Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Ünvanlı sosial yardım kartları sahiblərinə nədən gec verilir?


Hər ay kartı ümidlə bankomatda yoxlayanda görürlər ki, karta cəmi 20-30 manat civarında vəsait köçürülüb

Hər ay kartı ümidlə bankomatda yoxlayanda görürlər ki, karta cəmi 20-30 manat civarında vəsait köçürülüb

«Mən başa düşmürəm, dövlət bunu yetim-yesir üçün ayırıbsa, nəyə görə bu yardım gəlib yetim-yesirə çatmır, məmurların cibinə gedir».

Xızı rayon sakini Malik Zeynalov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 2009-cu ildən bacısı Aypara Qafarzadənin və qardaşı Həbib Zeynalovun ailələrinə ünvanlı sosial yardım təyin olunub. Ancaq onlar bu günə kimi sosial yardımlarını tam ala bilməyiblər. Malik Zeynalovun deməsinə görə, ilk 6 ayda ünvanlı sosial yardım kartı onlara verilməyib və pulları Xızı rayon Sosial Müdafiə Mərkəzinin rəhbərliyi mənimsəyib. 6 aydan sonra kart sahiblərinə verilib. Ancaq indi də karta əməlli-başlı pul köçürülmür. Hər ay kartı ümidlə bankomatda yoxlayanda görürlər ki, karta cəmi 20-30 manat civarında vəsait köçürülüb.

Malik Zeynalov:

«6 AYIN PULLARINI YEMİSİZ, HEÇ OLMASA YERDƏ QALANINI VERİN»


- 2009-cu ilin avqust ayında Xızı rayon Sosial Müdafiə Mərkəzinə müraciət eləmişik, qardaşımla bacıma ayrı-ayrılıqda hərəsinə 120 manat sosial yardım təyin edilib. 2009-cu ilin sentyabr ayından kartlarına pul yüklənsə də, biz o pulun üzünü görməmişik. Çünki kart özlərinə verilməyib, Sosial Müdafiə Mərkəzinin rəhbərliyi kartı özlərində saxlayıblar və pulları kartdan özləri çıxarıblar. Deyirəm indiyə kimi 5-6 ayın pullarını yemisiniz, heç olmasa indi yerdə qalanını verin. Axı bunlar da kasıb adamlardır, xəstə, yetim saxlayırlar. Hər ay karta vur-tut 20-30 manat pul vurulur, deyirlər vəsait çatışmazlığı var. Necə olur ki, kartı 6 ay özlərində saxlayanda vəsait çatışmazlığı olmurdu. Kart onlarda olanda, pul nə vaxt yüklənib, nə qədər yüklənib, nə vaxt çıxarılıb, hamısını yoxlatdırmışam. Elə ay olub ki, iki aylığı birdən vurublar, məsələn 240 manat, qalan ayları da necə var, pulları tam yükləyib özləri üçün çıxarıblar. Ancaq kartları sahiblərinə qaytarandan sonra ortalığa guya vəsait çatışmazlığı çıxıb.

«DEYİRLƏR GƏLİN YENƏ YARDIM TƏYİN EDƏK, 6 AYI BİZİM OLSUN»

- İndi kart sizdədir?

- Bacımın kartı məndədir, qardaşımın kartı özündədir, indi də deyirlər sosial yardımın vaxtı qurtardı, gedin təzədən sənəd yığın gətirin, sizə sosial yardım təyin edək, ancaq bir şərtlə ki, yenə 6 ayını bizə verin. Mən başa düşmürəm, dövlət bunu yetim-yesir üçün ayırıbsa, nəyə görə bu yardım gəlib yetim-yesirə çatmır, məmurların cibinə gedir. Deyirlər get kimə şikayət edirsən de.

Vəkil Xalid Bağırov deyir ki, ünvanlı sosial yardımların mənimsənilməsi ilə əlaqədar ona müraciət edənlər çoxdur
«SOSİAL YARDIMLARIN MƏNİMSƏNİLMƏSİ RÜŞVƏTİN YENİ FORMASIDIR»

Xızı rayon Sosial Müdafiə Mərkəzinin mühasibi Ramin Hüseynov karta az pul köçürülməsini vəsait çatışmazlığı ilə əlaqələndirir:

- Respublikada vəsait çatışmazlığı olduğuna görə onların pulu hissə-hissə ödənilib. Mən mühasibəm, mənə nə qədər pul gəlirsə, tutaq kimi yüz nəfər yardım alan varsa, gələn pul yüz nəfərin arasında bölünür. Onların pullarının götürülməyi boş söhbətdir. Tutaq ki, 100 manatdırsa, onun 30 manatını alıbsa, 70 manat qalığı qalıb. Fevral ayında vəsait olacaq, o 70 manatı da alacaq. Onun qardaşı pullarını alıb qurtarıb, vaxtı bitib, təzədən sənədlərini düzəldib verməlidir. Bacısının isə qalıq qalıb, bu ay alacaq.

- Deməsinə görə, heç biri almayıb.

- Onun deməyi ilə deyil ki.

- İlk 6 ayda kartların sizdə qalması ilə bağlı nə deyə bilərsiniz?

- Yenə deyirəm, mən mühasibəm, belə bir hal yoxdur.

Vəkil Xalid Bağırov deyir ki, ünvanlı sosial yardımların sosial müdafiə mərkəzlərinin işçiləri tərəfindən mənimsənilməsi ilə bağlı vəkil kimi ona müraciət edənlər çoxdur:

- Çox vaxt vətəndaşlar şikayət edirlər ki, onlara ünvanlı sosial yardım təyin olunduqdan sonra ünvanlı sosial yardım alınması barədə kartı yardımı təyin edən orqanlar özlərində saxlayırlar. Bir neçə ayın məbləğini özlərinə götürürlər. Sonra vətəndaşlara qaytarırdılar. Qalan müddətin məbləğini də vətəndaşlar özləri alır. Təbii ki, burda korrupsiya elementi var, bu əməl sırf korrupsiya xarakterli bir əməldir, rüşvətin yeni bir formasıdır. Bu baxımdan da həmişə mənə müraciət edən şəxslərə məsləhət görürəm ki, cinayət araşdırması üçün birbaşa müvafiq orqanlara müraciət etsinlər. Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi, rayon prokurorluqları, Milli Təhlükəsizlik Nazirliyində iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsi bu cinayətləri araşdırırlar. Bu orqanlara konkret müraciət edib bu cinayət əməli barədə məlumat versinlər.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG