış yazıçıların münasibətini öyrənmək şansı olsun.

Ancaq Şahbaz bəy buna qəti etirazını bildirib.

Kitabı «Qanun» nəşriyyatı çap etdirdiyinə görə Cavidan xanımın qarşısında qəti şərt qoyub və bildirib ki, əgər MKM-ə əsər təqdim etsə, bir daha onun kitabını nəşr eləməyəcək.

Bu məni çox heyrətləndirdi, təəccübdən donub qaldım. Sonrakı hadisələr zamanı da mən görmüşəm ki, Şahbaz bəy kitabını çap etdiyi muəlliflərə öz «oyuncaqları» kimi baxır.

Əgər məhz kitabını çap elədiyinə görə müəllifin hansısa bir müsabiqədə iştirakını qadağan edirsə, onda hansı haqla Şahbaz bəy və onun ətrafındakı ədəbiyyatçılar Azərbaycan Yazıçılar Birliyindəki diktatdan, üzvlərə qarşı hər hansı təzyiqdən söhbət aça bilərlər?

AYB-nin rəhbərliyi heç vaxt özünə rəva görməz ki, hansısa üzvünün müsabiqədə iştirakına mane olsun və onun boynuna nəyinsə minnətini yükləsin.

Və bu il də, tam tərsinə, MKM-ə qatılmayan «ən yeni ədəbiyyat»çıların kitabını çap etməkdən boyun qaçırması da Şahbazın «səmimiyyət»inin göstəricisidir.

- Sizcə, münsiflər arasındakı bu cür ittihamlar MKM-in obyektivliyinə xələl gətirməyəcək ki?

- Hesab edirəm ki, MKM çox ciddi və lazımlı bi layihədi və keçən il də mən bu layihəyə mümkün olan bütün köməklikləri etmişəm.

Bu il isə kənarda dayanaraq müşahidə edirəm və inanıram ki, münsiflər arasında hansısa fərqli niyyət güdənlərin, hansısa ittihamçıların olmasına baxmayaraq, MKM yenə öz obyektivliyində qalacaq və ədəbiyyatımızdakı proseslərə təkan verən bir mükafat kimi yaşayacaq.

- Başqa sözünüz?

- İlk növbədə, Şahbaz bəyə təmkin arzulayıram. Həm də burada onu sevindirəcək bir xəbər vermək istəyirəm.

Mən ötən gün axşam gənc yazar Mirmehdi Ağaoğlunun «Qanun» nəşriyyatında çap olunan «Görüş» romanını bitirdim və çox bəyəndim.

Səlis dili, rəvan təhkiyəsi var, üstəlik də, yeni struktur axtarışına cəhd və maraqlı bir mövzu.

Bu kitab da MKM-ə təqdim olunub və mən çox istərdim ki, bu xəbər Şahbaz bəyi sevindirsin.

Həmçinin oxu
Rəşad Məcid: "Məncə, Milli Kitab Müsabiqəsinin qalibi Natiq Rəsulzadə olacaq"
Şahbaz Xuduoğlu: "Rəşad Məcid qərəzlidir"
Pərviz Cəbrayılın Rəşad Məcidə cavabı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG